Yaradıcı təfəkkürü inkişaf etdirə bilən metodlara üstünlük verilməlidir


Müasir dövrdə ölkəmizdə  yaradıcı təfəkkürlü şagirdlərin tədqiqatçılıq qabiliyyətinin dəyərləndirilməsi və inkişaf etdirilməsinə zamanın tələbi kimi baxılır. Məhz  bunun nəticəsidir ki, orta ümumtəhsil məktəblərində yaradıcı təfəkkürlü, tədqiqatçılıq bacarığı ilə seçilən yeniyetmə və gənclərlə məqsədyönlü işlər aparılır. Bu baxımdan  yaradıcı təfəkkürlü şagirdləri tədqiqatçılıq işlərinə cəlb etmək sahəsində qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin gördükləri işlər, topladıqları təcrübə diqqəti cəlb edir. Belə şagirdlərin elmə müstəqil yiyələnə bilmək imkanlarını, bacarıqlarını nəzərə alan Azərbaycan dili və ədəbiyyat müəllimləri onlarda Azərbaycan dilinə, ədəbiyyatına aid elmi anlayışları yetərincə anlamaq, müstəqil mühakimə yürütmək bacarıqlarını formalaşdırmağa çalışırlar. Onlar şagirdlərin bu gün mənimsədikləri, öyrəndiləri biliklərin möhkəm bünövrə, güclü təməl üzərində qurulması üçün ən önəmli metod və üsullardan yararlanırlar.

 

Azərbaycan dili və ədəbiyyat müəllimlərindən mükəmməl elmi bilik, gərəkli, dəyərli məsləhətlər alan yaradıcı təfəkkürlü şagirdlər gələcəkdə yüksək istedadlı, dərin bilikli alim, mənəviyyatca zəngin şəxsiyyətlər kimi yetişirlər.

 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sistemində fəal, interaktiv təlim metodlarının tətbiqi məsələsinə xüsusi diqqət yetirilmişdir. Strategiyada təhsilin inkişafında mühüm uğurlar qazanmış ölkələrin təcrübəsi təhlil edilmiş və belə qənaətə gəlinmişdir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncənin inkişafına çalışan, yaradıcı təfəkkürlü şagirdlərin təqdiqatçılıq qabiliyyətlərinin fərdi səciyyə daşıdığını gözdən qaçırmayan, onun diqqətdən yayınmasının qarşısını alan müasir, fəal interaktiv təlim metodları daha yüksək, önəmli nəticələr verir.

 

Bununla yanaşı, adıçəkilən dövlət sənədində əksər müəllimlərin digər fənlər kimi, Azərbaycan dili və ədəbiyyatın da tədrisində tətbiq etdikləri metodların müsair tələblərdən geri qaldığı qeyd olunur və bu geriliyin aradan qaldırılması, yeni təlim metodlarının dərslərdə fəal tətbiqinin zəruriliyi vurğulanıb.

 

Yaradıcı təfəkkürlü şagirdlərin potensial imkanlarının reallaşması, onlardakı tədqiqatçılıq qabiliyyətinin üzə çıxması, vərdişə çevrilməsi üçün ilk növbədə fənn müəllimlərinin yetərincə pedaqoji ustalığı olmalıdır. Araşdırmalar, tədris prosesindən canlı müşahidələr, məktəb təcrübəsinin öyrənilməsi göstərir ki, fəal, interaktiv təlim probleminin mahiyyətindən və üstünlüklərindən xəbərsiz olan Azərbaycan dili və ədəbiyyat müəllimləri yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti ilə seçilən şagirdlərlə normal pedaqoji ünsiyyətə girməkdə çətinlik çəkirlər. Bu elmi-pedaqoji keyfiyyətin daşıyıcısı olmaq üçün Azərbaycan dili və ədəbiyyat müəllimləri böyük zəhmət sərf etməli, ardıcıl yaradıcılıq axtarışları aparmalı, zəngin biliyə və metodik hazırlığa yiyələnməlidirlər. Bu məqsədlə hər bir müəllim elmi-metodik ədəbiyyatı dərindən öyrənməli, qabaqcıl iş təcrübəsi nümunələrinə həssaslıqla yanaşmalı, fəal/interaktiv təlim barədə yanlış təsəvvürdən uzaq olmaq üçün əhəmiyyətli, dəyərli, elmi-metodik səciyyəli, pedaqoji tələblərə cavab verən dərs vəsaitlərindən, məqalələrdən, tədris-metodik işlərdən bəhrələnməlidir. İndi bəzən məktəb təcrübəsində sınaqdan çıxmayan, səmərəsini göstərməyən uğursuz dərslərin mətbuatda, internetdə interaktiv təlim nümunəsi kimi təqdim olunması, ədəbiyyat fənni üçün səciyyəvi sayılmayan interaktiv təlim nümunəsi adlandırılması kimi hallara da rast gəlirik. Yaradıcı müəllim əsl innovativ metod və yanaşmaları belə üzdəniraq “metodlardan”, təcrübədən fərqləndirməyi bacarmalıdır.

