İnşaat, memarlıq, dizayn şirkətlərinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrindən gözləntiləri böyükdür


Azərbaycan Memarlıq və İnşaat Universitetində canlanma var. Xüsusən, idman zalının qarşısı qələbəlikdir. Bu da səbəbsiz deyil. Universitet rəhbərliyinin təşəbbüsü ilə ilk dəfə karyera sərgisi təşkil edilib. İlk dəfə olduğuna inanmaq isə o qədər də asan deyil. İdman zalının qarşısında olan sıxlıq içəriyə getdikcə daha da artır. Zalda ayrı-ayrı şirkət, komitə, agentliklərə aid sıra ilə düzülən stendlərin cəlbedici olanı da var, olmayanı da. Tələbələr 70-dən artıq dövlət qurumu, özəl şirkət, müəssisə arasından özünə, ixtisasına, təhsil səviyyəsinə ən uyğun olanları ilə maraqlanır. AzMİU tələbələrinin marağının arxasınca gedirik. Tələbələr kiminlə, hansı şirkətlərlə maraqlanır?

 

 

72 şirkət, 600-dən çox iş yeri

 

 

Karyera sərgisində tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yeri təklif edilir. Aralarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR, “Azərişıq”, “Metropoliten”, “Zaferoğlu İnşaat”, “Embawood”, “Holcim”, “Mətanət-A”, “Azərsun” Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, “Təmiz Şəhər” ASC, “Gilan Holding”, “Akkord”, “Azercell”in də olduğu 72 şirkətin hər biri tələbələrin qarşısına xeyli təkliflə çıxıb. Düzdür, təklifləri daha çox təcrübə proqramları ilə bağlıdır, ancaq konkret vakansiyalar üçün işçi axtaranlar, maraqlananları müvafiq istiqamətlər üzrə yönləndirənləri də çoxdur. Məsələn, “Holcim” şirkətində İnsan Resursları şöbəsində assistent olan Ayan Quliyeva hesabatlar üzrə mütəxəssis, keyfiyyətə nəzarət şöbəsində inteqrasiya olunmuş idarəetmə sistemləri üzrə mütəxəssis yerlərinin boş olduğunu deyir. Fəal, dil və kompüter bilikləri olan, təcrübəli mütəxəssislər axtarırlar. Təcrübəyə üstünlük verdiklərinə baxmayaraq, AzMİU tələbələri arasından vakansiyalar üzrə işçi tapacaqlarına da şübhə etmirlər: “AzMİU-da ilk dəfə olsaq da, universitetlərin karyera sərgilərində iştirak edirik. Bizim təcrübə proqramlarımız var. Bu proqramlara gəncləri cəlb edirik.

 

Karyera sərgisində əsas məqsədimiz şirkət ilə bağlı məlumat verməkdir. Ancaq vakansiyalar üzrə işçi tapacağımıza da şübhə etmirik. Çünki universitet tələbələri arasında potensiallı gənclərin çox olduğunu bilirik”.

 

Tələbələrin marağını cəlb edən stendlər arasında SOCAR da var. SOCAR AQŞ-də işə qəbul üzrə mütəxəssis Aydan Bayramovanın sözlərinə görə, çoxsaylı marağı təmin etmək iqtidarındadırlar: “Fərqli istiqamətlərdə vakansiyalarla gəlmişik. Mexanik, texnik, elektronika və ətraf mühitin qorunması üzrə mütəxəssis vakansiyalarımız var”.

 

Şirkətdə işə qəbul prosesi 3 mərhələdən ibarətdir. İlk mərhələnin - tanışlığın karyera sərgisində reallaşdırıldığını düşünsək, AzMİU tələbələrini texniki müsahibə və menecment, yəni rəhbərliklə görüş mərhələləri gözləyir. Namizədlər onlara təqdim edilən elektron ünvana CV göndərir. A.Bayramovanın dediyinə görə, motivasiyası və şəxsi keyfiyyətləri yüksək, özünə güvənən, dil və texniki bilikləri olan gənclərin şansı çox yüksəkdir. Təcrübəsi olmayan gənclər təcrübə proqramına götürülür, olanlar isə birbaşa işə. Karyera sərgilərində işə qəbul edilənlərin sayının çox böyük rəqəmlərlə ifadə olunduğunu deyən mütəxəssisin sözlərinə görə, sərgiyə hazırlıqlı gəliblər: “Özümüzlə çoxlu CV gətirmişik. Maraqlananlara təqdim edirik, doldururlar. Həmin namizədlərin arasında layiqliləri çoxdur”.

