Kəlbəcər maarifində izi qalan müəllim


“Müəllimlik çox çətin peşədir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir. Bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.

 

 

Heydər ƏLİYEV,

 

ümummilli lider

 

 

Deyirlər insanın qiyməti  onun əməlləri ilə ölçülür. Haqqında söz açdığımız  Laçının Minkənd kəndində doğulub boya-başa çatan, sonralar taleyin hökmü ilə Kəlbəcərə köçüb burada təhsilin əsasını qoyanlardan biri, istedadlı pedaqoq və fədakar el ağsaqqalı Cəfər Əhmədov da  xatirələrdə əməlləri ilə yadda qalıb. Keçdiyi mənalı ömür yoluna işıq salıb. Cəfər müəllimin  el-oba üçün etdiklərini minnətdarlıqla xatırlayanda şərəfli müəllim adını ləyaqətlə daşıyan bu fədakar insanın çoxşaxəli pedaqoji fəaliyyəti gözümüz önündə canlanır.

 

O, səhər yerindən durandan axşam yatana qədər bircə şey haqqında fikirləşərdi: Nə edim ki, filankəsin oğlu dərsini yaxşı oxusun, el-obasına, xalqına, millətinə köməyi dəysin. Bax belə bir ömür yaşayırdı Cəfər müəllim. Peşəsi, işi-gücü balaca, dəcəl məktəblilərə-şagirdlərinə elm öyrətmək, onlara öyüd-nəsihət vermək idi.

 

Dünənki, bugünkü ziyalılarımız, tanınmış ictimai-siyasi xadimlər, elm, ürfan sahibləri bəlkə də onun tövsiyələrinin təsiri ilə bir az da yaxşı oxumuş, xalqımızın tarixinə öz imzalarını atmışlar.

 

Cəfər müəllimin dövründə böyük alimlər ordusu (Şamil Əsgərov, Eldar Qasımov, Ələmdar Əlbəndov, Eldar Ramazanov, Bəhrəm Sarıyev, Yusif Əhmədov, Ənvər Rza, Məmməd Aslan, Şahlar Əsgərov, Ələmşah Cəfərov və s.) yetişərək respublikamızda və xarici ölkələrdə geniş fəaliyyət göstərirdilər.

 

Cəfər müəllim şagirdləri ilə nəfəs alırdı. Bəzən evdə arvad-uşaq gileylənirdi. “Ay ata, axı biz də varıq”. O isə bunun fərqinə varmazdı. Çünki elin balası da onun balası idi.

 

Bəli, Cəfər müəllim həyatda belə əməllərlə, amallarla yaşayırdı. Onun bu fədakarlığı isə öz bəhrəsini çoxdan verib.

 

Cəfər müəllim qeyri-adi pedaqoji qabiliyyətə, fenomenal fitri istedada malik insanlardan, müəllimlərdən biri idi. Onun hər kəlməsi bir öyüd-nəsihət, hər addımı  ölçülmüş-biçilmiş bir addım, hərəkət idi. Bu da ona nəsib olduğu nəslinin, kökünün qan yaddaşı, geni ilə keçmişdi. Bu insan həyata ancaq yaxşılıq etmək, insanlara dayaq - kömək olmaq üçün gəlmişdi. Bu gün də hansı qarabağlını dindirsən, mütləq onun haqqında deməyə sözü var. Deməyə sözü varsa, deməli Cəfər müəllim 90 illik ömrünü el yolunda havayı xirid etməyib.

 

 

Yetirmələrinin  xatirələrindən

 

* Böyük Cəfər müəllim doğulduğu torpağa, mənsub olduğu xalqa şərəf gətirən ziyalılardan  idi. Baxışı nurlu, fəaliyyəti xeyirxah idi. Məğrur duruşu vardı. Sinəsində gəzdirdiyi “Lenin” ordeni bu duruşun əzəmətini artırırdı. Yaşa dolduqca qəddi əyilmədi. Məğrur duruşunu həmişə qorudu.

