Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının aprelin 8-də keçirilmiş geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” medalı təqdim olunub.

 

Medalı universitetin rektoru, professor Nurlana Əliyevaya DTX-nin rəsmiləri təqdim ediblər. Təqdimetmə mərasimində çıxış edən DTX-nin rəsmi nümayəndəsi medalın N.Əliyevaya Azərbaycan dövlətçiliyinin, ölkənin milli təhlükəsizliyinin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərə, vətənpərvər və təəssübkeş gənclərin tərbiyəsi sahəsindəki çoxillik ardıcıl fəaliyyətinə görə verildiyini bildirib. Sonra söz alan BSU - nun rektoru Nurlana Əliyeva ona göstərilən diqqət və etimada görə minnətdarlığını  bildirib. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb, dövlətimizin nüfuzunun dünya arenasında gündən-günə yüksəldiyini qeyd edib. N.Əliyeva bundan sonrakı bütün həyatını Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, inkişafına sərf edəcəyini söyləyib.