Bəxtiyar Əliyev: “Ümumi təhsili yalnız məktəblə bağlamaq doğru deyil”


“Ümumi təhsil haqqında” Qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Yeni hazırlanmış qanun 5 fəsil 33 maddədən ibarətdir.

 

“Ümumi təhsil haqqında” Qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu, ümumi təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Ölkəmizdə ilk dəfə qəbul edilən qanunla bağlı “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev danışıb.

 

 

- Milli Məclis bir-birinin ardınca təhsil sahəsində kifayət qədər böyük əhəmiyyətə malik qanunlar qəbul etdi. Ölkəmizdə ilk dəfə qəbul ediləcək daha bir qanun isə bu həftə ikinci oxunuşda qəbul edildi...

 

- Bilirsiniz ki, “Təhsil haqqında” çərçivə qanunu qəbul edilmişdi. Həmin çərçivə qanununda təhsilin bütün pillələri və səviyyələri haqqında ümumi müddəalar əksini tapıb. Amma təhsilin ayrı-ayrı pillələri haqqında ayrıca qanunlar yox idi. Qanunu qəbul edəndə də qeyd edilmişdi ki, bu, çərçivə sənədidir və həmin ana qanunun əsasında təhsilin pillə və səviyyələrini əhatə edə biləcək sahəvi qanunlar da qəbul ediləcək. Əvvəlcə “Məktəbəqədər təhsil haqqında” Qanun qəbul olundu. Təhsilin bu pilləsində prosesi tənzimləyəcək qanun heç vaxt olmamışdı və elə bu səbəbdən də həllini gözləyən çoxlu problem vardı. Çünki təhsil sahəsində həyata keçirilən islahatlar yalnız bəzi normativ hüquqi aktlar, ayrı-ayrı əsasnamələr, Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi. Bu səbəbdən də bir çox çətinliklər ortaya çıxırdı. Axı, həmin sənədlər qanun qüvvəsində deyildi və tam gerçəkliyi əhatə edə bilməzdi. Məlumdur ki, qanun hakimiyyətin qollarını və icra strukturlarını əhatə etdiyindən bütün sahələrdə münasibətləri tənzimləyə bilir. “Məktəbəqədər təhsil haqqında” Qanunda da həm təhsilalanların, həm təhsilverənlərin, həm də valideynlərin hüquqları təsbit edilib. Deməliyəm ki, bu, çox vacib qanun idi. Nəzərə alsaq ki, təhsilin məktəbəhazırlıq səviyyəsinin əhəmiyyəti təhsilin sonrakı səviyyələrində xüsusilə özünü göstərir, onda qanunun nə qədər vacib bir sənəd olduğunu təsəvvür etmək çətin olmaz.

 

Aparılan araşdırmalar, tədqiqatlar, dünya üzrə statistika göstərir ki, məktəbəhazırlığa gedən və məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların psixi, intellektual  inkişafı getməyənlərə nisbətən daha sürətli olur.

 

Təbii ki, bu, ümumiyyətlə, götürdükdə belədir. Fərdi bacarıq, qabiliyyət və istedadı olanlar bu hesabata aid edilmirlər. Ölkəmizdə peşə təhsili ilə bağlı da indiyədək qanunvericilik bazasını möhkəmləndirən xüsusi bir qanun olmayıb. Ayrı-ayrı təlimatlar, əsasnamələr, qaydalar var idi. Bilirsiniz ki, ölkənin sürətli iqtisadi inkişafı ilk növbədə peşə təhsilinin inkişafını zəruri edir. 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili prioritet idi və yüksək standartlara cavab verən “Peşə təhsili haqqında” Qanun qəbul edildi. Artıq bu qanun əsasında ölkədə peşə təhsilinin inkişafına yeni bir təkan verildi. İndi bütün münasibətlər qanunvericiliklə tənzimlənir və heç kim bu qanundan kənara çıxa, münasibətləri məhdudlaşdıra bilməz. Nəticədə peşə təhsili sahəsində işlərin sürətlə həyata keçirilməsinə şərait yarandı. Və nəhayət, əhalinin  böyük bir qismini əhatə edən “Ümumi təhsil haqqında” Qanun Milli Məclisdə hazırlanıb müzakirəyə çıxarıldı. Bilirsiniz ki, uşaqlar 5-6 yaşından  16-17 yaşına qədər ümumi təhsil müəssisəsi ilə bağlıdır. Onların ailələrini, təhsilverənləri nəzərə aldıqda, ölkə əhalisinin, demək olar ki, yarısı, hətta bütün cəmiyyət ümumi təhsillə birbaşa əlaqəlidir.