 

Cəfər müəllim böyük pedaqoq idi. Bizi oxumağa həvəsləndirmək üçün həmişə qış tətilinə gəlmiş ali məktəb tələbələri ilə şagirdlərin görüşünü təşkil edərdi. Çıxışına “formaca milli, məzmunca sosialist”olan dövlətdən başlayaraq, sonra  sözü tələbələrə verərdi. Tələbələri həsədlə dinləyərdik, biz də tələbə olmaq arzusu ilə yaşayardıq, dərslərimizə daha məsuliyyətlə çalışardıq.

 

“Özünü düşünənlər Allah-təalanın ona bəxş etdiyi ömür qədər yaşayırlar,  xalqı düşünənlərin ömrü xalqın ömrü qədərdir”.

 

Bu qədim yunan məsəli Cəfər müəllimin  şəxsində də doğrudur. Cəfər müəllim kəlbəcərlilərin, onu tanıyanların yaddaşında, qəlbində, sonra isə onun haqqında yazılmış məqalələrdə, kitablarda yaşayacaqdır.

 

Allah Cəfər müəllimə qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun.

 

Şahlar Əsgərov,

Əməkdar elm xadimi, professor

 

* Mən Cəfər müəllimi ilk gördüyüm andan ona qəlbimdə bir hüsn-rəğbət yarandı. Sonralar  öyrəndim ki, o, dədəmin yaxın dostudur.

 

Harada çalışmağımdan asılı olmayaraq Cəfər müəllimin yolunu bir ata dostu və həmkar kimi həmişə saxlamağa çalışdım. O, Kəlbəcərdə əhalinin savadlanmasında, yeni-yeni kadrların hazırlanmasında müstəsna xidmətləri olan qənimət bir insan idi.

 

Allah ona qəni-qəni rəhmət eləsin!

 

Qənbər Şəmşiroğlu,

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

* Mən Cəfər müəllim haqqında bu xatirə yazımı qələmə alarkən o qədər silkələndim, hardansa bir Kəlbəcər mehi vurdu məni. Ömür kitabım vərəqləndi, bu meh vurduqca səhifələr bir-bir açılır. Hər səhifədə bir dünya canlanır. Kəlbəcərin atlası gözümün qabağından keçir. Dağlar, yamaclar, düzənlər, sıldırımlar, sərt qayalar, guruldayan çaylar, şır-şır tökülən şəlalələr, yaslı-yaralı anaların göz yaşı kimi cığırlanan bulaqlar... Daha nələr, nələr... Eh... yaxşı deyiblər: “Yanağın nə çəkdiyini göz yaşı bilər”.

 

Bəs bu dağların yaraşığı olan ata-babalarımız, qəbri qürbətdə qalanlarımız, ruhu dağlarda, özü burda uyuyanlarımız necə?! Saymaqla qurtarmaz... Cəfər müəllimlə çiyindaş olanlar: Qara Bəhmən, Aslan müəllim, Muxtar müəllim, İbrahim Hüseynov, Manaf müəllim, Bəhmən Məmişov, Rəna müəllim, Salman müəllim, Binnət Quliyev, Şövkət müəllim, Nazilə müəllim, Zal Cabbarlı, Məmməd Aslan, Nemət müəllim, Saleh müəllim, Nadir Rəhimov, Nazxanım Bayramova, Yanşaqlı Həsən, Müslüm Əzimov, Əsgər Qaraxançalov, Əsgər Əsgərov, Ağdabanlı Əjdər, Şahbəndəyev Mamed və s. və ilaxır.

 

Bütün bu insanların hamısı Kəlbəcərin qaymaq ziyalıları olublar. Yəqin ki, adını çəkə bilmədiklərimin ruhu məndən inciməz.

