Kənd məktəbində anım tədbiri


Martın 6-da Təzəkənd kənd tam orta məktəbində şəhid Mirzəağa Əzimovun anım tədbiri keçirilib. Məktəbin direktoru Elxan Bədəlov şəhidin qısa və şərəfli həyatından, rəşadətli döyüş yolundan söz açıb. Bildirib ki, İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olan Mirzəağa Əzimov 1994-cü ilin martında erməni daşnaklarına qarşı qanlı döyüşlərin birində - Füzuli rayonunun müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Qarabağ uğrunda qanlı döyüşlərdə iştirak edib, şəhidlik zirvəsinə ucalıb. O, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Təhsil aldığı Təzəkənd kənd tam orta məktəbi hazırda şəhidin adını daşıyır.

 

Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib. Mirzəağa Əzimovun müəllimi isə Lümunə Qasımova şəhid haqqında xatirələrindən danışıb.

 

Qeyd edək ki, şəhidin təhsil aldığı məktəbdə onunhəyatını və döyüş yolunu əks etdirən xatirə guşəsi yaradılıb. Məktəbin həyətində M.Əzimovun büstü qoyulub.

 

Sifai SƏFƏROVA