Universitetə getmədən keyfiyyətli ali savad almaq mümkündürmü?


Cənubi Nyu-Hempşir Universiteti (SNHU) ABŞ-ın onlayn-təhsil sahəsində öndə gedən müasir ali məktəblərindəndir. “Forbes” yazır ki, bu ali məktəb onlayn yolla 135 min nəfərə təhsil verir və tezliklə büdcəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. Düzdür, verilən təhsilin səviyyəsi hamını qane etmir, bununla belə, fakt faktlığında qalmaqdadır: ali məktəb Amerika bazarının ən iri oyunçularından biri hesab olunur.

 

Qəzetimizin səhifələrində onlayn-təhsil mövzusuna dəfələrlə toxunulub. Bugünkü reallıq belədir ki, Qərbdə məsafədən təhsil xidməti olmayan ali məktəb nüfuzlu sayıla bilməz. Demək olar ki, əksər tanınmış universitetlərin onlayn-təhsil kursları mövcuddur. Bu, sadəcə nüfuz və reputasiya məsələsi deyil, həm də bir biznesdir. Onlayn-təhsilin biznes olduğunu Cənubi Nyu-Hempşir Universiteti bütün çılpaqlığı ilə sübut edir.

 

 

Tikiş fabrikində ali məktəb

 

 

İnanmayacaqsınız, ancaq bu universitet köhnə tikiş fabrikinin binasında “məskunlaşıb”. Universitetdə səsli-küylü tələbələri görmək istəyəcəksinizsə, əbəs yerə cəhd etməyin. Tələbə nə gəzir? Görə biləcəyiniz mənzərə yalnız bu ola bilər: Mançester şəhərciyinin yaxınlığındakı Marrimak çayının sahilində yerləşən köhnə fabrikin içində sıra ilə düzülmüş boz kabinələr. Universitet müəllimlərinin iş yeri məhz bu kabinələrdir. Nə az, nə çox - düz 1700 müəllim eyni anda dünyanın müxtəlif istiqamətlərinə onlayn-kurs keçirlər. Bu da sizin ali məktəb! “Bizim məqsədimiz təhsilin “Nordstrom”u (Amerikada yüksək servisli bahalı mallar satan dükanlar şəbəkəsi-red) olmaqdır” - deyə universitetin 61 yaşlı prezidenti Pol Leblan bəyan edir.

 

Fəhlə miqrant ailəsinin övladı, ingilis dili müəllimi işləmiş Leblan SNHU-nun ikinci dəfə həyata vəsiqə qazanmasının memarıdır. Leblan iki mühüm cəhəti hesabına onlayn-universiteti milyardlıq layihəyə çevrilməyi bacarıb: texnologiyalara maraq və rəqiblərin ən yaxşı cəhətlərinin mənimsənilməsi. O, kommersiya kolleclərinin gen-bol istifadə etdikləri reklam kampaniyalarından yararlanmaq siyasəti həyata keçirir. İllik büdcənin təqribən 20%-nin reklama sərf edilməsi nəticəsində universitet onlayn-tələbələrinin sayını bir neçə dəfə artırmağa müvəffəq olub. SNHU-nun qeyri-ənənəvi demoqrafik siyasəti var: müştərilərin 37%-i 24 yaşdan yuxarı olan amerikalılardır. Onların əksəriyyətinin işi və ailəsi var, bu səbəbdən ənənəvi universitetdə oxuyub kampusda yaşamaqdansa, Leblanın təklif etdiyi onlayn-təhsilə üstünlük verirlər. Bu ali məktəbdə saat hesabına dərs deyən müəllimlərin sayı 6000 nəfərə çatır, hərçənd onların aldıqları məvacib ABŞ reallıqları üçün o qədər də böyük məbləğ deyil: bir kursa 2200 dollar.

 

Leblanın biznes-düsturunda maddi qazanc təhsilin səviyyəsi amilini üstələyir, məhz buna görə də tələbələrin sayının dayanmadan artırılması qarşıya qoyulmuş hədəfdir.

 

Bu səbəbdəndir ki, ali məktəbə daxil olmaq üçün mövcud tələblər nəinki sərt deyil, bir çoxları, elə bizim üçün də gülüncdür: məktəbdən verilən attestat ali məktəbə daxil olmaq üçün yetərli sənəd hesab olunur.

 

“Tələbə tək tələbə deyil, həm də müştəri olmalıdır” - deyə Leblan söyləməyi sevir. Gələcək abituriyentlərin işləri ilə məşğul olan komissiyada 300 mütəxəssis çalışır. Təsəvvür edin ki, hər hansı potensial tələbə SNHU-ya müraciət edəndən cəmi 5 dəqiqə sonra onunla ünsiyyətə girirlər.

