Universitetin prorektoru bu ölkədə işgüzar səfərdə olub


04-09 mart 2019-cu il tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov AzTU və Almaniyanın Rostok Universiteti arasındakı ikitərəfli müqavilə  və “Metallurgiya və metalşünaslıq” kafedrası tərəfindən yerinə yetirilən elmi layihə çərçivəsində Almaniyada işgüzar səfərdə olub.

 

Səfər müddətində prorektor Sübhan Namazov Rostock Universitetinin Fraunhofer İnstitutunda olub və institutunun rəhbəri, professor Vilko Flüqqe ilə görüşərək ikili diplomların verilməsi, gələcəkdə birgə magistr və doktorant  hazırlığı ilə bağlı ilkin razılıq əldə edib. Professor Sübhan Namazov institutun laboratoriya bazası ilə yaxından tanış olub, gələcəkdə birgə yerinə yetiriləcək layihələr barədə müzakirələr aparıb.

 

Növbəti görüş Rostock Universitetinin Maşınqayırma və gəmi texnikası fakültəsinin dekanı, professor Hermann Seitz ilə keçirilib. Görüşdə “Texniki termodinamika” kafedrasın müdiri, AzTU-nun fəxri doktoru, professor Hassel və kafedranın dosenti, həmyerlimiz Cavid Səfərov iştirak ediblər. Görüşdə birgə kadr hazırlığı, müxtəlif ixtisaslar üzrə ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak kimi məsələlərdə razılıq əldə olunub. AzTU-nun məzunu, bu kafedranın dosenti Cavid Səfərovun təşəbbüsü ilə professor Sübhan Namazov Rostock Universitetinin “Texniki termodinamika” kafedrasında AzTU və yerinə yetirilən layihələr haqqında təqdimatla çıxış edib. Professor Sübhan Namazov Rostock Universitetinin Beynəlxalq əlaqələr və ERASMUS+ ofisinin rəhbəri  Michael Paulusla da görüşüb, beynəlxalq mübadilə, ikili diplom layihələrində iştirak etmək üçün mövcud mexanizmlər müzakirə edilib.

 

Daha sonra professor Sübhan Namazov  2001-2002-ci illərdə çalışdığı Axen Texniki Universitetinə səfər edib. Universitetin Qara Metalların Metallurgiyası və Materiallar Texnologiyası İnstitutlarında keçirilən görüşlərdə birgə rəhbərlik etməklə doktrant və magistr hazırlığı, həmçinin müxtəlif təhsil layihələrində birgə iştirakla bağlı razılıq əldə olunub. Qara Metalların Metallurgiyası İnstitunun rəhbəri professor Dieter Senk belə təşəbbüssləri dəstəkləyəcəyini bildirib. Görüşlər zamanı ikili diplom layihələrinin yerinə yetirilməsi də müzakirə olunub və bununla bağlı təklif müsbət qarşılanıb.