Məktəbdə dərsin keyfiyyəti, təlim-tərbiyə prosesi ilə yanaşı, valideynləri narahat edən ən önəmli məsələ övladlarının sağlamlığıdır. Araşdırmalara görə, məhz hərəkət məhdudluğu səbəbindən yaranan onurğa əyriliyi problemi məktəblilər arasında ən çox aşkar edilən xəstəliklər sırasındadır. 2014-cü ildən ölkəmizin ümumi təhsil müəssisələrində tətbiq olunan “Sağlam təhsil-sağlam millət”  layihəsi məhz məktəbyaşlı uşaqların təhsili, maarifləndirilməsi ilə yanaşı, sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib. Hazırda ümumilikdə 39 məktəbdə 182, 2018-ci tədris ilindən isə 15 məktəbdə 21 “Sağlam təhsil”  məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Layihənin məqsədi şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğunun aradan qaldırılması, məktəbyaşlı uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasını təmin etməkdir. Övladları sözügedən layihə çərçivəsində təhsil alan valideynlər də “Sağlam təhsil” sinfinin üstünlükləri, uşaqlarda müşahidə etdikləri müsbət dəyişikliklər barədə təəssüratlarını bölüşüblər.  

 

Oğlumun təkidi ilə evdə turnik quraşdırmışam

 

 İlk müsahibimiz Çingiz Həsənov da təhsil sahəsində çalışır. Ailədə üç uşaq böyüyür. Hazırda 322 nömrəli orta məktəbin 2A “Sağlam təhsil” sinfində oxuyan evin sonbeşiyi Əlidir. Çingiz Həsənov övladlarının dərs hazırlığına xüsusi diqqət ayırdığını deyir: “Hər axşam mütləq uşaqların ev tapşırıqlarını yoxlayıram. Məktəbdə günlərinin necə keçdiyi ilə maraqlanıram. Bu, bizim evin gündəlik rejimidir. Digər iki övladım ənənəvi siniflərdə təhsil alır. Ona görə onlar arasında istər təhsil göstəriciləri, istərsə də fiziki aktivlik, sağlamlıq baxımından müqayisə aparmaq mənim üçün daha asandır. Əli “Sağlam təhsil” sinfinin ilk pilləsindən artıq məntiqi, hazırcavablığı ilə məni təəccübləndirməyə başladı. Evdə də tez-tez dərs prosesindən, ibtidai sinif müəlliminin tətbiq etdiyi fəal təlim metodlarından danışır”.  

 

Həmsöhbətimiz deyir ki, hətta Əli evdə də özünü sinifdəki kimi rahat hiss etsin deyə, onun otağında  xüsusi lampa quraşdırıb: “Əli ev tapşırıqlarını hazırlayarkən özü üçün vaxtı bölür, müəyyən müddətlərdə sinifdəki kimi tavana baxaraq göz və boyun əzələ hərəkətləri etməyə başlayır. Əlbəttə, onun sağlamlığına və dərsə bu qədər maraq göstərməsi məni sevindirir. Hətta təkid etdi ki, onun üçün həyətimizdə turnik quraşdırım. Bəzən birlikdə onun etdiyi idman hərəkətlərini təkrarlayıram. Artıq bizə qonaq gələnlər də, qonşuluqdakı dostları da Əlinin “Sağlam təhsil” sinfi ilə bağlı dediklərini maraqla dinləyir, valideynlərin çoxu övladlarının məhz bu siniflərdə təhsil almasını istəyirlər. Bir valideyn kimi övladımın “Sağlam təhsil” sinfinin şagirdi olmasından, xüsusən müəllimi Aybəniz Həsənovanın şagirdlərə məsuliyyətlə yanaşmasından çox məmnunam”.

 

Onların sinif otaqlarına maraqla baxırdıq

 

