Tədbiri Şamaxı Astrofizika Rəsədxanası keçirib


8-10 mart 2019-cu il tarixində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 27 mart - Elm Gününə həsr olunmuş “Tələbələr üçün Astronomiya Qış Məktəbi” adlı tədbir təşkil edilib. 

 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos”, Tusi-Bohm Planetarium və “AstroKlub”  tələbə dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi açılışında  ŞAR-ın direktoru,  AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edib.

 

O, qeyd edib ki, dövlət başçısı Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncam imzalayıb. Həmin sərəncamda hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb. Bu əlamətdar günün yüksək səviyyədə qeyd olunması məqsədilə ölkə üzrə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. “Tələbələr üçün Astronomiya Qış məktəbi”nin təşkil edilməsi bu sahədə həyata keçirilən işlərdən biridir. Tədbirin əsas məqsədi tələbələrin astronomiya və kosmos elminə maraqlarını artırmaqdır.

 

Üç gün davam edən tədbirdə Bakı Dövlət Universiteti, ADA, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universitetində təhsil alan 30-dan çox tələbəyə ŞAR əməkdaşları tərəfindən astronomiyanın müxtəlif sahələrini əhatə edən məruzələr  təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda məktəb iştirakçılarına sertifikatlar təqdim edilib.