Kvant hesablama sənayesinin aparıcı şirkətlərindən biri olan “IBM” cari ildə ilk ticari kvant kompüteri “Q System One”ı təqdim edib. Hazırda mühəndislər kvant elektron hesablama maşınlarının məhsuldarlığını ikiqat artırmağı qarşılarına məqsəd qoyublar. 

 

www.news.rambler.ru saytının məlumatına görə, bu inkişaf planı ənənəvi kompüterlər üçün nəzərdə tutulan Mur qanunu ilə müqayisə edilə bilər. Hesablama gücünün tranzistor sayına görə deyil, kvant gücünə görə müəyyənləşdirilməsi əsas fərq hesab edilir. Bu, parametr kubitlərin sayı ilə yanaşı, onlardan eyni anda nə qədər istifadə olunması imkanını da nəzərə alır.

 

“Q System One”ın kvant həcmi 16 kubitdir. Plana əsasən, 2025-ci ildə bu göstərici 1000 kubit təşkil edəcək.

 

“IBM Research” şirkətinin vitse-prezidenti Ceffri Uelserin sözlərinə görə, kubitlərin sayı 50-dən çox olduqda kvant kompüterlərinin xüsusiyyətləri ənənəvi kompüterlər üzərində üstünlük təşkil edəcək. Proqnozlara əsasən, bu yenilik 2021-ci ildə baş tutacaq.