Mirismayıl İsmayılov: “Bacım arzularını ifa ilə təqdim edir, mən isə rəsm əsərimlə”


Ata-ana üçün bundan  böyük sevinc  nə ola bilər?!  Təsəvvür  edin ki,   bir ailədə  iki istedad  yetişir.  Və onlar bacı-qardaşdırlar. Ağlı, zəkası,  davranışı, nizam-intizamı, əxlaqı ilə seçilən  bu yeniyetmələr  təhsil aldıqları məktəbin  də fəxri  sayılırlar.  İlk görüşdə  onlar mənə  çox  xoş təsir bağışladılar  və  tezcə də doğmalaşdıq. Olduqca  səmimi, həlim  xarakterli    qeyri-adi istedad sahibləri  ilə  söhbətimiz də  ürəkaçan  idi.

 

... Öncə özlərini təqdim etdilər: Dünya  İsmayılova və  Mirismayıl İsmayılov.  Söhbətimiz təsəvvür etdiyimdən də maraqlı keçdi, çünki  bu yeniyetmə bacı-qardaşlar, sözün tam mənasında, istedad sahibi idilər. Onlarla  həmsöhbət olmaq, fikir mübadiləsi aparmaq həm xoşdur, həm də  çox rahat.  Tərcümeyi-hallarını dinləmək özü bir ruhi rahatlıq  bəxş edirdi  insana. Dünya özü haqqında  məlumat  verərkən  ani olaraq gülümsədi və dedi: 

 

 

Arzularım tükənməzdir

 

 

Düz deyirmişlər ki, arzular sonsuz olur. Mənim  də  arzularım  tükənməzdir. Ən böyük arzum   musiqimizi dünya arenasında  tanıtdırmaqdır. Bunun  üçün  də səylə çalışıram. İdmanı  da çox sevirəm. Uşaqlıqdan gimnastika ilə məşğul oluram. Dünya  rəqslərini və milli rəqsləri həvəslə  ifa edirəm.

 

 

İbtidai sinfi əla qiymətlərlə bitirmişəm

 

 

Bəlkə də bu özü bir xoşbəxtlikdir ki, biz  paytaxtda təhsil almışıq, necə deyərlər, arzularımızın reallaşdığı məkanda. Mən   2007-ci ildə  Bakıda anadan olmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının VI  sinfində  Natəvan Həsənovadan  kanon təhsili alıram. İbtidai sinfi əla qiymətlərlə bitirmişəm. İbtidai sinifdə  dəfələrlə yoldaşlarımdan fərqləndiyimə görə  fəxri fərmanlar  qazanmışam.

 

 

Bu alətin sehrində

 

 

Kiçik yaşlarımdan  televiziya kanallarında   musiqi verilişlərini  izləyirdim.  Xüsusən də kanon alətini  görəndə  gözlərimi ondan çəkmirdim. Bu alətin sehrli  səsi sümüyümə işləyirdi, qeyri- adi hisslər keçirirdim. Sonralar  valideynlərim mənə  bu musiqi alətini də aldılar.  Elə sevinirdim ki!  Ötən bu illər ərzində mən dəfələrlə  beynəlxalq müsabiqələr qalibi olmuşam. 

 

 

O, xoşbəxtlərdən biri də elə özüməm

 

 

Uğurlarım  günü-gündən artır. Valideynlərim  da mənim  nailiyyətlərimə çox   sevinirlər. Demək olar ki, hər gün  dünya bəstəkarlarının əsərlərini  dinləyirəm və  musiqinin dərin sirlərinə yiyələnirəm.  Mən ümumiyyətlə, dünya klassiklərinin melodiyalarını dinləməyi  bir xoşbəxtlik sanıram və  düşünürəm ki, o xoşbəxtlərdən biri də elə özüməm. Saatlarla dinləməkdən doymuram onları. Bu  əsərlər insanı  ecazkar  aləmlə qovuşdurur.

 

 

Onlar mənə kömək edirlər

 

 

... Bütün  fəsilləri  xoşlayıram, amma yay  fəslini  daha çox. Çünki  tətil  günlərində  öz üzərimdə çalışmağa vaxt daha çox olur. Mən kanonda  ifa edəndə  anam da, nənəm də dinləyirlər, bəzən xalalarım da.  Onlar da pianoda  çalmağı bacardıqlarına görə  iradlarını  və məsləhətlərini əsirgəmirlər. Necə deyərlər,  mənə evdə müəllimlik edirlər və  bu, mənə çox kömək edir.

 

 

Nənəmi mən arzusuna qovuşdurdum

 

 

Qeyd edim ki, nənəmin adı da Dünyadır. Hər gün əsər ifa edərkən ilk öncə  sevimli nənəm  qulaq asır və dəyərləndirir. Bilirsiniz  nənəmi nə qədər çox sevirəm?! Adı kimi dünyalar qədər əzizdir mənə. O,  çox istəyirdi ki, nəvələrindən biri kanon alətində ifa etməyi bacarsın. Arzusuna qovuşdurduğum üçün  o, məni  çox istəyir.

 

 

I yeri tutdum

 

 

...Rəşid  Behbudov adına  Dövlət Mahnı teatrında  “Ümid-2019” beynəlxalq  incəsənət müsabiqəsi  keçirilirdi. Konsertdə iştirak edərkən zalda   gözlərim  nənəmə  dikildi. Baxışlarımla hər şeyin yaxşı olacağını işarə edirdim. Yaxşı hazırlaşdığıma görə  bilirdim ki,  uğur qazanacağam.  Belə də oldu. Sanki nənəmin  xeyir-duaları  nəticəsində kanon üzrə I, fortepiano üzrə  III  yeri  tutdum. İlk öncə nənəm məni təbrik etdi.  Sənin uğurların məni göylərə qanadlandırır,- dedi.  Mənimlə məşğul olan fortepiano müəllimim  Svetlana  Əhmədovaya  da  qazandığım uğurlara görə  minnətdarlıq edirəm.

 

 

Özümə güvənirəm

 

 

Dəfələrlə musiqi yarışmalarında  I yerə layiq görülmüşəm. Yaddaşım  çox güclüdür, özümə güvənirəm. Bir dəfə  əsərə baxmaqla   notları  yadımda saxlayıram. “Gənclərə dəstək” layihəsi çərçivəsində Kamera və Orqan zalında dəfələrlə çıxış etmişəm.   Yeri gəlmişkən  deyim ki, gimnaziyada kanon ifaçılarından ibarət ansambl fəaliyyət göstərir. Ansamblın fəal üzvlərindən biri də  mənəm. Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi olmuş gimnaziyanın layihə  üzvlərinin tərkibində  Qəbələ şəhərində  I nömrəli məktəbdə keçirilən tədbirdə mən və qardaşım İsmayıl da  iştirak edirdik.

 

 

Birinci nənəmə zəng etdim

 

 

Uğurlarm lap çox olub. 2018-ci ildə  CASPİ ART  Uluslararası sanat yarışmasına qatıldım. Kanon aləti üzrə keçirilən yarışmada I yeri  qazandım və diploma layiq görüldüm. Həmin gün  sevincimin hədd-hüdudu yox idi. Birinci nənəmə  zəng etdim və  sevincimi onunla  bölüşdüm. Çox  kövrəlmişdi. “Payız əfsanələri”  beynəlxalq incəsənət müsabiqəsində  isə laureat adını qazandım. Kanon müəllimim Natəvan xanım da mənim uğurlu  ifama görə çox sevindi.

 

 

Konservatoriyanın tələbəsi olmağı arzulayıram

 

 

Çalışıram  gələcəkdə  müəllimim kimi sənət bilicisi olum. Onda özümü dünyanın ən xoşbəxt adamı sanaram. Bu, hələ ki, arzu olsa da onu gələcəkdə reallaşdıracağıma  söz vermişəm.  Milli Konservatoriyanın tələbəsi olmağı arzulayıram.  Hazırda isə Moskvada  və  Türkiyədə keçiriləcək   beynəlxalq  musiqi yarışmalarına qatılmaq  üçün  öz üzərimdə əzmlə çalışıram.

 

 

Qardaşım da istedadlıdır

 

 

Qardaşım Mirismayıl  da istedadlıdır.  O  da gimnaziyada  VIII sinifdə oxuyur, təsviri və tətbiqi sənət şöbəsində   Esmira  Məmmədəli qızından rəssamlıq sənətinin  sirlərini öyrənir. Mirismayıl  5 yaşından rəsmlə məşğul olur. Təbiət mənzərələrini  təsvir etməyi çox sevir.  100-ə  yaxın rəsm əsərləri var. Evdə  bir otağımız  onun emalatxanasıdır, hara baxırsan onun əsərləridir. Əsasən qırmızı, yaşıl və narıncı rənglərə üstünlük  verir.  Əlinə fırça alıb  nəsə bir rəsm çəkəndə  fantaziyasının gücündən məharətlə istifadə edir.   Mövzü  üzərində  kifayət qədər düşünməyi bacarır.  Çəkdiyi  rəsm əsərləri  elə bil dil açıb danışacaq.

