Buraxılış imtahanının martın 17-də keçiriləcək birinci mərhələsində həm də internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri iştirak edə biləcəklər

 

Təhsil müəssisələri və martın 17-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

 

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.