 

 

Məktəbəhazırlığa da təhsilin bir səviyyəsi kimi baxa bilərik

 

 

- Onda belə çıxır ki, “ümumi təhsil pilləsi” məktəbəqədər təhsili də əhatə edir?

 

- Ümumi təhsilin səviyyələri var. 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb edilməsi ilə bağlı “Təhsil haqqında” Qanuna edilən dəyişiklik nəzərə alınmaqla ümumi təhsilin səviyyələri qanunun müvafiq maddəsində öz əksini tapıb. Qanunun 11.2-ci bəndində ümumi təhsilin səviyyələri göstərilib. Bölgü 4 səviyyə üzrə aparılıb. Bununla bağlı mübahisələr də vardı. Müzakirələr zamanı məktəbəhazırlığın ümumi təhsilə aid olub-olmaması ilə bağlı fikir ayrılıqları ortaya çıxırdı. Bugünkü reallıq ondan ibarətdir ki, məktəbəqədər yaşlı uşaqların sayı çox, uşaq bağçalarının sayı isə kifayət qədər azdır. Bu, bütün dünyada belədir. Uşaqların hamısını bağçalarla təmin etmək mümkün deyil. Odur ki, Azərbaycanda belə bir çıxış yolu tapılıb. Həm ölkə Prezidentinin fərman və sərəncamlarına uyğun olaraq, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbəqədər təhsil və tərbiyə müəssisələrinin yaradılması, mövcud olanların təmir edilməsi və standartlara uyğunlaşdırılması məqsədi ilə böyük işlər gedir. Artıq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi prosesində böyük uğur əldə olunub və 75 faizə qədəri məktəbəhazırlığa cəlb edilib. Böyük çətinliklərə baxmayaraq, bu, həllini necə tapdı? Təbii ki, ümumi təhsil müəssisələrinin tərkibində məktəbəhazırlıq  qrupları yaradılmaqla. Yəni Təhsil Nazirliyi Prezidentin müvafiq sərəncamına uyğun olaraq mövcud maddi-texniki bazadan səmərəli istifadə edərək 5 yaşlı uşaqları məktəbəhazırlığa cəlb etdi. Məktəbəhazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil bir təhsil müəssisəsində təmin edildi. Odur ki, biz artıq məktəbəhazırlığa da təhsilin bir səviyyəsi kimi baxa bilərik və bu, qanunda da öz əksini tapdı. Bu yanaşma belə bir sual da yaratdı ki, bu, 12 illik təhsil sisteminə keçiddirmi? Düşünürəm ki, Bolonya prosesinə qoşulmuşuqsa, dünya təhsil sisteminə inteqrasiya ediriksə, uşaqların inkişaf sürətini də nəzərə alırıqsa, təhsilin fasiləsizliyi prinsipindən çıxış edərək gec-tez bu məsələni həll etməliyik. Hansı formada buna keçəcəyik? Bax, bu hələ konkretləşməyib. 5 yaşlıların da təhsilə bu şəkildə cəlb edilərək ümumi təhsilin bir səviyyəsini təşkil etməsi şərti olaraq 12 illik təhsilə keçidin başlanğıcı kimi də nəzərdən keçirilə bilər. Ancaq başqa bir təşəbbüs də var ki, təmayül siniflərini 11-12-ci siniflərdə davam etdirmək olar. Məsələ burasındadır ki, ümumi orta təhsildə ümumi bütün biliklər verilir. Tam orta təhsildə ixtisaslaşma özünü göstərməlidir.

