Fevralın 14-də  SABAH III Karyera Qış Məktəbində keçirilən təlimlərə yekun vurulub.

 

Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

 

Bakı Dövlət Universitetinin (BDU) Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində 12-14 fevral tarixlərində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib. Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələrində bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlimlər keçiblər.

 

Həmçinin təlimdə tələbələr karyera planlaşdırılması, təqdimat bacarıqları, layihələrin idarə olunması və digər mövzular üzrə məlumatlar alıblar.

 

SABAH III Karyera Qış Məktəbində SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil edilib. SABAH İcra Komitəsinin tədris işləri üzrə koordinatorunun, ali təhsil müəssisələrinin SABAH mərkəzinin rəhbərlərinin iştirak etdiyi seminarda ali təhsil sistemində  tətbiq ediləcək yeniliklərlə bağlı geniş izahat verilib, fikir mübadiləsi aparılıb.

 

Sonda təlimçilərə təşəkkürnamələr, iştirakçılara isə sertifikatlar verilib.

 

SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb.  Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu kimi bir sıra tədbirlər həyata keçirilib.

 

SABAH III Karyera Qış Məktəbinə ötən illərdə olduğu kimi, bir çox tərəfdaş şirkətlər “(Azercell, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər, eləcə də BDU, AzMİU universitetləri yaxından dəstək göstəriblər.

 

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.