 

Kommersiya baxımından Leblanın layihəsi çox uğurludur. Qiymətlərin 2011-ci ildən bu yana qalxmadığını nəzərə alsaq, bir tələbə üçün 4 illik təhsilin qiyməti təqribən 40 min dollardır. Deyəcəksiniz bahadır, ancaq ali məktəb 24%-lik rentabelliklə işləyir. 2003-cü ildə Leblan universitetin rəhbərliyinə gələndə Cənubi Nyu-Hempşir 2800 tələbəsi olan üçüncü dərəcəli biznes-məktəb idi. İndi isə Amerikanın iri onlayn-ali məktəblərindən biridir. Nəzərdən qaçırmayaq ki, büdcəyə heç bir ianə daxil olmur, ali məktəb özünün halal qazancı hesabına yaşayır. 2020-ci ilə olan plan belədir: 1 milyard dollarlıq büdcə, 60 milyon dollarlıq gəlir, 300 min tələbə.

 

İndi gələk əsas məsələyə - SNHU-nun verdiyi diplomun keçərliliyinə. Universitet nə məzunlarının məşğulluq sahələri, nə də reytinqlərdəki yeri ilə öyünə bilməz. İllik reytinqlərdə SNHU-nu ABŞ-ın ən nüfuzlu 650 ali məktəbi arasında gördüm deyən yoxdur. Ancaq bu, Leblan üçün dərd deyil: “Mənim üçün əsas məqsəd status pilləkənləri ilə yuxarı dırmaşmaq deyil”. Bununla belə, reytinqləri kənara qoyub federal hökumətin “College Scorecard” agentliyinin statistikasına baxsaq, görərik ki, vəziyyət o qədər də ümidsiz deyil. Belə ki, SNHU-nun məzunlarının təhsili bitirdikdən sonrakı 10 il ərzində orta illik qazancları təqribən 45400 dollardır. Müqayisə üçün qeyd edək ki, Nyu-Hempşir Universitetinin əsas kampusunun məzunlarının bu göstəricisi 51400 dollar təşkil edir. Yəni fərq o qədər də böyük deyil.

 

 

Ali təhsildə fermer ruhu

 

 

Leblanın uşaqlığı Nyu-Bransuik yaxınlığındakı Geytons adlı kənddə keçib. Ailəsi kənddə olan 16 fermadan birində yaşayıb. Anası kiçik bostana və bir inəyə baxır, atası isə yaşadıqları yerdən 27 saatlıq yolda olan hərbi bazalardan birində işləyirmiş. Bir müddət sonra əmisinin məsləhəti ilə 4 qardaşı, bir bacısı və valideynləri ilə birlikdə Massaçusetsə köçürlər. Atası tikintidə, anası fabrikdə işə düzəlir, axşamlar imkanlı adamların evini yığışdırır. Özünün danışdığına görə, vaxtı olmadığından anası Leblanı yığışdırdığı evlərin kitabxanalarında oturdub, uşaqlar üçün kitablar oxumağı tapşırırmış. Bacı və qardaşlarının müxtəlif sənət arxasınca getmələrinə baxmayaraq, Pol yoldaşları ilə birlikdə Vestfild Kollecinə daxil olur. “Mən qəflətən təhsilə yeni gözlə baxmağa başladım” - deyən Leblan kollecdə bir semestrə 5 illik ingilis dili kursunu keçməyə müvəffəq olur. Yayda işləyib təhsil haqqını ödəyən P.Leblan 1982-ci ildə Boston Kollecində ingilis dili üzrə magistr, 8 il sonra isə Massaçusets Universitetində ritorika, kompozisiya və texnologiya üzrə Ph.D dərəcələrinə yiyələnir. Doktor dərəcəsini o, Sprinqfild Kollecində dərs deyərkən alıb. Artıq o vaxt dəftər-kitabla dərs deyən mühafizəkar həmkarlarından fərqli olaraq qulağında sırğa, saçları isə çiyninə düşən Leblan yüksək texnologiyaların pərəstişkarına çevrilmişdi. Müxtəlif konfranslarda çıxış edən Pol auditoriyanı inandırmağa çalışırdı ki, dərsliklərin müəllifləri rəqəmsal texnologiyalara diqqət yetirməlidirlər.