 

Bayaqdan  bacısının  danışığına   diqqət kəsilən Mirismayıl da söhbətimizə qoşuldu və yavaş-yavaş yiyələnməyə çalışdığı rəssamlıq peşəsinin  onun maraq dairəsində necə göründüyünü təsvir etməyə başladı. O, danışdıqca  qeyri-adi istedad  sahibi  olduğu  da açıq-aydın duyulurdu.  Mirismayılın yaratdığı  kompozisiyaların əksəriyyəti  mövzu etibarı ilə mürəkkəb  olur. Bu da  onun  dərin fəlsəfi düşüncəyə  malik olduğuna  bir işarədir.  Gündə 5 saat rəsm çəkməyə vaxt ayırdığı onun da öz seçdiyi peşəyə ciddi yiyələnəcəyi barədə ümid verir.

 

 

Bacımla mənim təbrikim ən qiymətli hədiyyə olur

 

 

Mirismayılın söylədiyi bir fikir də  ürəyimcə oldu. Dedi ki,  qohumların  ziyafət  məclislərində, ad günlərində   bacım öz təbrikini, arzularını kanonda səsləndirdiyi ifa ilə təqdim edir, mən isə rəsm  əsərimlə. Və elə ən qiymətli hədiyyə də bizim hədiyyələrimiz sayılır. Sanki dünyanı bağışlayırıq onlara. Eyni zamanda idmanın bütün növlərini  də sevirəm. Amma futbolsuz qala bilmirəm. “Vətən” idman klubunda   məşğul oluram. Bacımla  birlikdə üzgüçülüyə də gedirik.

 

 

Vətənpərvərlik mövzusunda rəsmlərim  çoxdur

 

 

... Dəfələrlə  televiziya kanallarında dostluq, vətənpərvərlik  və təbiət mövzularında çəkdiyim rəsmlərim  nümayiş olunub. Azərbaycan rəssamlarından - Səttar Bəhlulzadənin, Toğrul  Nərimanbəyovun  əsərlərinə  həmişə diqqət  yetirirəm. 2013-cü ilin mayında  ümummilli lider  Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında  “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II yeri tutdum və diploma  layiq görüldüm. “Payız düşüncələri-2016”,  “Mənim düşüncələrim-2017” adlı uşaq rəsm müsabiqələrində fəal iştirakıma görə   diplomlarla mükafatlandırılmışam. Az.TV kanalında “ Mən də uşaq olmuşam” verilişində  iştirak etmişəm.  2017-ci ildə  “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm yaradıcılıq müsabiqəsində fəxri fərmana layiq görülmüşəm. Yunanıstanda keçirilən rəsm müsabiqəsində  isə II yeri qazanmışam.

 

 

Memar olacağam

 

 

Ötən il CASPİ ART  Uluslararası sanat  yarışmasında  təbiət mövzusunda işlədiyim  rəsmlər bəyənildi  və II  yerə layiq görüldüm.  Ümumiyyətlə,  uğurlarım az olmayıb və  gələcəkdə də  valideynlərimin,  müəllimlərimin ümidlərini doğrultmağa çalışacağam. Bu,  mənim də, bacımın da qarşımıza qoyduğumuz məqsəddir.  Gələcəkdə isə  memar olmaq  arusu  ilə yaşayıram.

 

... Biri  musiqi, biri isə rəsm sahəsində özünü doğrultmağa can atan və kifayət qədər uğurlara nail olan yeniyetmə bacı-qardaşla saatlarla söhbət etmək xoş olardı. İstedadlarına heyran qaldığım  bu yeniyetmələrlə  xudahafizləşərkən onların öz valideynlərinə bəxş etdikləri sevinc hisslərini bir ana olaraq  mən də yaşadığımı etiraf etdim və xoşbəxt ailənin üzvlərinə gələcək fəaliyyətlərində  uca zirvələri fəth etməyi arzuladım.

 

 

Sifai SƏFƏROVA