95 il elmi-pedaqoji mühitin tərbiyəsində


Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı olan  “Azərbaycan məktəbi”nin bu il 95 yaşı tamam olur. Mətbuat tariximizin ən uzunömürlü elmi jurnalı hesab olunan bu dərgi 1924-cü ildə “Yeni məktəb” adı ilə fəaliyyətə başlayıb. 1930-cu ildən “Müəllimə kömək”, 1943-cü ildən  “Azərbaycan məktəbi” adı ilə çap olunur.

 

Jurnal  95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında  əhəmiyyətli rol oynayıb. Ötən əsrin əvvəllərində Azərbaycanda inkişaf edən maarifçilik ideyaları, yaranan yeni məktəblər, elmə, təhsilə olan marağın artması elm adamlarının elmi əsərlərlə çıxış etmələrini də şərtləndirirdi. Xalqın mütərəqqi ziyalılarının elmi nəşrlər ətrafında birləşib, öz elmi fikir və düşüncələrini oxuculara çatdırmaq zərurəti yaranmışdı. “Azərbaycan məktəbi” jurnalı da maarifçiliyin, elmə, təhsilə yeni yanaşmanın getdikcə vüsət aldığı bir zamanda meydana çıxdı və öz ətrafında dövrünün ən görkəmli alimlərini birləşdirdi. Fəaliyyətinin ilk illərindən jurnala elmi-pedaqoji aləmdə nüfuzu olan alimlər, pedaqoji sahənin mütəxəssisləri rəhbərlik edib.

 

 

Baş redaktorlar

 

 

Jurnalın ilk baş redaktoru Mustafa Quliyev olub. 1928-1929-cu illərdə ona Abbas Sultanov, 1930-cu ildə Qılıncinski, 1932-ci ildə Mikayıl Rəhimli, 1935-1936-cı illərdə Pənah Qasımov, 1937-1940-cı illərdə İsmayıl Qasımov, 1940-cı ilin sonlarında Rüstəm Hüseynov, 1941-1943-də Laləzar Mustafayeva, 1947-də Ə.M.Qafarlı, 1948-1963-cü illərdə Rüstəm Hüseynov, 1963-1974-cü illərdə Əkbər Mirzəyev, 1974-1981-ci illərdə Əjdər Ağayev, 1981-2006-cı illərdə Zəhra Əliyeva, 2006-2018-ci illərdə Nəcəf Nəcəfov rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Rahil Nəcəfovdur.

 

 

Məqalələri dərc olunan dünya şöhrətli alimlər

 

 

Azərbaycan ictimai fikrinin tanınmış simaları - Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud  Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Mərdan Muradxanov, Bəşir Əhmədov, Yusif Talıbov, Əliheydər Həşimov, Əjdər Ağayev, Əbdül Əlizadə, Nurəddin Kazımov, Yəhya Kərimov, Hüseyn Əhmədov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu məcmuə vasitəsilə oxuculara çatdırıblar.

 

XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alırdı. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin  (keçmiş SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri, akademiklər  Yuri Babanski, Artur Petrovski, Meşşannikov, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri Daniel Elkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson, Nadejda Krupskaya, Belorusiyadan olan akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amonaşvili, Azərbaycanın görkəmli müəllimləri, məktəbşünasları Sona Tağıyeva, Zahid Şöyübov, Məhər Quliyev, Zərbəli Səmədov, Aliyə Təhmasib, Abuzər Ağayev, Yunis Zərgərli) əsərləri sistemli olaraq jurnalın səhifələrində yer tutub. İttifaqın aparıcı elmi-pedaqoji nəşrləri “Azərbaycan məktəbi” jurnalında dərc olunan yazılardan ardıcıl olaraq iqtibaslar gətirib, buradakı elmi məqalələri öz səhifələrində yerləşdiriblər.

 

 

“Special Issue” - xüsusi buraxılışlar

 

 

Keçmiş sovet  respublikaları  arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır. Dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə 1947-ci ildən nəşrə başlayan “Russkiy yazık i literatura v Azerbaydjanskoy şkole” məcmuəsi olub. Bir neçə il sonra nəşrə başlayan “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954), “Fizika və riyaziyyat  tədrisi” (1954), “Kimya və biologiya tədrisi” (1956), “Əmək və politexnik təlim” (1958), “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964), “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970), “Məktəbdə bədən tərbiyəsi” (1976) məcmuələri uzun illər müəllimlərin stolüstü vəsaitinə çevrilib. Qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana qədər  metodika sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə təhsil ictimaiyyətinə çatdırılırdı.

 

1990-cı illərin əvvəllərində “Azərbaycan məktəbi” jurnalı bir sıra problemlərlə üzləşib. Jurnalın bağlanmaq təhlükəsi yaranıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından (1993) sonra ölkəmizdə bərqərar olan sabitlik və davamlı inkişaf kursu sayəsində təhsilin bütün sahələrində olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən də “Azərbaycan məktəbi” jurnalının normal fəaliyyət göstərməsinə imkan və şərait təmin olunub.

 

 

Beynəlxalq nüfuzlu elmi indekslərdə

 

 

2018-ci ildən Təhsil Nazirliyinin tövsiyəsi ilə jurnalda məqalələrin işlənməsi və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq maarifçilik, fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür.

 

Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus İnternational, İdealonline, COPE indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların - SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir. Bu hədəfə çatmaq üçün isə qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. 

 

Jurnalda yer alan “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını, (“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən genişmiqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınması, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını) zəngin tədqiqat faktlarını əhatə edir.

 

Jurnala təqdim edilən məqalələrin orijinallığı xüsusi proqramlar vasitəsilə yoxlanılır.

 

Məqalələrin daha rahat axtarış və istinad sistemini təmin etmək məqsədilə DOİ (digital object identifier) nömrələri alınır. Bu isə imkan yaradır ki, müəlliflərin məqalələri dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasında olsun. Bu, elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya olunmaq baxımından çox önəmlidir. Jurnalın www.journal.edu.az saytının da rolu danılmazdır. Saytda yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunmuş məqalələrin də arxivi yerləşdirilir. Bu, təhsil tariximizin öyrənilməsi baxımından mühüm mənbə kimi diqqət çəkəcək, eləcə də təhsil tariximizi araşdıranların işini asanlaşdıracaq.

 

Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində yazıların dərc olunmasıdır. Müxtəlif dillərdə dərc olunan yazılar jurnalın oxucu auditoriyasını genişləndirməklə bərabər, ona mövzu, yanaşma rəngarəngliyi gətirəcək, daha geniş müəllif dairəsinin yaranmasına yol açacaq.

 

 

“Azərbaycan müəllimi”