Ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.

 

IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi I mərhələdə şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

 

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  qiymətləndiriləcək.

 

Məktəbdaxili yarışmada qalib gələn komandalar fevralın 22-də keçiriləcək rayon mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin II mərhələsində hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Fevralın 28-də keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

 

Qeyd edək ki, müsabiqə məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı  şagirdlərin aşkara çıxarılması məqsədilə keçirilir.