Müasir öyrətmə - müəyyən faktlar məcmusunu, sadəcə xatırlatmaq deyil, insanın özünün zəruri biliklər əldə etməsinə imkan verən bacarıqların qazanmasına xidmət etməlidir. Bu məqsədlə təlimin metodları təkmilləşməli və məzmun modernləşməlidir. Bu fikirləri müasir məktəbin qarşısına qoyulan çağırış kimi qiymətləndirmək olar. Biz XXI əsrə ənənəvi məktəbin çəkdiyi yol ilə keçə bilmərik, çünki o, bizə lazım olan gələcəyi reallaşdırmır. Danimarka filosofu Kyerkeqor yazırdı: “Bizə elə məktəb lazımdır ki, onun hər hansı bir şəxsi deyil, məhz bu şəxsi reallaşdırmağa cəsarəti çatsın”. Onun bu ideyası, şəxsiyyətin mümkün özünü reallaşdırmaq yolları barədəki fikirlərdən yaranmış olsa da, buna baxmayaraq, onun məğzində məktəbin ən mühüm vəzifəsini  görmək olar. Bütün dövrlərdə məktəb şəxsiyyətin reallaşdırılması məsələsi ilə məşğul olub. Lakin hər bir dövrün, hər bir mədəniyyətin özünün şəxsiyyətin bu və ya digər keyfiyyətinin reallaşdırılmasını - tamamilə müəyyən fərdin reallaşdırılmasını nəzərdə tutan ictimai-sosial sifarişi var. Ənənəvi məktəbin imkanları məhz bu mənada şübhə altına alınır. Bundan başqa, məktəb həyatı həmişə konkret insan mövqeyindən qiymətləndirilməlidir. Valideynlər övladlarını məktəbə qoyanda heç də tərbiyə və məktəbin şəxsiyyəti reallaşdırmağı tələb edən sosial sifarişi yerinə yetirmək iqtidarı barədə düşünmürlər. Valideynləri ilk növbədə məktəbin onların övladlarının istedadını üzə çıxarmaq imkanları maraqlandırır. Məktəb real surətdə, sadəcə olaraq, tərbiyə haqda da düşünməli və konkret fərdə isə öz şəxsi keyfiyyətlərini reallaşdırmağa imkan verməlidir.

 

Bəs ənənəvi məktəbin məhz şəxsiyyətin konkret keyfiyyətlərini reallaşdırmağı nəzərdə tutan vəzifələri öz üzərinə götürməyə cəsarəti çatırmı? Nə üçün bu məktəbdə fərdin təbiətdən aldığı öz təkraredilməzliyini üzə çıxarmaq hüququ reallaşdırılmır? Bəlkə ənənəvi məktəb elə əzəldən başqa sosial vəzifələrin yerinə yetirilməsinə səmtləşdirilmişdi? Məktəbə, sadəcə olaraq, insan tərbiyə etməyi icazə verən cəmiyyət və valideynlərin mövqeyini necə izah etmək olar? Bütün bu suallara cavab vermək heç də asan deyil. Lakin məktəb haqqındakı fikirlərlə bağlı bütün suallar kompleksini aydınlaşdırmadan qərar qəbul etmək ziyan vura bilər. Onda belə demək mümkündür ki, yeni məktəb ideyasını (“açıq məktəb”, “eksperimental məktəb”, “özəl məktəb”, “ailə-məktəb” və s.) həyata keçirmək üçün cəmiyyətin, elmin, məktəbin dünənki və bugünkü vəziyyətini əsaslı surətdə  təhlil etmək lazımdır.