 

 

Məktəblərə sahibkarlıq fəaliyyəti üçün fürsət

 

 

- Dünya təcrübəsində ümumi təhsil pilləsində peşə təhsilinin verilməsi də rastgəlinəndir. Azərbaycanda da ümumi təhsil pilləsində şagirdlərin məktəbdə hər hansı peşəyə yiyələnməsi ilə bağlı mülahizələr səsləndirilir. Gələcəkdə bu məsələ reallaşdırılarsa, hansı qanunla tənzimlənəcək? Peşə təhsili və ümumi təhsillə bağlı qəbul edilən yeni qanunlar bu prosesi tənzimləyəcəkmi?

 

- “Peşə təhsili haqqında” Qanun müzakirə ediləndə bütün bu məsələlər nəzərə alınıb və istər “Təhsil haqqında”, istər “Peşə təhsili haqqında”, istərsə də yeni qəbul edilən “Ümumi təhsil haqqında” qanunlarda öz əksini tapıb. Qısa müddətdə hər hansı peşəyə yiyələnmək baxımından peşə təhsili müəssisələri əvəzsizdir. Əmək bazarının çox sürətlə inkişaf etdiyini də nəzərə alsaq, cəmiyyətdə çox böyük tələbat olan peşələr var. Həmin peşələrə şagirdlərin orta məktəblərdə yiyələnməsinə də məhdudiyyət qoyulmur. Yeni “Ümumi təhsil haqqında” Qanunda ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanı da verilir. Məktəblərdə peşə hazırlığını həyata keçirmək üçün emalatxanalar fəaliyyət göstərir. Bir tərəfdən  məktəblilər peşə hazırlığı keçir, digər tərəfdən öz əməyi sayəsində qazana bilərlər. Şagirdlərin emalatxanalarda hazırladığı məhsullar satışa çıxarılır, qazancın bir qismi onlara, bir qismi isə məktəbin ehtiyaclarına ödənir. Bu münasibət qanunun 31-ci - “Sahibkarlıq və innovasiya fəaliyyəti” maddəsində tənzimlənir. 31.2-ci maddədə göstərilib ki, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumtəhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri, ödənişli əsaslarla dərnəklər, maraq kursları, əlavə məşğələlər keçirilə, sərgilər təşkil oluna bilər. Bunun da əhəmiyyəti orta məktəbdə şagirdlərin təhsil ala-ala öz bilik və bacarıqlarını tətbiq etmək imkanı qazanmalarındadır. Beləliklə də, orta məktəbdə peşə seçiminin yönləndirilməsi təşkil olunur. İndiyədək şagirdlərin peşə seçimində valideynlərinin təsirinin şahidi olurduq. Yeni qanunla uşaqlara imkan yaradılır ki, onlar öz qabiliyyətlərini, potensiallarını aşkar edə və gerçəkləşdirə bilsinlər. Peşə seçimini qabiliyyətlərinə uyğun olaraq özləri etsinlər.

 

- 5 fəsil, 33 maddədən ibarət yeni qanunda əksini tapan fərqli məqamlarla bağlı nə deyə bilərsiniz?

 