 

Leblanın məsləhətlərinə ilk reaksiyanı “Houghton Mifflin” verir. Nəşriyyat 1993-cü ildə onu işə götürür, Pol isə öz növbəsində sonralar “Google Docs”un ilkin versiyası kimi qələmə verilən softun işlənib hazırlanmasında başlıca rol oynayır. Əməkdaşlığın üçüncü ilində ona o qədər böyük əməkhaqqı təklif olunur ki, özünün dediyinə görə, yatsa, yuxusuna girməzdi. “Ancaq mən həmişə özümü universitetdə daha rahat hiss etmişəm, düşünmüşəm ki, tələbələrlə tələbələr üçün çalışsam, daha böyük uğurlar əldə edərəm”, - deyə Leblan xatırlayır.

 

 

Ucuz ideyalar və texnologiya

 

 

1996-cı ildə Leblanı Marlboro Kollecinin prezidenti vəzifəsinə təyin edirlər. Kollecin vəziyyəti o qədər də qənaətbəxş olmur, illik abituriyent qəbulu 300 nəfər həddinə düşür. Pol gəlir və 1 milyon dollarlıq kredit götürür. Sonra elə bir effektiv yığım kampaniyası keçirir ki, məktəbin büdcəsinə 44 milyon dollarlıq ianə daxil olur. Bax, elə bu an o, təsisçilərə onlayn-kursların perspektivləri barədə vədlər verir, ancaq razılıq ala bilmir. Kollecin sahibləri hesab edirlər ki, onlayn təhsil müəllimlərlə tələbələr arasında sıx münasibətlərin qurulması üçün yetərli olmayacaq. 2000-ci ildə kollecin prezidenti nəticəsiz cəhdlərdən boğaza yığılaraq işi tərk etmək qərarına gəlir. Xoşbəxtlikdən Cənubi Nyu-Hempşir Universitetinin yeni rəhbər axtarması barədə xəbəri eşidir. Bu ali məktəbin əsası 1932-ci ildə mühasiblər və ştat katibləri məktəbi kimi qoyulmuşdu. II Dünya müharibəsi illərində tələbələrin əksəriyyəti Mançesterdəki hərbi-hava qüvvələri bazasında xidmət keçir və burada çap, işgüzar yazışma və riyaziyyatdan təhsil alırdılar. 1950-ci illərin əvvəllərində vəziyyət o həddə çatır ki, məktəbdə cəmi 25 nəfər təhsil alır. Ancaq hərbçilər üçün nəzərdə tutulmuş peşəkar hazırlıq proqramları hesabına məktəbin tam süquta uğramasının qarşısını almaq mümkün olur. Məktəb adını dəyişib əvvəl olur Nyu-Hempşir Kolleci, sonra isə Cənubi Nyu-Hempşir Universiteti.

 

Leblanın bəxti onda gətirir ki, ideyalarının hamısı universitet təsisçiləri tərəfindən bəyənilir. Şuranın tərkibinə daxil olan köhnə dostu Kleyton Kristensenin bu işdə xüsusi xidmətləri olur. Onlar Bostondakı kilsələrdən birinin zirzəmisində keçirilən basketbol oyunu zamanı tanış olmuşdular. Sonra Kristensen Harvard Biznes Məktəbində müəllim vəzifəsinə düzəlir və “Dağıdıcı innovasiyalar” konsepsiyasına müəlliflik edir. Kristensen hesab edirdi  ki, ucuz ideyalar texnologiyalar vasitəsilə bütün təhsil bazarını alt-üst edə bilər. 2013-cü ildə “Nyu-York Tayms” qəzetində yazı ilə çıxış edən Kristensen iddia edirdi ki, yaxın 10-15 ildə onlayn-kurslar kolleclərin dörddəbirinin bağlanmasına səbəb olacaq. 2017-ci ildə o, bu proqnozunu daha da inkişaf etdirərək bildirir ki, yaxın illərdə ABŞ-da fəaliyyət göstərən 3900 kollecin tən yarısı müflis olacaq. Bu qənaətlə Leblan da razıdır: “Ənənəvi universitetlərin çoxu yaşlı abituriyentdən qaçır. Uzaqgörən menecer isə onların hamısını onlayn-kurslara cəlb edir”.

 

Leblan bütün sistemi dəyişməyə müvəffəq olur. Qəbul komissiyasına o, 160 əlavə əməkdaş cəlb edir ki, onların əsas işi gələcək tələbəyə təhsil haqqı üçün pul tapmaq olur. Təsəvvür edirsinizmi?

 

Yanaşma dahiyanədir: gəl oxu, təhsil haqqını biz sənə taparıq.

