Səfir universitetin Ukrayna dili və mədəniyyətinin təbliği sahəsində gördüyü işləri yüksək dəyərləndirib


Yanvarın 28-də Bakı Slavyan Universitetində (BSU) Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar vida tədbiri keçirilib. BSU rektoru, professor Nurlana Əliyeva Aleksandr Mişşekonun ölkəmizdəki fəaliyyəti dövründə Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm  işlər görüldüyünü vurğulayıb. O,  son illər Bakı Slavyan Universitetinin Ukraynanın tanınmış ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurmasında səfirin rolunu yüksək qiymətləndirib. BSU-da keçirilən beynəlxalq konfranslarda səfir A.Mişşenkonun fəal iştirak etdiyini deyən rektor BSU-ya göstərdiyi diqqətə görə səfirə minnətdarlığını bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb   

        

Səfir A. Mişşenko uzun illər Azərbaycanda fəaliyyət göstərməkdən məmnun olduğunu deyərək buradakı dostlarını heç vaxt unutmayacağını dilə gətirib. O, tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan - Ukrayna arasında müasir dövrdə əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni etdiyini bildirib. Səfir həmçinin Bakı Slavyan Universitetinin Ukrayna dilinin tədrisi, bu ölkənin mədəniyyətinin Azərbaycanda təbliği sahəsində gördüyü işləri yüksək dəyərləndirib. BSU-dakı Ukrayna tədris-mədəniyyət mərkəzinin uğurlu inkişafına görə  universitet rəhbərliyinə təşəkkürünü bildirib.