Yarışma BMU-nun təşkilatçılığı, BP-nin maliyyə dəstəyi ilə keçirilir


Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə  "Yeni fikir VI" startap müsabiqəsi keçirilir. Bu məqsədlə BMU-da geniş tərkibli görüş təşkil olunub. Hər iki tərəfin nümayəndələrinin iştirak etdiyi tədbirdə universitetin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə diqqətindən və ölkəmizdə yaradılan şəraitdən danışıb. Bildirib ki, dünyada texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq BMU müasir tələblərə uyğun fəaliyyət və inkişaf istiqaməti seçib. Məhz buna görə də universitetin hazırladığı kadrlar müasir texnologiyalardan istifadə etməyi və öz ideyalarını biznesə çevirməyi bacarmalıdırlar.  BMU-da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli, qabaqcıl müəssisələrdə təcrübə keçən və müsbət vətəndaş xüsusiyyətlərinə malik kadr hazırlığı həyata keçirildiyini və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görüldüyünü deyən rektor. "Yeni Fikir" startap müsabiqəsinin (YFM) də innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihə olduğunu diqqətə çatdırıb.Qeyd edib ki, BP-nin  layihədə tərəfdaşlığı müsabiqəyə marağın daha da artacağına və yüksək səviyyədə təşkil olunacağına səbəb olacaq.

 

BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin Azərbaycanda təhsil sahəsində, innovativ texnosahibkarlıq konsepsiyalarının, layihələrin və startapların dəstəklənməsi istiqamətində gördüyü işlərdən danışıb. O, bildirib ki, Azərbaycanda BP-nin həyata keçirdiyi təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. İnanırıq ki, "Yeni Fikir VI" startap müsabiqəsi ölkənin ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyaya meyilli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradacaq.

 

Sonra müsabiqənin layihə rəhbəri BMU Texnoparkının müdiri, dosent İsa Qasımov müsabiqə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq həm də ekosistemə yeni startapların daxil olmasını hədəfləyir. O, layihənin 7 ay müddətində bir neçə mərhələdə keçiriləcəyini və startap müsabiqəsinə layihələrin qeydiyyatının 4 mart – 5 may 2019-cu il tarixlərində yenifikir.az veb səhifəsi vasitəsi ilə aparılacağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, müsabiqə, həmçinin startapların əldə edəcəyi imkanlar haqqında ətraflı informasiya yenifikir.az veb səhifəsində verilib. Müsabiqə qalibləri maliyyə və inkibasiya xidmətləri şəklində dəstək ala biləcəklər.

 

Tədbirdə çıxış edənlər BMU ilə BP arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və birlikdə görüləcək işlərin faydalarından danışıblar.

 

Sonda tədbir iştirakçıları universitetin Texnoparkında  startapların fəaliyyəti, BP tərəfindən qurulmuş kimya mühəndisliyi və mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olublar. Qonaqlar həmçinin tələbələrin dərs prosesində laboratoriyalarda apardığı təcrübələri də yaxından izləyiblər.