 

SOCAR-ın aparıcı mütəxəssisi Misir İsmayılovun sözlərinə  görə, AzMİU tələbələrinə həm ödənişli, həm də ödənişsiz təcrübə proqramları təklif edirlər: “Ödənişli proqramlar 2 ay nəzərdə tutulub. Bu proqrama cəlb edilən tələbələrə 200 manat civarında ödəniş edilir. Tətbiq olunan proqram üzrə müsahibədə müsbət nəticə əldə edənlər işə qəbul olunurlar. Ödənişsiz təcrübə də iki ay davam edir. Tələbə müraciət edərək müəssisəmizdə təcrübə keçir. Amma bu proqram üzrə heç bir ödəniş etmirik”.

 

Mütəxəssis sərgidə 25 vakansiya ilə təmsil olunan SOCAR-da hər həftə vakansiyaların sayının dəyişdiyini də qeyd edib.

 

“AzerGold” QSC-nin aparıcı mütəxəssisi Valid Əliyev isə geologiya, dağ-mədən, təmir-tikinti və energetika sahəsində, həmçinin maliyyə, insan resursları sahələrində, İT bilikləri olan gənclərə üstünlük verəcəklərini deyir. Onun sözlərinə görə, hazırda AzMİU-nun 5 tələbəsi şirkətdə təcrübə keçir.

 

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin qarşısında növbə uzanır. MİDA İnformasiya təminati və insan resursları şöbəsinin müdiri Rauf Əliyev təmsil etdiyi quruma olan marağı belə izah edir: “Tikinti-inşaat sahəsində fəaliyyət göstərdiyimizdən gənclərin marağı çox yüksəkdir. Tikinti, inşaat, memarlıq, konstruktor, menecment, iqtisadi yönümlü ixtisaslar üzrə təhsilalanların diqqətini cəlb edə biləcək vakansiyalarımız olur. Bundan başqa, tələbələr layihələrimizdə könüllü kimi fəaliyyət göstərərək, nəzəri-praktik biliklər əldə edə bilərlər. Bu fəaliyyət zamanı fərqlənənlərə karyera imkanları da nəzərdə tutulub”.

 

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kadr məsələləri şöbəsinin müdiri Fatma Yıldırım da “Fəaliyyət istiqamətimiz AzMİU-da təhsil alanlar üçün uyğun olduğundan gənclərin marağı açıq görünür. Komitə olaraq, biz də gənclərimizə qapılarımızı açmışıq. “Şəhərlərimizin gələcəyini bir yerdə quraq” şüarı altında onları əməkdaşlığa dəvət edirik”, - deyib.

 

 

“Bu imkanı doğru dəyərləndirə biləcəyəm”

 

 

Nigar Qulamzadə memarlıq fakültəsində memarlıq ixtisası üzrə təhsil alır. Təhsilində qazandığı uğuru iş başında da davam etdirmək üçün təcrübəyə ehtiyacı olduğunu bilir: “Memarlıq şirkətləri ilə maraqlandım. Bir neçə şirkətin təklifləri ilə tanış oldum. Hələlik qərar verməmişəm. İstəyirəm ki, təcrübə əldə edim. Memarlığa aid ən yaxşı şirkətdə təcrübəçi olmaq üçün axtarışlarımı davam etdirəcəyəm”.

 

Nigar Qulamzadədən karyera sərgisində nə çatışmadığını, təklifləri ilə maraqlanırıq. Bir tələbə belə bir sərgidən nə gözləyir? Nigar deyir ki, gözlədiyi hər şey var: “Axtardığım, tapmadığım bir şey yoxdur. Düşünürəm ki, bizim üçün lazım olan hər detal nəzərə alınıb. Qarşımıza seçə, məlumat ala və gələcək planlarımızı qurmağımıza imkan verən böyük təkliflər çıxarılıb. Burada həm seçə, həm də özümüzü təqdim edə bilərik. Bunun üçün çoxsaylı şirkətlər və onların nümayəndələri ilə birbaşa əlaqə üçün şərait yaradılıb. Hesab edirəm ki, AzMİU tələbəsi olaraq bu imkanı doğru dəyərləndirə biləcəyəm”.