 

Cəmiyyətin bu və ya digər inkişaf mərhələsində ona lazım olan tamamilə müəyyən şəxsiyyət tiplərini reallaşdıran xüsusi sosial təsisat kimi məktəb bəşər tarixinin ilk çağlarında yaranıb. Cəmiyyətin bütün tarixi boyu həmin təsisat diqqət mərkəzində olub, çünki ictimai inkişafın ən mühüm məsələləri onun normal fəaliyyəti ilə sıx surətdə əlaqələndirilirdi. Məhz bu səbəbdən lap qədimlərdən indiyə qədər məktəbə göstərilən qayğı və onun təkmilləşdirilməsi yollarının axtarışı cəmiyyətin tərəqqisini təyin edən amillər kimi nəzərdən keçirilirdi. Yalnız intensiv surətdə insani keyfiyyətləri reallaşdıraraq, cəmiyyət uğurla irəli gedə bilər və onun bu irəliləyişi real surətdə tərbiyə sistemi vasitəsi ilə həyata keçirilir. Buna görə də bütün dövrlərdə “müasir məktəb” axtarışlarında cəmiyyətin ruhuna daha çox uyğun olan inkişaf yollarının seçilməsi mümkünlüyünü görürdülər. Hər bir dövr hər halda özünün mənəvi inkişaf perspektivlərini yeni idealları, yeni şəxsiyyət tipini həyata keçirməyə yönəlmiş “müasir məktəb” ideyası ilə bağlayır. Arasıkəsilməz “müasir məktəb” axtarışları özünəməxsus bir şəkildə cəmiyyətin mənəvi inkişaf dinamikasını əks etdirir. Ənənəvi məktəbin mühafizəkarlığı ilə cəmiyyətin mənəvi mədəniyyəti dinamikası arasındakı bu ziddiyyət, mövcud şəxsiyyəti tərbiyə sisteminin yeni tərbiyə formalarının axtarışını xüsusilə aktuallaşdıran böhranının əsas mənbəyidir. Bu böhran sosio-mədəni və metodoloji amillər kompleksinin təsiri nəticəsində yaranıb. Onları nəzərdən keçirməmişdən əvvəl qeyd etmək lazımdır ki, məktəb öz təbiətinə görə həmişə ənənəviliyə doğru meyil edir, buna görə də o, hər cür yeniliklərə tamamilə təbii müqavimət göstərir. Bu fundamental paradoks real məktəbin heç kəsi prinsip etibarilə təmin etmədiyi halda “müasir məktəb” ideyasının nə üçün uzun müddət havadan asılı qaldığını izah etməyə imkan verir.

 

Məktəbin yeniliklərə qarşı immuniteti olmalıdır, çünki əks halda o, savadlı adamların yeni nəslinin hazırlanması proqramını həyata keçirə bilməz.

 

Qərbdə məktəbin idarə olunmasında “School improvement” -”məktəb impruvementi” anlayışı geniş tətbiq olunmağa başlayıb. Termin özündə iki məna, məzmun kəsb edir:

 

- məktəbi ümumi səylər sayəsində şagirdlərə elmləri öyrətmək məkanına çevirmək;

 

- şagird nəticələrini yaxşılaşdıran təhsildəki dəyişikliklərə səhih yanaşma, həmçinin məktəbin dəyişiklikləri idarə etməsi qabiliyyətini gücləndirmək.

 

Məktəb öz imkanları və gücü hesabına özünü dəyişmək qabiliyyətinə malik olmalıdır. Məktəb impruvementi bütün imkanları səfərbər edib şagird nəticələrinin yaxşılaşdırılmasına yönəlməlidir. Lakin əgər məktəb tez-tez köklü islahatlara məruz qalarsa, onda təbii ki, bütün tərbiyə sisteminin əsas sosial funksiyaları ciddi deformasiyaya uğrayacaq. Buna görə də cəmiyyətin məktəbin kifayət qədər sabit sosial təsisat (sosio - mədəni ənənə statusunda) kimi fəaliyyət göstərməsində marağı var, lakin bununla bərabər, dəyişən mənəvi həyat həmin sosial təsisatın bir çox parametrlərinin islah edilməsi meylini gücləndirir. “Ənənə - yenilik” ziddiyyətinin məktəb həyatının təbii ayrılmaz xüsusiyyəti olduğunun dərk edilməsi həm ənənəvi məktəbin tənqidi təhlilinin, həm də əsaslı islahat proqramları hazırlanmasının daha dəqiq və şüurlu surətdə həyata keçirilməsinə imkan verir.