 Növbəti müsahibimiz Jalə Mirzəyevanın iki övladı “Sağlam təhsil” sinfinin şagirdləridir:  “Kiçik qızım Həcər 114 nömrəli məktəbin 3c “Sağlam təhsil” sinfində oxuyur. Böyük qızım Ülkər də  ibtidai təhsil pilləsini bu layihə çərçivəsində bitirib. Hazırda 5-ci sinifdədir. Ülkər  məktəbə  getməyə başlayanda elə “Sağlam təhsil”  layihəsi yeni açıldı. Bizə bu haqda məlumat veriləndə çox sevindik. Onların sinif otaqlarına maraqla baxırdıq. İndiyədək gördüyümüz ənənəvi siniflərdən çox fərqli idi. Əfsus ki, ibtidai mərhələdən sonra bu siniflərdə layihə dayandırılır. Hətta Ülkər deyir ki, ana, biz necə öyrəşmişiksə, dərsdə  yorulanda sinif yoldaşlarımla birgə tavana baxaraq boyun və göz idmanı edirik. Bəzən qeyri-ixtiyari ayağa qalxırıq. Yəni bu uşaqlar aktiv həyat tərzinə erkən yaşlarından vərdiş etdikləri üçün onlar özləri sağlamlıqlarını qorumağı bacarırlar. Bu sinfin təhsil göstəriciləri də yüksək olur. Neçə dəfə məktəbdə siniflər arasında intellektual yarış keçirilib, onlar qalib seçiliblər. Sevinirəm ki, ikinci qızım Həcər də “Sağlam təhsil” sinfinin şagirdidir. İbtidai sinif müəllimi Pərvanə Məmmədovadır. Evdə də uşaqlar bir-birini yaxşı anlayırlar. Çox vaxt ayaqüstə dərs oxuyur, yazanda otururlar. Qızlarımın bu üstünlüklərini görüb ətrafıma, qohum-əqrabaya da övladlarını “Sağlam təhsil” sinfinə yönləndirməyi tövsiyə edirəm.

 

Çox istərdim ki, layihə yuxarı siniflərdə də tətbiq olunsun

 

 

Səbinə Xəlilovanın övladı Tural Məhərrəmli 26 nömrəli məktəbin 4a “Sağlam təhsil” sinfində oxuyur. Tural dərs göstəriciləri, həmçinin fiziki aktivliyi ilə də seçilən şagirdlərdəndir: “Böyük oğlum isə ənənəvi sinifdə təhsil alır. Ona görə bu siniflər  arasında müqayisə aparmaq mənim üçün rahatdır. Uşaqların davranışında, düşüncə tərzində də çox fərq var. Tural daha  sərbəst, açıq fikirlidir. O, həm də erkən yaşlarından idmana meyillidir. Futbolla məşğuldur. Hələ birinci sinifdə məktədaxili  idman yarışında turnikdən dartınma sayına görə qalib olmuşdu. Elə həmişə evdə mənə deyir ki, nə yaxşı sinfimizdə turnik  quraşdırılıb. Tənəffüsdə məşq etmək imkanım olur.  Sadəcə bir valideyn kimi məni narahat edən məsələ bu layihənin  ibtidai təhsil pilləsindən sonra davam etməməsidir. Çox istəyərdim ki, yuxarı siniflər üçün də “Sağlam təhsil” sinifləri  açılsın”.

 

 

 

Üçüncü qızımın da “Sağlam təhsil” sinfində oxumasını arzulayıram

 

Aytən Məmmədovanın övladı Gülay Məmmədzadə 275 nömrəli məktəbin 3b “Sağlam təhsil” sinfində oxuyur. Aytən xanım qızının “Sağlam təhsil, sağlam millət” layihəsi çərçivəsində təhsil almasından çox məmnun olduğunu deyir. Gülay övladlarından ilkidir: “Bu neçə ildə müşahidə edirəm ki, “Sağlam təhsil” sinfində oxuyan şagirdlərin xüsusən sosial adaptasiyası çox rahatdır. Gülay 1-ci sinfə gedəndə fikrini tam ifadə edə bilmirdi, utancaq idi. Ancaq üç il ərzində onların sinfi həm dərs müddətində, həm də məktəbdənkənar xeyli kiçik nağılları səhnələşdirdi, tamaşalar hazırladı. Əlbəttə ki, bu da şagirdlərin xarakterinin formalaşmasına müsbət təsir edir. Sinifdə daim hərəkətdə olması artıq Gülayda vərdişə çevrilib. Evdə də dərslərini yazarkən bəzən ayaqüstə dayanır, yorulmur. Bir valideyn kimi məni həm də çox sevindirən şagirdlərin mütəmadi peşəkar psixoloq, pediatr və oftamoloqlar tərəfindən müayinə olunmasıdır. Bu, biz valideynlərdə böyük güvən yaradır. Qəribə səslənsə də deyəcəm, sonuncu övladım hələ 1 yaş yarımlıqdı, məktəb yaşı çatanda hazırda Gülayın ibtidai sinif müəllimi Mədinə Məmmədova yeni “Sağlam təhsil” sinif şagirdlərini qarşılayacaq. Arzulayıram ki, o qızım da məhz “Sağlam təhsil” sinfinin şagirdi olsun”.

 



Bölmənin digər xəbərləri