Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da təhsil sistemi təkmilləşməkdə, yeniləşməkdə və inkişafda davam edir. Dövlətimiz tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə yüksəldilməsinə hərtərəfli şərait yaradıb.

 

1999-cu ildən həyata keçirilməyə başlayan Təhsil İslahatı Proqramı, 2013-cü ilin oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin bütün pillələrində genişmiqyaslı işlərin yerinə yetirilməsinə, habelə təhsilimizdə bir sıra məzmun yeniliklərinin yaranmasına səbəb olmuşdur. Buna müvafiq olaraq respublikamızın bütün bölgələrində tədrisin və təhsilin keyfiyyəti durmadan artmaqda davam edir. O cümlədən, rayonumuzda da təhsilin keyfiyyətinin dinamik olaraq yüksələn xətt boyunca inkişaf etdirilməsi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illər Lənkəran məktəblərinin məzunları respublikamızın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticələr göstərməyə müvəffəq olurlar. Bəli, bu gün Lənkəranda təhsilə, elmə, tədrisə böyük önəm verilir. Təbii ki, bu mühüm missiya məktəblərdə həyata keçirilir. Demək olar ki, Lənkəranın pedaqoji kollektivlərinin hamısı milli təhsilimizin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlarda fəal iştirak edərək, qarşıya qoyulan məqsədə nail olmaq üçün əzmkarlıq göstərirlər. Şürük kənd orta məktəbinin də əsas devizi gənc nəslin təlim-tərbiyəsi və onlara elmin sirlərinin öyrədilməsi ilə yanaşı, həm də əxlaqlı, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmət edən, onları qoruyan gənclər yetişdirilməsi işidir. Qeyd edək ki, məktəb rayonda istər buraxılış imtahanlarında, istərsə də ali və orta ixtisas məktəblərinə qəbulda həmişə fərqlənir. Hər il məktəbin 10-15 şagirdi ali məktəblərə daxil olur ki, nəticədə məktəb davamlı olaraq rayon məktəblərinin reytinq cədvəlində ilk onluqda yer alır. Əlbəttə, bu uğurun qazanılmasında pedaqoji kollektivlə yanaşı, məktəb rəhbərliyinin də böyük əməyi vardır. Qeyd edək ki, bu gün məktəbə tanınmış pedaqoq Namiq Bağırov rəhbərlik edir. 2004-cü ilin oktyabr ayından bu təhsil ocağında direktor kimi çalışan Namiq müəllim rayonda nüfuzlu ziyalı, bacarıqlı rəhbər kimi yaxşı tanınır. Məhz onun rəhbərliyi və işgüzarlığı sayəsində məktəb bugünkü səviyyəyə gəlib çataraq, bir sıra uğurlar əldə etməyə nail olub.

 

N.Bağırov sadə bir ömür yolu keçib. 1959-cu il fevralın 2-də Lənkəran rayonunun Türkəkəran kəndində dünyaya göz açıb. İlk təhsilini elə Türkəkəran kənd əsas məktəbində alıb. 1976-cı ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olur. 1981-ci ildə universiteti müvəffəqiyyətlə bitirən N.Bağırov elə həmin il Lənkəranın Şürük kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır. Elə ilk günlərdən müqəddəs müəllim peşəsinə vurğunluğu, tədris etdiyi fənni şagirdlərinə dərindən mənimsətməyə çalışması, olduqca təvazökar və məsuliyyətli olması ilə diqqəti çəkir. Çox keçmir ki, Namiq müəllimin yaxşı işi qiymətləndirilir. Baş müəllim adına layiq görülən N.Bağırov yuxarıda qeyd etdiyimiz kimi, 2004-cü ildə Şürük kənd orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilir. Namiq müəllimin rəhbərliyi altında bu gün məktəbin uğurları artmaqda davam edir. Hazırda məktəbdə iki internet mərkəzi və Debat mərkəzi mövcuddur. Hər iki xətt internet şəbəkəsinə qoşulub. Həm məktəbin müəllimləri və şagirdləri, həm də qonşu məktəblər, icma nümayəndələri bu mərkəzlərin fəaliyyətindən bəhrələnərək, qlobal informasiya məkanına daxil olur, təhsil və biznes yönümlü məsələləri öyrənir, onları maraqlandıran suallara cavab axtarırlar. Proyekt Harmoniya və Debat proqramları üzrə işlər düzgün qurulduğuna görə həm Təhsil Nazirliyi, həm Proyekt Harmoniya təşkilatının rəhbərliyi, həm də şəhər təhsil şöbəsi bu işləri müsbət qiymətləndirmişdir. Bütün bunlar xüsusi bülletenlərdə də öz əksini tapıb.

 

N.Bağırov həm də daim öz üzərində işləyən, bilik və bacarığını artıran, yeni təlim üsullarının və texnologiyalarının hazırlanmasında fəal iştirak edən istedadlı bir müəllimdir. Belə ki, 2010-cu ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən Namiq müəllim hazırda bu Mərkəzin riyaziyyat üzrə ekspertidir. O, 2010, 2012, 2014 və 2018-ci illərdə DİM-nin keçirtdiyi ali məktəblərə qəbul kampaniyasında iştirak etmiş və I, IV qruplar üçün riyaziyyatdan ali məktəblərə qəbul testlərinin çeşidlənməsi və hazırlanması işini həyata keçirənlərdən biri olmuşdur. O, həmçinin DİM-nin abituriyentlərə kömək məqsədi ilə həyata keçirdiyi iki video mühazirənin müəllifidir. Bundan başqa, “Fizika və riyaziyyat tədrisi” jurnalında məsələ və misalları dərc olunub. Bu illər ərzində iki şagirdi respublika riyaziyyat olimpiadasında iştirak etmişdir. Ötən ilin noyabr ayının 28-də keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının nümayəndəsi olan Namiq Bağırov ölkəmizin siyasi həyatında da fəal iştirak edərək, vətəndaşlıq mövqeyini hər zaman ortaya qoyur, vətənə və dövlətçiliyimizə sədaqətlə xidmət edir.

 

Namiq müəllim həm də gözəl ailə başçısıdır. Övladlarının üçü də ali təhsillidir. Qızları Ülkər və Şəbnəm Lənkəran Dövlət Universitetinin məzunudurlar. Oğlu Cəlil isə onkoloq həkim işləyir. Şagirdlərini və övladlarını hər zaman cəmiyyət üçün layiqli, ləyaqətli və əsl vətəndaş kimi görmək ən böyük arzusudur.

 

... Müəllim kimi şərəfli adı daşımaq Namiq müəllim üçün böyük fəxrdir. O, hər yerdə və hər zaman bu ada layiqincə əməl edərək, təkcə uşaqlara deyil, elə böyüklərə də nümunə, örnək olmağa çalışır. Ömrünün 6-cı onilliyini haqlamaqda olan Namiq müəllimə bundan sonrakı həyatında da tükənməz enerji, el-oba məhəbbəti və həmişə işli-güclü olmasını arzulayırıq.

 

Əminik ki, onun rəhbərliyi altında Şürük kənd orta məktəbinin əldə edəcəyi yeni və daha böyük uğurlar hələ qabaqdadır.

 

 

Natiqə AĞAYEVA