Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

 

Layihənin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ölkəmizə gələn ekspert missiyasına Latviyanın Riga Stradiņš Universitetinin Tədris məsələləri üzrə prorektoru Tatyana Koke daxildir.

 

Missiyanın məqsədi prioritet  ixtisaslar üzrə ali təhsil proqramlarının ötən missiyalar zamanı hazırlanmış yeni formatının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və pilot ali təhsil müəssisələrində səriştə əsaslı, tələbə yönümlü təhsil proqramlarının işlənməsi sahəsində potensialın artırılmasıdır.

 

Missiya çərçivəsində sözügedən təhsil proqramlarının yeni formatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb.  Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə seminarlar keçirilib.

 

Ekspert tərəfindən Latviya ali təhsil məkanının Bolonya prosesinə qoşulması təcrübəsi, həmçinin təhsil proqramlarının səriştə əsaslı və tələbə yönümlü təlim nəticələrinin formalaşdırılması ilə bağlı təqdimatlar edilib. Hər iki təqdimat seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.