 

Bu baxımdan pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Bilal Həsənli ədəbiyyat dərslərində fəal, interaktiv metodlardan yaradıcı istifadə imkanları ilə bağlı məqaləsində ədəbiyyat müəllimlərinin yeni təlim texnologiyalarından (fəal/interaktiv təlim metodlarının tətbiqi, informasiya-kommunikasiya vasitələrindən istifadə və s.) dərsdə istifadə edərkən metodik baxımdan ciddi qüsurlara yol vermələrini tənqid etməkdə haqlıdır. Düzdür, əksər müəllimlər dərsdə tədqiqat xarakteri daşıyan problemli tapşırıqlar müəyyənləşdirir, yaradılan qrupların bu tapşırıqlar üzrə işini təşkil edir. Bunları müsbət dəyərləndirmək olar. Ancaq bəzən fəal dərsin mərhələlərinin, eləcə də qruplara verilən tapşırıq üzərində işin təşkilində ciddi nöqsanlara yol verilir. Belə ki, tapşırıqlar yerinə yetiriləndən sonra geniş müzakirələr, informasiya mübadiləsi səmərəli aparılmır. Qrupların liderləri yox, müəllim özü qrupların cavablarını  oxuyur,  şərh edir, qiymətləndirir ki, bu da  düzgün deyil. Məsələyə belə səhv yanaşma şagirdin təlim prosesinin bərabərhüquqlu iştirakçısı olmasının, onun dərsin bütün mərhələlərində idraki fəallığının təmin edilməsinin qarşısını alır. 

 

İnteraktiv metodların tətbiq edildiyi bir sıra dərslərdə də müəyyən nöqsanlara rast gəlirik. Belə ki, bəzən elə dərslər olur ki, mövzu ilə əlaqəsi olub-olmadığı nəzərə alınmayaraq hər şeydən danışılır, “əllərin fəallığı” gözə çarpır. Bədii əsərin mətni, obrazlı sözlər üzərində aparılacaq işlər, əsərin ideyası, yazıçının niyyətinin müəyyənləşdirilməsi, aydınlaşdırılması yönümündə ediləcək elmi söhbətlər, şagirdlərin idrakını fəallaşdıran, onları düşündürən sual-cavabların təşkili unudulur. Dərsin, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından Azərbaycan dili və ədəbiyyatı fənlərinin təkmilləşdirilməsi məqsədilə şagirdlərin yaradıcı təfəkkürünü üzə çıxarmaqda əhəmiyyətli işlər görmək əvəzinə dərsə hazırlıq mərhələsində şagirdlərlə teatr tamaşalarına hazırlıq məşqinə oxşayan, onu xatırladan işlərə yer verilir. Bunlar isə şagirdlərin tədqiqatçılıq qabiliyyətinin, bacarığının inkişaf etdirilməsinə kömək etmək əvəzinə maneçilik törədir. 

 

“Bir sıra hallarda fəal, interaktiv  metodlardan yararlanma ancaq “açıq dərs”lərə hazırlıq zamanı yada düşür. Müəllim yeni təlim texnologiyalarını sistemli, ardıcıl, məqsədyönlü tətbiq etmək əvəzinə, “açıq dərs”də şagirdlərlə bir ay ərzində gərgin məşqlərin nəticəsi olan nailiyyətlərini nümayiş etdirməklə  kifayətlənir. Halbuki qabaqcıl müəllimlərin təcrübəsi göstərir ki, yeni təlim texnologiyalarından bütün ədəbiyyat dərslərində - sənətkarın həyat və yaradıcılığının, ədəbiyyat nəzəriyyəsi və tarixi materiallarının, ayrı-ayrı bədii əsərlərin öyrədilməsi, ifadəli oxu, inşa yazı və esseyə hazırlıq dərslərində məqsədyönlü istifadə etmək mümkündür. Bu baxımdan hər bir ədəbiyyat dərsi üçün mövzuya uyğun təlim metodları seçərkən diqqətli  olmaq, metodik ədəbiyyata yaradıcılıqla yanaşmaq lazım gəlir.

 

Tədqiqatçılıq qabiliyyəti olan şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirməkdə bədii ədəbiyyatın zəngin,  dəyərli və inandırıcı qaynaq olması şübhə  doğurmayan həqiqətdir.

 

Ədəbiyyatı tədris edən müəllimlər ümumxalq hörmətini qazanmış yazıçıların sağlam düşüncələrinin xalqın  inkişafında böyük rol oynadığını şagirdlərin diqqətinə çatdırmağa, onların sağlam ruhda formalaşmalarına çalışmağı özlərinin mənəvi borcu saymalıdırlar. Onlar istedadlı yazıçıların öncə müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcıları kimi tanınan humanist şəxsiyyətlər olduğunu şagirdlərə öyrətməlidirlər. Bu, ədəbiyyat müəllimlərindən yüksək bilik, yaradıcı təfəkkür, mənəvi zənginlik, müasir tələblərə yetərincə cavab verən nitq mədəniyyətinə, natiqliq sənətinə yiyələnmək tələb edir. Yalnız yaradıcı təfəkkürlü Azərbaycan dili və ədəbiyyat müəllimləri tədqiqatçılıq qabiliyyətləri olan şagirdləri yaxşı tanımağı bacara, onların yaradıcı fantaziyalarının tərbiyəsində, elmi və bədii təfəkkürün vəhdətdə inkişafında uğur qazana bilər.

 

Məktəb müşahidələri istər fənlərin tədrisi prosesində, istərsə də sinifdənxaric oxuda müəllimlərin çox vaxt bir yönümdə iş apardıqlarını, konkret fənlərin tələblərini gözlədiklərini göstərir. Tədris prosesində təkcə bir metoddan, üsuldan yararlanmaq, bəhrələnmək özünü doğrultmadığı üçün istənilən müsbət nəticəni vermir. Ona görə də müəllim mövzuya, sinfin şəviyyəsinə uyğun metodlar seçilməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman təbii ki, şagirdlərin yaradıcı təfəkkürünü, tədqiqatçılıq qabiliyyətini inkişaf etdirə bilən metodlara üstünlük verilməlidir.

 

Elnarə ASLANOVA,

Bakı şəhəri 42 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi