Lənkəran Dövlət Universitetində “Novruz mühazirələri”


Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan təhsildə yeni ənənələr formalaşır. “Novruz mühazirələri” də onlardan biridir. 2016-cı ildən etibarən hər il keçirilən “Novruz mühazirələri”ndə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlərdən danışırlar.

 

Bu ilin ilk mühazirəsi Lənkəran Dövlət Universitetində dinlənilib. İlk məkan LDU-nun seçilməsi isə təsadüfi deyil. 2019-cu il Azərbaycanda qeyri-rəsmi “BDU ili”dir. LDU isə BDU-nun “ənənə davamçısı” sayılır.

 

Bu məqamda xatırladaq ki, Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilərək, nizamnamə təsdiq olunub. Beləliklə, Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil müəssisəsi yaradılıb. Universitet ilk tədris ilinə 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb.

 

Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

 

Bundan 72 il sonra, 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi yaradılan Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərəncamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlayıb. Beləliklə, müstəqilliyini ilk dəfə elan edən Azərbaycan Xalq Cümhuriyyətinin  ilk universiteti müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk dövlət statuslu ali təhsil müəssisəsində 2019-cu ilin “Novruz mühazirələri”nin mövzusu olub.

 

 

Yeni universitetin müasir ənənəsi

 

 

Mühazirə iştirakçıları əvvəlcə Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda laboratoriya və auditoriyalar, müəllimlər üçün istifadəyə verilən qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tədris korpusunun tikintisi ilə tanış olublar. “Kimya”, “Biologiya”, “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası”, “Aqrokimya” laboratoriyaları, sitrus bağı ən müasir universitet olmağa iddialı Lənkəran Dövlət Universitetində yaradılmaqda olan təhsil mühitindən və şəraitindən xəbər verir. Elə tələbələr də laboratoriyalardakı şəraitdən, yeməkxanadakı xidmətdən və ümumiyyətlə, universitetdə tədrisin keyfiyyətindən razıdırlar.

 

 

“Yüksək bal toplasam da, müəllimliyi seçdim”

 

 

Kimya müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Samir Səfərov laboratoriyadadır. Dediyinə görə, mütəmadi olaraq yeni texnikalarla işləyir və elə universitetdəcə təcrübə keçirlər: “Müəllimliyi seçdim, özü də Lənkəran Dövlət Universitetində. Üstəlik, kor-koranə seçmədim. Ali məktəbə qəbul olunmazdan əvvəl universitetləri araşdırdım və burada yaradılmaqda olan şəraitlə bağlı məlumat əldə etdim. İxtisas seçimi zamanı da elə birinci yerdə LDU-da kimya müəllimliyi ixtisasını yazdım və qəbul olundum. Qeyd edim ki, orta təhsilimi Lerik rayonunda almışam. Kimya müəllimim Rakim Cabbarovun dərs prosesindəcə öyrətdikləri ilə, yəni əlavə hazırlıqlara getmədən bu fənn üzrə maksimum nəticə göstərib, 515 bal topladım. Müəllimim kimyanı da sevdirdi, müəllimliyi də. Müəllimlik ixtisasını seçməyim müəllimimə və bu peşəyə olan sevgimdən irəli gəlir”.

 

 

LDU-nun həyətində BDU-nun yaşı qədər ağac

 

 

Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib. 

 

Sonra Lənkəran Dövlət Universitetinin akt zalında Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlının təqdimatı ilə “Novruz mühazirələri” başlayıb.

 

Öncə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov iştirakçıları salamlayıb. “Novruz mühazirələri”nin əhəmiyyətindən bəhs edən N.İbrahimov belə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.

 

 

Azərbaycan elm tarixinin parlaq səhifəsi

 

 

Tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı “Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi barədə danışıb: “Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycan elm tarixinin parlaq səhifəsidir. Bu, təkcə elm-təhsil ocağı deyil, eyni zamanda, Azərbaycan xalqının taleyində önəmli rol oynayan bütün məsələlərdə öncül və birinci olan ali təhsil müəssisəsidir”. 

 

Professor, həmçinin, BDU ilə bağlı maraqlı statistik məlumatlar açıqlayıb: “100 illik tarixi dövründə BDU-nu 174500 tələbə bitirib. Bu da bir daha sübut edir ki, Azərbaycanda elə dövlət qurumu yoxdur ki, orada BDU məzunu olmasın”.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva xalqımızın müqəddəs bayramı olan Novruzun milli-mənəvi varlığımızın qorunmasındakı rolundan, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildən ənənəvi olaraq keçirilən “Novruz mühazirələri”nin əhəmiyyətindən bəhs edib. Nazir müavini ənənələrin yaşadılmasının vacibliyini vurğulayaraq, bu məsələdə təhsilin üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıb: “Bizdən əvvəlki nəsillər ən ağır məhrumiyyətlərə qatlaşaraq, minbir çətinliklər bahasına müstəqilliyimizi əldə ediblər. Bu gün hər universitetdə gördüyümüz imkanı, müstəqil dövlətdə yaşamağın xoşbəxtliyini məhz onlara borcluyuq. Bu müstəqilliyi bundan sonrakı nəsillərə ötürmək isə bizim üzərimizə düşən vəzifədir. Bu mənada ən böyük məsuliyyət təhsilin üzərinə düşür. Çünki məhz təhsil cəmiyyətin inkişaf və tərəqqisini təmin edir. Məhz təhsil sahəsində çalışanlar ənənəni yaşatmağı, gələcək nəsillərə ötürməyin yollarını öyrədir. Odur ki, böyüməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olan hər kəs bunu bilməli və tətbiq etməlidir”.

 

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan “Novruz mühazirələri” çərşənbə tonqalının başında tamamlanıb. Təhsilin 100 illik ağrı-acısını çərşənbə axşamlarının ən isti və işıqlı ənənəsi olan Novruz tonqalında  yandırmaq üçün...

 

 

“Azərbaycan müəllimi”