 

Cəfər müəllim var-hal sahibi deyildi, sadə həyat tərzi yaşayan bir müəllim idi. Onun süfrəsində çörək kəsilməyəndə, qonağı olmayanda o özünü pis hiss edirdi. Biz laçınlıların məsləhət yeri Cəfər müəllim idi, qonaqçı evimiz də Cəfər müəllimin eviydi. Özünün bütün qohum-əqrabasına, onun üstünə diləyə gələnin hamısına Cəfər müəllim düz yol göstərər, “Bala, gələcəyiniz yalnız elmdə, təhsildədir”, deyərdi. Xasay müəllim deyərdi ki, mən dəfələrlə şahidi olmuşam, Cəfər müəllimin özü və həyat yoldaşı Gözəl xanım  uşaqlarının boğazından kəsib, çörək təknələri boş qalsa belə axırıncı çörəklərini büküb, təhsil arxasınca gedən tələbələrə yol çörəyi qoyublar. Özü də çörəyin o qıt vaxtlarında, aclıq və zəlalətin tüğyan etdiyi dövrlərdə. Bizim Laçından olan tanınmış ziyalılarımızın hamısı bunun şahididir.

 

Xasay müəllim deyirdi ki, qohumları - Bığlı Binnət müəllim, Nüsrət müəllim, Şamil Əsgərov, Lətif Əsgərov, Qəmbər müəllim, doktor Zakir, Feyzulla, Hacı Mirzəxan həkim, İbadulla qardaşları və adlarını saymaqla qurtarmayan bir çox tanınmış ziyalılarımız bu zümrədəndir.

 

Vəliyəddin Misiroğlu,

 

yazıçı-publisist

 

Səsin qulağımda, ey böyük ustad,

 

Özünsə qəlbimdə yaşayacaqsan.

 

Müəllim! - nə qədər böyükdür bu ad,

 

Sən hələ bu adı daşıyacaqsan.

 

Qara saçlarına düşdükcə ağ dən,

 

Ağ günlər bəxş etdin neçə insana.

 

Zəhmətli günlərə gərilən sinən,

 

Bu gün də həyatda durub mərdanə.

 

İnsanı kamala yetirmək üçün,

 

Kamaldan da üstün kamal gərəkdir.

 

Yorulmaq bilməyən qocaman ustad,

 

Çoxların kamala yetirəcəkdi.

 

Sənin tələbəndi bu gün dərs deyən,

 

Binalar ucaldan mühəndisi var.

 

Bu dünya durduqca ey böyük ustad,

 

Ölməz əməllərin  əbədi yaşar.

 

Surxay Səlimov      

 

 

Cəfər Əliqulu oğlu Əhmədovun ata-babası Minkənd kəndinə gəlib məskunlaşana qədər çox elləri dolaşıb, gəzmişdilər. Bu ulu nəsil Şah İsmayıl Xətainin hakimiyyətinin sonlarında qədim Zəngəzura köçmüş, mühüm dövlət və hökumət işlərini həyata keçirmişdir.

 

XIX əsrin ortalarında Minkəndə köç eləyən bu böyük tayfa İstisudan yuxarıda özlərinə yeni yurd-məskən salmışdır.

 

Cəfər müəllimin atası Əliqulu kişi dövrünün tanınmış, seçilmiş kişilərindən biri idi. O, 30-cu illərdə “Kulak” adı ilə həbs edilir, nəslinin əksər üzvləri ilə birgə sürgünə göndərilir.

 

Bu ədalətsizlik, haqsızlıq ömrü boyu Cəfər müəllimi yandırıb, yaxıb. Elə ona görə də o, həyatda elə fəaliyyət göstərib ki, onun tədrisindən, elmindən həm şagirdləri bəhrələniblər, həm də o, Şura hökumətindən öz ata-babasının hayfını artıqlaması ilə alıb.

 

Partiyanın üzvü olmamasına baxmayaraq, o, “Şura hökumətindən” o dövrün ən yüksək mükafatlarını “Lenin”, “Qırmızı Əmək Bayrağı”  ordenlərini və digər ali mükafatları alıb.

 

Cəfər Əhmədov 1890-cı ilin aprel ayında dünyaya gəlib.  Minkənd 2 illik rus-tatar, Gorus gimnaziyasını başa vurduqdan sonra Laçının bir çox ucqar kəndlərində müəllimlik edib. 1927-ci ildə Şuşa Pedaqoji Gimnaziyasında şöbə müdiri işləyərkən bədxahlar və qan düşmənləri Moskvaya donos yazırlar. Yazırlar ki, Cəfər Əhmədov 1918-20-ci illərdə - Müsavat hökuməti illərində Xosrov bəyin dəstəsində döyüşüb və bir çox bolşevik-erməni kommunistlərinə güllə atıb. Belə bir müsavatçının sovet uşaqlarına dərs deməsi düz deyil.

