Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə növbəti zona yarışı keçirilib. Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yeri Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, II yeri Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbin, III yeri Xaçmaz rayonu Yalama kənd tam orta məktəbin komandası tutub.

 

Qaliblər diplomlarla təltif olunub.

 

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

 

Şahmat idman növü üzrə daha bir zona yarışına Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində başlanılıb. Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu rayon məktəb komandalarının qatıldığı yarışlara 16 aprel 2019-cu il tarixində yekun vurulacaq.

 

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.