Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.

 

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin xanım əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Rəşad Tağıyev ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən idarə müdiri xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutmasını təqdirəlayiq hal kimi səciyyələndirib.

 

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına hər zaman xüsusi diqqət yetirdiyini vurğulayan BŞTİ müdiri bu məsələnin dövlət siyasətinin aparıcı istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb. R.Tağıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının adını yüksəltdiyini qeyd edib.

 

Sonra BŞTİ kollektivinin qadın üzvlərinə səmimi arzularını bildirən idarənin struktur bölmə rəhbərləri təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.

 

Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına BŞTİ-nin hədiyyələri və İdarə Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları verilib.