 

Dostu, sirdaşı, sinif yoldaşı Əli Vəliyev Cəfəri yanına çağırır. Donos haqqında ona məlumat verir və deyir ki, səni bu bəladan xilas etsə ancaq və ancaq kommunist olsa da xalqının, ziyalılarının qədrini bilən Hüsü Hacıyev xilas edə bilər.

 

Cəfər müəllim səhər özünü o vaxt Qəza İcraiyyə Komitəsinin sədri işləyən Hüsü Hacıyevə yetirir.

 

Kabinetinə daxil olur. Hüsü müəllim başını yuxarı qaldırıb görür ki, ilahi,  qarşısında dağ cüssəli, enlikürək, yaraşıqlı, məğrur bir cavan oğlan durub. Bilir ki, haqqında donos yazılandır - Cəfərdir.

 

Deyir, oğul, sənə hayfım gəlir, gəl səni göndərim Kəlbəcər məktəbinə, bəlkə bu namərdlər səndən əl çəkələr.

 

Ayrı yolu olmayan Cəfər müəllim məmnuniyyətlə razılaşır. Çünki o yaxşı bilirdi ki, Kəlbəcərin dağları Laçın dağları kimi, insanları da Laçın camaatı kimidir... Heç vaxt onu darda qoymazlar. Halallığına, paklığına qucaq açaraq Kəlbəcəri özünə ikinci Vətən seçir. O, uzun müddət Kəlbəcərin müxtəlif məktəblərində dərs deyir, bir çox məktəblərinin əsasını qoyur.

 

Məlumdur ki, bu illərdə ətraf rayonlarda olduğu kimi, Kəlbəcərdə də savadsızlıq hökm sürürdü. Məktəb binaları və dərs vəsaitləri çatışmırdı. Amma Cəfər müəllim çətinliklərdən qorxmur, biliyini, xeyirxahlığını heç kimdən əsirgəmir. O ağır illərdə o, Kəlbəcərin Qamışlı, Seyidlər, Yanşaq, Zəylik, Ağcakənd... kəndlərində dərs demiş, eyni zamanda keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda qiyabi ali təhsil almışdı. Cəfər müəllimin əsl pedaqoji ustalığı rayon mərkəzində, indiki 1 nömrəli orta məktəbdə üzə çıxmışdır. O, 25 ildən çox bu məktəbdə işləmiş, burada bacarıqlı pedaqoji kollektiv yarada bilmişdi. Cəfər müəllim ömrünün sonuna - 1979-cu ilə qədər Kəlbəcər maarifinin inkişafına xidmət edib.

 

Təsadüfi deyil ki, o, rəhmətə gedəndə də qohumlarının arzusuna baxmayaraq  qədirbilən Kəlbəcər camaatı onun rayonda dəfn olunmasına nail oldu və ölümündən sonra direktoru olduğu məktəbə adı verildi.

 

Cəfər müəllimin ocağının işığı bu gün də gur yanır. Bu nəslin yetirmələri, hər bir pöhrəsi cəmiyyətin  layiqli, mərd, səxavətli, nurlu, işıqlı oğlu, qızıdır. Çünki qanlarında ata-baba nəslinin geni, ruhu dolaşır...

 

Bu gün yağı düşmən tapdağında inləyən doğma torpaqlarımız möhtərəm Prezidentimiz, Ali Baş Komandan  İlham Əliyevin apardığı uğurlu siyasəti və qətiyyəti sayəsində tezliklə azad ediləcək və Cəfər müəllim kimi ağsaqqallarımızın, ağbirçəklərimizin qərib, narahat ruhları da şad olacaqdır. O günə isə az qalıb, lap az...

 

 

Həşim HƏSƏNOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü