Neftçala rayonunda son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində modul tipli 5 məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Prezidentin sərəncamı ilə bu il rayonda modul tipli daha 7 məktəb binasının quraşdırılması nəzərdə tutulub.

 

Məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərəsi  kəndlərində quraşdırılır. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Binalar üçün kəndlərdə münasib yerlər ayrılıb və tikinti işləri aparılır. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə məktəb binaları şagirdlərin istifadəsinə veriləcək. Qalan 5 binada isə tikinti-quraşdırma işləri davam etdirilir.

 

Biləsuvar rayonu Muğan kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik modul tipli binanın inşası başa çatıb.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Hazırda binanın fasadı rənglənir, ərazidə abadlıq işləri görülür.

 

On bir sinif, bir müəllimlər və digər yardımçı otaqlardan ibarət olan bina fevralın ilk günlərində şagirdlərin istifadəsinə veriləcək.

 

Bir əsrlik tarixi olan Nizami Gəncəvi adına 1 nömrəli şəhər tam orta məktəbi üçün də yeni binanın tikintisinə başlanılıb. Bina ölkə başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunur.

 

Məktəbin direktoru Xanımgül  Abıyeva  bildirir  ki, inşa edilən 1176 yerlik təhsil ocağında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, 218 yerlik yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

 

Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.

 

Qax rayonunun Əlibəyli kəndində tam orta məktəb üçün 216 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.

 

Təhsil Nazirliyinin sifarişi ilə Tasmalı kəndində tam orta məktəb üçün inşa edilən 240 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Binanın ikinci mərtəbəsində hörgü işləri artıq yekunlaşıb.

 

Bundan əlavə, hazırda rayonun Fıstıqlı, Aşağı Malax və Çinarlı kəndlərində ümumi orta məktəblər üçün hər biri 80 şagird yerlik modul tipli binalar da quraşdırılır. Eyni zamanda rayonun daha 4 kəndində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli binalarda tikinti-quraşdırma işləri artıq başa çatıb.

 

Günay  MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi