Azərbaycan Elm Assosiasiyası tələbələr üçün təlim keçirib


İnformasiya toplamaq, elmi məzmunlu məsələləri araşdırmaq və mülahizələr ərsəyə gətirmək bir ayrı, onları elmi məqalə və dissertasiya formasında yazmaq isə başqa bir  məharət tələb edir.  Hazırda Azərbaycanın elmi tədqiqat və ali təhsil müəssisələrində ən aktual mövzulardan biri məhz elmi məqalə və dissertasiyaların yazılma qaydalarının öyrənilməsidir.

 

Mövzunun  universitet tələbələri  üçün  aktuallığını  və  geniş araşdırma əhəmiyyəti kəsb etməsini nəzərə alan Azərbaycan Elm Assosiasiyası (ASA) və  "IB Club" nun təşkilatçılığı ilə gənc tələbə tədqiqatçılar üçün  "Elmi məqaləni necə yazmalı?"  adlı təlim keçirmişdir.  Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu,  Azərbaycan Elm Assosiasiyasının həmsədri,  gənc tədqiqatçı  İnqilab  Şahbazovdan aldığımız  məlumata görə,   əsasən  tələbələr  üçün nəzərdə tutulan təlimdə   fundamental məsələlər -  elmi məqalələrin yazılma  qaydaları, texniki və metodiki işlər və s. izah edildikdən sonra   nümunələr  əsasında  bəhs olunan məsələlər əyani formada  gənclərə izah edilmişdir. Bununla yanaşı, məqalə üçün münasib jurnalların seçilməsi və ümumiyyətlə, məqalə yazmaq üzrə  mövcud dünya praktikası (məqalənin qəbul prosesi,  yazı üslubu və s.) da dinləyicilərin diqqətinə çatdırılmışdır.  Sonda isə müzakirə və sual-cavab sessiyası təşkil edilmişdir. 

 

 

Oruc MUSTAFAYEV