 

Nəzrin Şabanova isə inşaat mühəndisliyi fakültəsində təhsil alır: “İxtisasıma uyğun şirkətlərlə maraqlandım. 4-5 şirkətlə görüşdüm. Mənim üçün maraqlı olan şirkətlərin bəzilərində vakansiya yox idi. Amma hər ehtimala qarşı CV təqdim elədim. Düşünürəm ki, bu, bizim üçün bir şansdır”.

 

 IV kurs tələbəsi üçün ixtisasına uyğun işin dövlət və ya özəl müəssisədə olmasının bir fərqi yoxdur: “Hələ IV kurs tələbəsiyəm. Dövlət və ya özəl olmasından asılı olmayaraq, məni inkişaf etdirəcək, karyerada yüksələ biləcəyim şirkətlərlə maraqlanıram. Hələ tələbə olduğumu nəzərə alsaq, hesab edirəm ki, şirkətlər üçün də uğurlu kadr ola bilərəm. Tələbə olaraq göstəricilərim yaxşıdır. Qısa zaman kəsiyində təcrübəsizlikdən irəli gələn çatışmazlıqları da inkişaf etdirib istənilən parametrə cavab verəcək səviyyəyə çata biləcəyimə əminəm”.

 

 

“Şirkətlərin məni yox, mənim şirkətləri seçəcəyim ağlıma gəlməzdi”

 

 

Həsən Əliyev inşaat mühəndisliyi fakültəsini 2017-ci ildə bitirib: “Məzun olduqdan sonra hərbi xidmətə getdim. Artıq qayıtmışam və ixtisasım üzrə işləmək istəyirəm. Bu istəyimi reallaşdırmaq üçün universitetimizin bizə belə imkan yaradacağını eşidəndə çox sevindim. İş axtarırdım, burda tapdım. Gördüyünüz kimi, CV yazıram. Burda marağımı cəlb edən şirkət çoxdur. Hələlik ən cəlbedici təklifləri dəyərləndirirəm. Çox gözəl şansdır. Burada şirkətlərin məni yox, mənim şirkətləri seçəcəyim ağlıma gəlməzdi”.

 

AzMİU məzunu ilk dəfədir karyera sərgisində iştirak edir: “Öz universitetimizdir, ona görə gəldim. Mənə dostum bu barədə xəbər verdi və onunla birlikdə gəldik. Peşiman da deyilik. Hər ikimiz ixtisasımıza uyğun müvafiq iş tapdıq”.

 

Yusif Nağıyev də AzMİU məzunudur. Universiteti bitirdikdən sonra ilk rastına çıxan işə başlayıb. Ancaq öz ixtisasına uyğun işlə məşğul olmaq istəyir: “Karyera sərgisi ilə bağlı sosial şəbəkələr vasitəsi ilə xəbər tutdum. Artıq  ixtisasım üzrə çalışmaq, yüksəlmək, aldığım təhsilin bəhrəsini görmək istəyirəm. Bu ixtisasa sevərək yiyələnmişəm. Burada gördüm ki, ixtisasım üzrə iş çoxdur. Mənim üzərimə düşən aldığım təhsilin keyfiyyətini sübut edib burda qarşıma çıxan təklifləri dəyərləndirməkdir. Mən də bunu edirəm. Cəhdimin uğurlu olacağına şübhəm yoxdur”.

 

 

Universitet rəhbərliyi təşəbbüsünün nəticəsindən razı qaldı

 

 

AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova karyera sərgisinin gedişindən razı görünür: “İlk dəfə olaraq karyera sərgisi təşkil edirik. Müraciət etdiyimiz bütün şirkətlər dəvətimizi qəbul edərək sərgidə iştirak edirlər. Hər biri bizim ixtisaslarımızla birbaşa işləyən qurumlardır”.

