AMEA-nın Naxçıvan Bölməsində


AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan “Azərbaycanın böyük şair və mütəfəkkiri: İmaməddin Nəsimi” adlı elmi konfrans keçirilib.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi” ili elan ediləməsini şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Alim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

 

Bölmə sədri Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib. O, Nəsimi yaradıcılığının ölkəmizdə 70-ci illərdən sonra təbliğ olunmağa başlandığını söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində şairin anadan olmasının 600 illik yubileyi dünya miqyasında qeyd edilib. Şairin yubileyi ərəfəsində Bakının mərkəzi meydanlarından birində Nəsiminin abidəsi qoyulub, onun əsərləri Azərbaycan, rus, ingilis, alman və digər dillərə tərcümə olunub. Bundan başqa, AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adı verilib, Xalq şairi Qabilin monumental “Nəsimi” poeması, milli kinomuzun uğurlarından sayılan “Nəsimi” filimi ərsəyə gəlib.

 

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “İntibah, oyanış və humanizm şairi”, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ”Ümummilli lider Heydər Əliyev və Nəsimi irsi”, Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Nəsimi yaradıcılığında fəlsəfi istiqamətlər”, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Nəsimi irsi dünya marağı kontekstində”, şöbənin baş laborantı Mahirə İsmayılova “Nəsimi yaradıcılığında Tanrı və İnsan vəhdəti ideyası”, Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Nəsimi yaradıcılığında folklor” mövzusunda məruzə ediblər.