Qaliblər fəxri fərman alıblar


Zəngilan rayonunun ümumtəhsil məktəblərində ötən ay fizika fənn aylığı kimi yadda qalıb. Rayonun digər təhsil ocaqlarında olduğu kimi 11 nömrəli tam orta məktəbdə də aylıq çərçivəsində silsilə tədbirlər keçirilib. Aylığa “Fizika gecəsi” ilə yekun vurulub. Gecəni məktəbin fizika müəllimi, “Tərəqqi” medallı müəllim, bir çox müsabiqələr qalibi Diləfruz Baxşaliyeva təşkil edib. Tədbirdə Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi N.Muxtarov, rayonun  Sumqayıt şəhərində məskunlaşmış məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

 

Gecəni məktəbin direktoru S.Cabbarov açaraq tədbirin şagirdlərin fizika fənninə marağını daha da artıracağına əminliyini söyləyib.  

 

Gecədə fizikaya aid səhnəciklər, təcrübələr, tamaşalar əsas yer tutsa da, o həm də yarış xarakteri daşıyıb. Belə ki, şagirdlər iki komanda (“Zəngilan” və “Çinar”) olmaqla yarışda iştirak ediblər. Komandalara ilk ballar hazırladıqları fizika bülleteni və təqdimatlarına görə verilib.

 

“Fizika həyatımızda” adlı videoçarxın nümayişindən sonra şagirdlərin ifasında “Fizika hər kəsə lazımdır” məzəli sənhəcik göstərilib, fizika haqqında şeirlər səsləndirilib. Şagirdlər Arximedin gizlətdiyi “xəzinə”nin axtarışına çıxıblar. Bu rubrikada fizikadan suallar səslənib. Cavabların baş həriflərindən düazələn söz, xəzinənini gizləndiyi yerin parolu olub və bu parolla “xəzinə” tapılıb. Sonra məktəblilər “Fizika tamacalarda”, “Fizika təcrübələrdə” səhnəciklərində səslənən suallara cavab axtarıblar. Televiziyada yayımlanan “Əlaçı” verilişi onların  “qonağı” olub. Bu rubrikada  “Əlaşı” proqramına oxşar maraqlı səhnəcik nümayiş etdirilib. Burada səslənən suallara komandalar cavab veriblər. Sonda komandaların kapitanları yarışıb. Yekun ballar hesablanıb. “Zəngilan” komandası qalib olub.

 

Məktəbin direktoru S.Cabbarov tədbirin təşkilatçısı D.Baxşəliyeva və şagirdlərə belə maraqlı təqdimatlarına görə minnətdarlığını bildirib. Qalib komandanın üzvləri fəxri fərmanlarla mükafatlandırılıb.