 

Məktəbin qeyd etdiyimiz özgünlüyü zəminində aydın olur ki, həm cəmiyyət, həm də məktəb bütün tərbiyə sisteminin köklü islahatını nəzərdə tutan yeni məktəb ideyalarına çox ehtiyatla yanaşmalıdır. Real həyatda elə bu cür də olur. Bunu demək kifayətdir ki, artıq 100 ildən çox ardıcıl və hərtərəfli tənqidə məruz qaldığına baxmayaraq, məktəb-fabrika bu günə qədər fəaliyyət göstərir.

 

Bu, onu göstərir ki, ənənəvi məktəbin islahına yönəlmiş hər bir proqram bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda bulunan iki məsələni həll etməlidir: bir tərəfdən, o, cəmiyyətdə mövcud tərbiyə sistemindən imtina etmək üçün kifayət qədər ciddi əsas verməli, digər tərəfdən isə bu və ya digər yeni tərbiyə sistemini seçmək üçün eyni dərəcədə ciddi zəmin yaratmalıdır. Bu halda göstərmək lazımdır ki, ənənəvi məktəb özünün bütün pozitiv imkanlarından istifadə edib qurtarmış və cəmiyyətin indiki inkişaf mərhələsinin sosio-mədəni tələblərinə cavab vermir.

 

Ənənəvi məktəb cəmiyyətin savadlı adamlara ciddi ehtiyac duyduğu keçmiş zamanlarda yaranıb. Maraqlıdır ki, müasir ibtidai məktəbin əsas metodları bir neçə min il bundan əvvəlki metodlara nisbətən əhəmiyyətli dərəcədə dəyişməyib. Qədim Mesopotamiyanın “mirzələr məktəbi” ilə XX əsrin ibtidai məktəblərinin tətbiq etdiyi tərbiyə üsulları eynidir. Mesopotamiya məktəblərində müəllimin rəhbərliyi altında tələbələr (mirzələr) bir ucu itilənmiş mil (stil) vasitəsi ilə gil lövhələr üzərində yazı sənətinə yiyələndiyi kimi, eyni ilə müasir şagirdlər “hüsnxətt” dərslərində yazmaq və oxumaq vərdişlərinə yiyələnir (fərq ondadır ki, burada mili qələm, gil lövhəçikləri isə dəftər əvəz edir), standart məsələləri həll edirlər və s.

 

Qərb aləmində ənənəvi məktəbi tutduğu mövqedən çıxarmaq və “müasir məktəb” uğrunda hərəkat XX əsrin əvvəllərində başlayıb. Görkəmli Amerika filosofu, pedaqoqu və maarifçisi Con Dyui öz mühazirələrinin birində bunları qeyd edib: “Bioloq bir-iki sümük əsasında bütöv bir heyvanı yenidən qura bildiyi kimi, eyni ilə biz də əgər təsəvvürümüzə içərisində həndəsi qaydada, özü də birölçülü, hərəkət üçün mümkün qədər az yer saxlayan, yalnız kitab, qələm və kağızın sığdığı eybəcər partaların sıralarda düzüldüyü adi sinif otağını gətirsək, müəllimin stolunu, bir neçə stulu, boş divarları da, (ola bilsin, onların üzərində bir neçə şəkil asılmış olsun) buraya əlavə etsək, onda biz belə bir yerdə bəlkə də mümkün ola bilən, yalnız təhsildən ibarət bir işi yenidən qura bilərik. Burada hər şey “qulaq asmaq üçün” uyğunlaşdırılıb, çünki dərsin sadəcə olaraq, kitabdan öyrənilməsi qulaq asmanın yalnız başqa bir növüdür, burada hər şey bir zəkanın digərindən asılı olmasını göstərir. Başqa sözlə, dinləmək mənimsəməyin passivliyi deməkdir”.