 

Prorektorun sözlərinə görə, tələbələr üçün sadəcə vakansiyalar deyil, məzunlar üçün inkişaf proqramları, II və III kurs tələbələri üçün xüsusi təqaüdlər var.

 

Ü.Səttarova universitetin şirkətlərlə əlaqələrinin daha da genişləndiriləcəyinə, yeni əlaqələrin qurulacağına ümid edir: “Hesab edirəm ki, ilk dəfədən bu qədər şirkəti sərgimizdə görmək mümkün oldusa, bu, növbəti karyera yarmarkaları üçün möhkəm bünövrə olacaq”.

 

Rektor Gülçöhrə Məmmədova da sərgidə təmsil olunan şirkətlərlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb: “Şirkətlərin bir qismi daimi partnyorlarımız, bir hissəsi isə yenidir və biz onlarla işbirliyimizi davam etdirəcəyik.  Ümumiyyətlə, istehsalatla əlaqələrin möhkəmlənməsinə ciddi fikir veririk. Hesab edirik ki, bu gün təhsil, xüsusən mühəndislik təhsili istehsalatla sıx bağlı olmalıdır. IV kurs tələbələrimiz 3 aylıq təcrübə keçəcəklər. Bunun üçün də bizim istehsalatla əlaqələrimizin çox möhkəm olması vacibdir. Ona görə də tələbələrimizin işəgötürənlərlə görüşünü təşkil edirik. Hesab edirəm ki, bu təşəbbüsümüzün nəticəsində tələbələrimiz birbaşa qurumların öz  nümayəndələrindən iş, vakansiyalar barədə həm məlumat, həm də işə dəvət alacaqlar.

 

Bu bir karyera festivalıdır. İnşaat, memarlıq, dizayn şirkətlərinin universitetimizin məzunlarına diqqəti aşkar görünür. Hiss olunur ki, tələbələrimizdən gözləntiləri böyükdür. Karyera sərgisinin tələbələrimiz üçün əhəmiyyətli olacağını düşünürəm. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq, onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.

 

G.Məmmədova deyib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub.  AzMİU-da Karyera və strateji planlaşdırma şöbələrinin fəaliyyət göstərdiyini, tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil edildiyini qeyd edib.

 

 

Karyera sərgisindən əliboş qayıdan olmadı

 

 

Səhər saat 11-də başlayan sərgi günorta saat 2 olmasına baxmayaraq, hələ də davam edirdi. Nə tələbələr, nə də şirkətlər mövqelərini tərk edirdilər. Birinci tərəf daha çox şirkətlə görüşmək və beləliklə, daha çox şans qazanmaq, ikinci tərəf isə daha çox gəncin marağını təmin etmək, daha çox insana iş şərtləri barədə məlumat vermək istəyirdi.

 

Stend-stend dolaşan gənclərin həyəcanı gözündən, ona sarı gələn hər tələbəyə potensial işçi gözü ilə baxan şirkət nümayəndələrinin marağı üzündən oxunurdu.

 

Bir sözlə, “Birdən sərgi bağlanar”, - həyəcanı ilə 72 şirkət arasında karyerasını quracağı, bəlkə təcrübəçi kimi başlayıb zirvəyə məhz bu şirkətdə yüksələcəyi, bəlkə də bütövlükdə taleyini bağlayacağı iş yerini axtaran 1500-dən artıq gənc özünə iş, karyera planına uyğun təcrübə yeri axtardı. Tapan tapdı, tapmayan “hər ehtimala qarşı” deyib müvafiq təklifləri dəyərləndirdi. Ən əsası odur ki, sərgidən iş tapan da oldu, təcrübə imkanı qazanan da. Bunların heç birini əldə edə bilməyənlər isə şirkətləri tanıdı, iş yerləri barədə məlumat aldı. Karyera sərgisi hər kəsə iş axtarmağın yolunu, karyera qurmağın planını verdi. Bu planı işdə yüksəlişin açarına çevirmək isə AzMİU məzunlarının bacarığından və şəxsi keyfiyyətlərindən asılı olacaq.

 

 

Ruhiyyə DAŞSALAHLI