 

Məsələn, ali məktəbin tələbə kontingentinin 15%-ni təşkil edən hərbçilər üçün hökumət bonusları əldə edilir. Tələbələrə akademik məsləhətçilər təhkim edilir. Kim proqramdan geri qaldı, dərhal dəstək hiss edir, pulsuz onlayn-kurslara cəlb olunur. 2009-cu ilin maliyyə böhranına baxmayaraq, Leblan təsisçilərdən reklam üçün əlavə 4 milyon dollar alır. Televiziya kanallarında yayımlanan 30 saniyəlik reklam çarxları hesabına 4 milyonluq borc 11 milyonluq gəlirə çevrilir, 8 ilə tələbələrin sayı 125 min nəfərə çatdırılır.

 

 

Onlayn təhsilin lokomotivi

 

 

Bu status Leblan üçün yetərli deyil. İndi o, müştəriyə iki layihə-təklif təqdim edir: daha sıx zaman kəsiyinə daha ucuz onlayn-kurslar (CBE) və bir neçə ilə alınan dərəcə əvəzinə bir neçə aya verilən sertifikat. Statistika göstərir ki, hər iki variant müştərilər arasında populyardır. SNHU CBE üçün hər 6 aylıq sessiyaya 2500 dollar alır. Bu müddət ərzində tələbələr ürəkləri istədiyi qədər kurs götürə bilərlər. Kursların qiyməti çox aşağıdır, çünki müəllimin saatı 30 dollara başa gəlir, özü də tələbə ona yalnız ehtiyac duyanda müraciət edir. Məsələn, “College for Amerika”nın tələbələri 4 sessiyaya bakalavr dərəcəsi alırlar. Qiyməti də 10 min dollar. Leblan hesab edir ki, bu yanaşma xüsusilə yaşlı şəxslər üçün sərfəlidir. Çünki ailə şirkətlərində işləmiş və maliyyəni özü öyrənmiş abituriyentlər CBE vasitəsilə maliyyə uçotu imtahanı verə bilərlər. Bu imkan digər tərəfdən işəgötürənlər üçün də sərf edir. İşçisinin bilik və bacarığını artırmaq istəyən şirkət sahibi qısa zaman kəsiyində ucuz pula başa gələn və işçini işindən çox ayırmayan kursların haqqını həvəslə ödəyir. SNHU-nun ilk korporativ müştərisi olan “Anthem” sığorta nəhəngi 2015-ci ildən bu yana 450 əməkdaşını onlayn-kurslara göndərib. Hazırda daha 1000 nəfərin kurs haqqını ödəmək niyyətindədir. Bu, olduqca böyük miqyasdır, təsəvvür edin ki, SNHU-nun “Anthem” kimi 120 korporativ müştərisi var.

 

CBE-nin tənqidçiləri də yox deyil. Məsələn, Qərbi Vaşinqton Universitetinin tarix müəllimi Cohan Nim bu layihəni “ikinci növ təhsil” adlandırır. Onun fikrincə, bu kurslara müraciət edənlər aşağı gəlirli ailələrin nümayəndələridir. Onlayn-kurslar bu şəxslərin nə vaxtsa fəlsəfədən tutmuş incəsənət tarixinədək fənlərə dair fundamental informasiya əldə etmək imkanlarının üzərindən xətt çəkir. CBE müəllimlərin gördükləri işin yalnız bir aspektini ehtiva edir: qiymətləndirmə. Bu isə sadə və natamam yoldur. Leblan təbii ki, Nimin dedikləri ilə razı ola bilməz: “O, ənənəvi universitetlərdə baş verənləri həddindən artıq romantikləşdirir. Bu, əsl elitizm təzahürüdür. Başa düşmək lazımdır ki, amerikalıların böyük əksəriyyəti özünü təhsilin hazırkı modelində görmür”.

 

Ənənəvi təhsil sisteminə inadkarlıqla müxaliflik etməsinə baxmayaraq, P.Leblanın hər iki qızı ənənəvi universitet təhsili alıb. Hər ikisi Braun Universitetində bakalavr dərəcəsinə yiyələnib. Biri Stenfordda elm və texnologiya tarixi üzrə doktor dərəcəsi almağa hazırlaşır, digəri isə Oksfordda antropologiya üzrə magistr və doktor dərəcəsi almağa müvəffəq olub. Bu faktı Leblana xatırlatdıqda, əhvalını pozmur və deyir: “Düşünmürəm ki, onların seçdikləri yol mənim təklif etdiklərimlə ziddiyyət təşkil edir. SNHU-ya gələn tələbə yaxşı iş yeri və ailə rifahını təmin etmək şansı əldə edir. Bu, klassik Amerika arzusudur”.

 

Rüstəm QARAXANLI