ADPU-da sağlamlıq imkanları məhdud gənclərin rəsm sərgisi açılıb


Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-nun tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi  "Xəyallar əngəl tanımaz" adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib.

 

Tədbirin rəsmi hissəsində ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev sərginin çox nəcib bir tələbə ideyasının reallaşmış halı olduğunu vurğulayıb, iştirakçı gəncləri salamlayıb, onlara gələcək yaradıcılıq yollarında uğurlar diləyib.

 

TGT sədri Taleh Budaqov bildirib ki, Tələbə Gənclər Təşkilatı ideyası olan hər bir tələbəyə fərdi yanaşma tətbiq edir, universitet rəhbərliyinin də tam dəstəyi ilə onların layihələrinin işlənməsinə və icrasına hərtərəfli zəmin yaradır. Bu gün icra olunan layihə də Gənclər Fondunun XI qrant müsabiqəsindən ADPU tələbələrinin qazandığı 6  layihədən biridir.

 

Sonra layihə rəhbəri Ləman Vəliyeva  sərgi haqqında ətraflı məlumat verib, bu sərginin sırf sağlamlıq imkanları məhdud olan gənclərin istedadlarını aşkar etmək və onları bir daha cəmiyyətə qazandırmaq məqsədi daşıdığını vurğulayıb. Ardınca iştirakçıların sualları cavablandırılıb.

 

Daha sonra  ADPU-nun 1 nömrəli tədris binasının foyesində layihəyə təqdim edilən sağlamlıq imkanları məhdud olan gənclərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Qonaqlar və iştirakçılar sərgiylə tanış olub, onlara sərgi haqqında maarifləndirici bukletlər paylanılıb.