 

Yüzilliklər boyu məhz bu məktəb bəşəriyyətin səadəti üçün çalışıb və onun aşkar nöqsanları gözə çarpmayıb, çünki cəmiyyətin özü o dövrdə fərdin reallaşdırılmasına yeni baxışları hələ yaratmamışdı. Qərb aləminin inkişaf etmiş ölkələri üçün bu, XX əsrin əvvəllərində mümkün oldu və Con Dyui ənənəvi məktəbin əvvəlki müsbət cəhətlərində ilk dəfə onun əsas nöqsanlarını görənlərdən biri idi. Bu, belə bir adi fikri təsdiq edir ki, hər bir sosial təsisat ictimai həyat dinamikasına daxildir: tarixin  bir “durumu”nda o, pozitiv, digərində isə neqativ ola bilər. İctimai həyatın dəyişkənliyi kontekstində bu və ya digər şəxsiyyətin tərbiyə edilməsi sistemini dəyişməz halda saxlamaq cəhdləri əbəsdir və normal cəmiyyətdə bu cür münaqişələr vaxtında aradan qaldırılmalıdır. Lakin bu proses maarif aləminə, onun müsbət və mənfi cəhətlərinə yeni baxışların geniş yayılmasına kömək edən gərgin zehni fəaliyyət tələb edir. Cəmiyyətdə heç də hamı ənənəvi məktəbə Dyuinin gözləri ilə baxa bilməz. Bununla belə, çoxdan məlumdur ki, bizim ətraf aləmi necə görməyimiz əsasən şüurumuzda toplanmış biliklərlə müəyyənləşdirilir. Ənənəvi məktəbi ləğv etmək üçün onun qüsurlarını görmək lazımdır. Ənənəvi tərbiyə sisteminin tənqidi təhlilinin əsas vəzifəsi də məhz bundan ibarətdir.

 

Bu günün məktəbi (bu sözlər ilk növbədə bizim gerçəkliyə aiddir) öz təşkilati strukturu və metodikasına görə şəxsiyyətin yaradıcı potensialının həyata keçirilməsini deyil, şagirdlərin fərdi fərqlərinin aradan qaldırılmasını nəzərdə tutur. Şəxsiyyətin intellektual inkişafının əslində bərpa olunmaz bir proses olduğunu nəzərə alsaq, artıq ibtidai məktəbdə şagirdin müqəddəratının həll olunduğunu demək olar. Bütün bunlara baxmayaraq, hələ də qarşımızda duran əsas suallardan biri budur: Biz gələcək nəsilləri necə görmək istəyirik? Təhsilin paradiqmalarının dəyişməsi onun məqsədlərinə, məzmununa, metodlarına, forma və vasitələrin təşkilinə yenidən baxmağı tələb edir. Burada 2 cür yanaşma mövcuddur. Birincisi, istəyirik ki, bizim şagirdlər təşəbbüskar, müstəqil, mürəkkəb situasiyalardan baş çıxaran, problemləri sərbəst həll edən, ağıllı qərar qəbul etməyi bacaran olsunlar. Bunun üçün onlar zəruri bilikləri sərbəst şəkildə mənimsəməyi və artırmağı bacarmalı, informasiyalarla işləməlidirlər.

 

İkincisi, bizim onları ənənəvi təhsildən kənara çıxmağa imkan verməməyimizdir. Belə vəziyyətdə onlar müəyyən biliklər qazana bilirlər, ancaq bu zaman düşdükləri mürəkkəb problemli situasiyalardan sərbəst şəkildə çıxış yolları tapa və qərarları müstəqil surətdə qəbul edə bilmirlər. Bu problemlərin həlli üçün artıq ənənəvi təhsil yetərli deyil.

 

Yalnız müstəqil şəkildə düşünən vətəndaşlar öz gələcək peşə sahələrində səriştəli, yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaqla yanaşı, yüksək mənəviyyatlı, ruhən inkişaf etmiş olur, innovasiyalara, birgə fəaliyyətə, ünsiyyətə və əməkdaşlığa meyil edir, qeyri-sabit və tez-tez dəyişən şəraitdə təşəbbüskarlıq və yaradıcılıq nümayiş etdirirlər.

 

 

Etibar ƏLİYEV,

“XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru