“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon     turunun yarışları şəhər 4 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Birinciliyin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.

 

Qeyd  edək ki, şəhər stadionunda və 2  nömrəli məktəb-liseydə 16 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndirə dırmanma, hədəfə qumbara atma, tüfəngdən atəş açma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.

 

Sonda rayon birinciliyinin qalibi olan Qax şəhər 4 nömrəli tam orta məktəbin komandası yarışların zona mərhələsində iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Tasmalı və  Ləkit  kənd tam orta məktəblərinin komandaları qazanıblar.

 

Sifai SƏFƏROVA