- “Ümumi təhsil haqqında” Qanun dövlətin ümumi təhsil sahəsindəki vəzifələri, həyata keçirəcəyi siyasətdir. Dövlət təhsil müəssisələrinin yaradılması, bələdiyyə və özəl təhsil müəssisələrində şəraitin yaradılması, attestasiyanın keçirilməsi, lisenziyaların verilməsi bu qanunla tənzimlənir. Ən vacib məsələlərdən biri isə tədris dili ilə bağlıdır. 6-cı maddədə göstərilib ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili-Azərbaycan dilidir. Amma valideynlərin, şagirdlərin istəyi nəzərə alınaraq tədris başqa dildə də aparıla bilər. Bunun da hər hansı təhlükəli tərəfini görmürük. Azərbaycan dili, tarixi öyrənilməklə məktəblərimizdə istənilən dildə tədris təşkil edilə bilər. Tədrisi başqa dildə aparılan sinif və məktəblərdə dərsliklər Azərbaycan dövlətinin müvafiq icra orqanının müəyyən etdiyi dövlət standartları və kurikulumlar əsasında hazırlanacaq. Tədris dövlət dilində həyata keçirilən məktəblər də daxil olmaqla, 11 ildir ki, ümumi təhsil müəssisələrində dərslər yeni proqram əsasında həyata keçirilir. Nəticədə bu ildən başlayaraq şagirdlərin ali məktəblərə qəbulu prosesində yekun attestasiyanın və qiymətləndirmənin prinsipləri dəyişdirildi. Artıq abituriyentlərin həm orta məktəbdəki nailiyyətləri nəzərə alınacaq, həm də ali məktəbə qəbul imtahanlarında göstərdiyi nəticələr. Bunun da müsbət nəticələri ümumi təhsil müəssisələrində hiss ediləcək. İndiyədək ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin orta məktəbdəki nəticələri sanki ayrı bir proses kimi nəzərə alınmırdı. Bu da müəyyən problemlərə gətirib çıxarırdı. Məsələn, təhsilin fasiləsizliyi prinsipi pozulurdu. İkinci bir tərəfdən isə yanlış fikir formalaşırdı ki, orta məktəbdə oxumağın, qiymətlərin heç bir əhəmiyyəti yoxdur. Bu da məktəbdən yayınmalara, repetitorluğun məktəbin önünə keçməsinə səbəb olurdu. Bu məsələ artıq həllini tapacaq.

 

Bir məqama da toxunmaq istəyirəm. Cəmiyyətdə bəzən repetitorluq haqqında yanlış fikir formalaşır. Elə hesab edirlər ki, repetitorluq qətiyyətlə pislənilir və qadağan edilir. Ancaq bunu qadağan etmək olmaz. Hər hansı şəxs əlavə məşğul olmaq istəyirsə, bu, onun hüququdur. Problem ondadır ki, ali  məktəblərə, yaxud peşə məktəblərinə qəbulun prinsipi tamamilə başqa idi. Yeni sistem bu problemləri aradan qaldıracaq. Artıq şagirdlər üçün peşə və ya ali məktəblərə getmək önəmlidirsə, onlar orta məktəbdə daha yaxşı oxumağa çalışacaqlar. Son 5 ilin nəticələrinə nəzər yetirsək, ümumi təhsil müəssisələrində keyfiyyət göstəriciləri  dinamik olaraq yüksəlib. Yeni sistem bu yüksəlişi daha da artıracaq. Təhsil sistemində əldə edilən bu vəhdət Təhsil Nazirliyinin çox uğurla həyata keçirdiyi siyasətdir. Ancaq bu proses ağırdır. Təhsildə islahatların nəticəsini dərhal görmək mümkün deyil. Məktəbəqədər təhsildən başlayıb ali təhsilə qədər gedən yolun nəticəsini kadr işə başlayandan sonra hesablamaq mümkün olur. Lakin bir şeyi əminliklə qeyd edə bilərik ki, ölkə iqtisadiyyatında irəliləyiş varsa, deməli, burada təhsilin də payı var. Çünki dövlət başçısının müəyyən etdiyi islahatı Azərbaycan təhsil müəssisələrinin hazırladığı ölkə vətəndaşları icra edir.

 

Qanunda daha bir məsələyə münasibət qətiləşib. 6 yaşlıların məktəbə cəlb edilməsində müəyyən problemlər yaranırdı. Təhsil Nazirliyinin təklifi ilə “Təhsil haqqında” Qanuna edilən düzəlişdən sonra təqvim ilinin sonunadək 6 yaşı tamam olan bütün uşaqların məktəbə qəbulunda narahatlıqlar aradan qaldırılıb. “Ümumi təhsil haqqında” Qanunda da əksini tapan bu dəyişikliyə görə, artıq 6 yaşı tamam olan hər bir uşaq birinci sinfə qəbul edilir.

 

Məktəbli geyimləri ilə bağlı da qanunda münasibət aydınlaşıb. Böyük müzakirələrə səbəb olan və hamını maraqlandıran bu məsələ ümumi təhsil müəssisəsi haqqında olan 12-ci maddədə əksini tapıb. Burada qeyd edilib ki, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunan geyim formaları tətbiq edilir. Bu tətbiq birmənalı olaraq diqqətin yayınmasına, ayrı-seçkiliyə imkan verməyəcək, təhsilin əlçatanlığı kimi, təhsilalanlar arasında hər hansı qeyri-sağlam münasibətin aradan qaldırılmasına da öz töhfəsini verəcək. Geyim forması əxlaqa təsir edən vacib məsələdir. Vahid geyim kiçik yaşlarından uşaqları etiket qaydalarına əməl etməyə, intizama sövq edir. Məsuliyyətlilik və intizamlılıq formalaşır. Məsuliyyət, intizam varsa, deməli, insanda iradənin inkişafı elementi var. İradə nə qədər güclü olarsa, uşaqların intellektual inkişafı üçün münbit şərait yaranır. Beləliklə, vahid geyim həm də şəxsiyyətin, gələcək mütəxəssisin güclü xarakterinin uşaqlıqdan formalaşmasına xidmət edir. Ümumi təhsil haqqında dövlət sənədinin verilməsi, təhsil fəaliyyətinin lisenziyalaşdırılması, ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyası, təhsil müəssisəsində çalışan, təhsil prosesinə cəlb edilən şəxslərə pedaqoji işçi statusunun verilməsi də qanunda əksini tapan məsələlər siyahısında önəmliliyi ilə seçilir.

 

Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər, defektoloq, loqopedlərə də tətbiq ediləcək. Yəni, 21.0.3 maddəsində ümumi təhsil prosesinin iştirakçıları müəyyən edilir və bu prosesdə iştirak edən pedaqoji işçilər siyahısında çağırışaqədərki hazırlıq rəhbərləri, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, sosial xidmət sahəsinin işçiləri, metodistlər, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri də sadalanır.

 

Qanunla artıq pedaqoji işçilər sayılacaqlarından onların əməkhaqqı artımı, məzuniyyət məsələləri həll edilir. Onlar artıq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirilmə, sertifikatlaşdırma ilə bağlı  islahatlardan kənarda qalmayacaq, nəticədə maaşları müvafiq qaydada artacaq. Yəni, pedaqoji işçi sayılmayanların əməkhaqqının artırılmasının hüquqi mexanizmi indiyədək bir qədər qeyri-dəqiq idi. Yeni qanunla bu mexanizm artıq var. Nəzərdə tutulub ki, pedaqoji işçilərə tətbiq edilən qayda onlara da aid ediləcək. 

 

- Beynəlxalq və respublika fənn olimpiadalarında birinci yer tutanlara tətbiq edilən güzəştlər bu qanunda yer alırmı?

 

- Müzakirələrdə ən çox fikir ayrılığı müşahidə edilən məsələlərdən biri də məhz bu idi. Halbuki dünya təcrübəsi göstərir ki, beynəlxalq olimpiadalarda birinci yeri tutanlar başqa ölkələrin ali məktəblərinə dəvət olunur, bu da beyin axınına gətirib çıxarır. Bu məsələdə öndə gedən ölkələrdən biri Sinqapurdur. Bu ölkədə olimpiadaları izləyir, yüksək yer tutanlar xüsusi təqaüdlə təhsilə cəlb edilir, onlardan nəinki təhsil haqqı almır, hətta ali məktəbi bitirəndə onları yüksək maaşlı işlə təmin edirlər. Təsəvvür edin, Sinqapur beynəlxalq olimpiadalarda nailiyyəti olan şagirdlərə öz universitetlərində təhsil imkanı ilə yanaşı, təhsil aldığı müddətdə 3000 dollar təqaüd də verir. Sinqapur kiçik ölkə olsa da, belə inkişaf edir. Azərbaycan Prezidentinin həyata keçirdiyi bu siyasət - qara qızılın insan kapitalına çevrilməsi, bu kapitalı məhz potensiallı gənclərin təhsilinə yönləndirməsi ağıllı, düzgün müəyyənləşdirilmiş siyasətdir.

