Bu məqsədlə Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb


Dövlətin təhsil strategiyasina əsasən ölkə universitetlərinin diplomlarının beynəlxalq arenada tanınması məqsədilə müxtəlif addımlar atılır. Bunlardan biri də xarici universitetlərlə dual diplom (ikili diplom) əlaqələridir. Azərbaycan Texnologiya Universiteti (UTECA) bu istiqamətdə real nəticələr əldə edib.

 

Belə ki, UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diploma keçidlə bağlı Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçirəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.

 

Memorandumun imzalanmasında UTECA-nın nümayəndə heyyətinin tərkibində  tədris şöbəsinin müdiri Piri Axundov, Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin dekanı, dosent Nazim Vəliyev, “Maşın mühəndisliyi və logistika” kafedrasının müdiri, professor Tofiq Qocayev, Nijni Novqorod Dövlət Texniki Universitetinin rektoru Sergey Dmitriev, Tədris şöbəsinin müdiri Yevgeniy İvaşkin,  eləcə də Nəqliyyat Sistemləri İnstitutunun Direktorlar şöbəsinin nümayəndələri iştirak ediblər.