Universitetdə Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


Bakı Mühəndislik Universitetində Hindistan azadlıq hərəkatının böyük lideri və sülhün müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı Hindistanın ölkəmizdəki səfiri Şri B.Vanlalvavna da iştirak edib.

 

İlk öncə qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə mühəndislik, iqtisadiyyat və pedaqoji  ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Rektor  vurğulayıb ki, əksər ixtisaslarda tədris ingilis dilində aparılır. Bu da universitetin beynəlxalq əlaqələrinin inkişafına və beynəlxalq mübadilə proqramlarında iştirakına imkan verir. Hindistanın dünyada  İT sahəsinə verdiyi töhfələrlə tanındığını qeyd edən professor Havar Məmmədov Hindistan universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

 

Səfir, səmimi qəbula və tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən diplomat təhsil əlaqələrinin inkişafının vacibliyindən danışıb. Qeyd edib ki, təhsil əlaqələrinin inkişafı xalqların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

 

Universitetin akt zalında baş tutan tədbirdə  Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin həyatını əks etdirən film nümayiş etdirilib.

 

Professor Havar Məmmədov Mahatma Qandinin xatirəsinə həsr olunmuş tədbirin xalqlarımız arasında yaxınlığa və gənclərin Qandi ideyalarının öyrənmələrinə töhfə olduğunu diqqətə çatdırıb. Onun ideyalarının dünyanı sülhə və insanlar arasında irqi ayrı-seçkiliyin ortadan qaldırılmasına xidmət etdiyini bildirib.

 

Səfir Şri B.Vanlalvavna  Mahatma Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Qandi ideyalarının və onun fəlsəfəsinin tarixin bütün vaxtlarında dünya üçün aktuallığından və əhəmiyyətindən danışıb. Bildirib ki, Qandinin beynəlmiləl olması onun sülhsevərliyindən irəli gəlir.   

 

Tədbir BMU tələbələrinin ifasında Hind rəqsləri və müsiqiləri ilə davam edib.