Payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat müzakirə olunub


Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası  açaraq gündəliyə “ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” və cari məsələlərin  daxil edildiyini bildirib.

 

İclasda öncə rektor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Tarix və coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının müdiri Naibə Əhmədovaya dosent attestatı, həmçinin universitetin ictimai-siyasi həyatında fəal iştirak etməsinə görə və 80 illik yubileyi münasibətilə Filologiya fakültəsinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının professoru Himalay Qasımova, universitetin ictimai-siyasi həyatında fəal iştirak etməsinə görə və 65 illik yubileyi münasibətilə Hərbi səfərbərlik və xüsusi şöbənin rəisi Telman Budaqova fəxri fərmanlar təqdim edib, onlara uğurlar arzulayıb.

 

Professor H.Qasımov, dosent N.Əhmədova və T.Budaqov göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkür ediblər.

 

Rektor çıxışında qeyd edib ki, payız semestrinin imtahan sessiyası mütəşəkkil keçirilib, aşkarlıq, şəffaflıq və obyektivlik tam təmin edilib. Bütövlükdə sessiya uğurla başa çatıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cəmiyyətdə ADPU-ya baxış dəyişib. “Bu, bütün kollektivimizin uğurudur. ADPU dünyanın aparıcı universitetləri ilə əlaqələri və əməkdaşlığı genişləndirir. Mən Təhsil Nazirliyinin xətti ilə bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olmuş, müxtəlif görüşlərdə iştirak etmişəm. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə danışıqlar aparılır. Bu əlaqələr bizim üçün yeni imkanlar, yeni perspektivlər açacaqdır”.

 

“ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” məruzəsi ilə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Prorektor E.Aslanov bildirib ki, payız semеstrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. İmtahanlar yanvarın 3-dən fevralın  5-dək  tərtib olunmuş cədvəl üzrə keçirilib. Universitetdə bütün aralıq qiymətləndirmələr və semestr imtahanları Tədris  Departamentinin  İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçirilib və vahid mərkəzdən idarə olunub.

 

Prorektor E.Aslanovun hesabat məruzəsində filiallarda və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində payız semestrinin imtahan sessiyasının nəticələri öz əksini tapıb. Qeyd edib ki, bütövlükdə imtahan prosesində mütəşəkkillik, aşkarlıq və şəffaflıq artıb.

 

Prorektor E.Aslanov çıxışının sonunda tədris prosesinin və imtahan sessiyasının keçirilməsinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

 

İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundov, Apelyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov qərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və görülən tədbirlər barədə ətraflı məlumat veriblər. Dosent A.Axundov və R.Sadıqov imtahan yazı işlərinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin daha da artırılması üçün təkliflər irəli sürüblər.

 

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor , professor Asəf Zamanov Elmi Tədqiqatlar Mərkəzinin yaradılması, Tədris işləri üzrə prorektor, dosent E.Aslanov ADPU-nun filiallarının elmi şuralarının tərkibi və Keyfiyyətin təminatı şöbəsinin Əsasnaməsi haqqında, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə PETRA layihəsi çərçivəsində “Öyrətmə və öyrənmə qaydaları” adlı sənədin hazırlanması məqsədilə işçi qrupun yaradılması və qaydaların hazırlanması haqqında, Elmi katib, dosent İradə Qasımova elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiya mövzuları və elmi  rəhbərlər, Kimya və biologiya fakültəsinin “Biologiya və onun tədrisi metodikası” kafedrasının dosenti Elnurə Səfərovaya dosent elmi adının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə məlumat veriblər.

 

 Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.