 

Beynəlxalq olimpiadalarda müvəffəqiyyət əldə edən gənclərin ali məktəblərimizdə istədiyi ixtisasa qəbul olunması, respublika fənn olimpiadalarında qalib gələnlərin isə olimpiadada iştirak etdiyi ixtisas üzrə ali təhsilə imtahansız giriş imkanının olması gənclər üçün böyük stimul olacaq.

 

Bunları nəzərə alaraq hesab edirəm ki, “Ümumi təhsil haqqında” Qanun uzun illərə hesablanmış qanundur. Bu prosesdə Təhsil Nazirliyinin, eləcə də Milli Məclisin Elm və təhsil komitəsinin, o cümlədən komitə sədri akademik İsa Həbibbəylinin böyük əməyi var.

 

- Təhsil sistemində nail olunmağa çalışılan və ən çox narahatlıq doğuran məsələlərdən biri valideyn-müəllim-məktəb münasibətləridir. Yeni qanun valideynlərin məktəblə münasibətlərini dəyişə, onları təhsil prosesinin əsas iştirakçısına çevirə biləcəkmi?

 

- Əlbəttə. 24-cü maddədə ümumi təhsil sahəsində valideynlərin və digər qanuni nümayəndələrin hüquq və vəzifələri əksini tapıb. Ümumi təhsili yalnız məktəblə bağlamaq doğru deyil. Təlim və tərbiyə prosesi həm də ailə ilə bağlıdır. Ona görə də məktəblə ailənin, müəllim-şagird-valideyn vəhdəti əsas prinsiplərdən biri olub. Qanun bu sahədə olan çətinliklərin hüquqi yolla həll edilməsinə, təhsilverənlərin və təhsilalanların hüquqlarının tənzimlənməsinə, eyni zamanda həyata keçirilən islahatların məhz qanuni baza əsasında tənzimlənməsinə tam imkan verir.

 

 

Bu, pis nümunə, təhlükəli tendensiyadır

 

 

- Təhsil haqqında qanunların qəbulunda deputatlar xüsusi fəallıq nümayiş etdirirlər. Bu qanunun qəbulunda fikir ayrılığına səbəb olan və əksinə, sözbirliyi müşahidə edilən məsələlər hansılar idi?

 

- Ziddiyyətli məqamlar az idi. Təkliflər daha çox oldu. Qanunun predmeti olmayan məsələlərlə bağlı təkliflər qəbul edilmədi. Məlumdur ki, hər xırdalığın qanunda əksini tapması mümkün deyil. Ancaq həmin təkliflər və geniş müzakirələr sayəsində qanunda boşluq yaranmadı. Elə məsələlər də vardı ki, tək-tək də olsa, fikir olaraq səsləndirildi.  Məsələn, yuxarıda qeyd etdiyimiz kimi beynəlxalq fənn olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması ilə bağlı maddəni digərlərinin hüquqlarının pozulması kimi dəyərləndirənlər də oldu. Əslində isə bunun belə olmadığı cəmiyyətdə çoxuna bəllidir. Bu, stimuldur. Yaxşıya verilən dəyərdir. Gəncliyə daha yaxşı oxuması, nümunəvi olması üçün bir çağırışdır. Əslində, ədalətlilik prinsipidir. Məhz ədalətlə baxanda, ən yüksək nailiyyəti olanla heç bir nailiyyəti olmayanı bərabərləşdirmək ədalətsizlikdir. Bu, pis nümunə, təhlükəli tendensiyadır. Tərbiyədə ən vacib metodlardan biri nümunədir. Yaxşılar nümunə olmalıdır. Prezident təqaüdü niyə təsis olunub? Ən yaxşıya Prezident təqaüdü, adlı təqaüdlər verilir. Bu, onları stimullaşdırmaq, daha yaxşı oxumağa həvəsləndirmək üçündür.

 

 

Ruhiyyə DAŞSALAHLI