Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ilə görüşüb.


Y.Yusibov GDU-da həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi  barədə qonağa ətraflı məlumat verib. Rektor qeyd edib ki, GDU beynəlxalq əlaqələrində Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir və bu münasibətləri gələcəkdə daha da genişləndirmək niyyətindədir. Mövcud əlaqələrə toxunan rektor Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə GDU-da qurulmuş Nuru Paşa adına kitabxananı qarşılıqlı əməkdaşlığın yüksək nəticəsi kimi dəyərləndirib.

 

Sonra Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə hazırda universitetdə gənc alimlərin elmi araşdırmalarının beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb. Prorektor GDU ilə Türkiyə universitetləri arasında Mövlanə Mübadilə Proqramı vasitəsilə həyata keçirilən elmi-akademik və tələbə mübadiləsinin vəziyyəti haqqında da qonağı məlumatlandırıb.

 

Görüşdə inklüziv təhsil sahəsində əməkdaşlıq, bu sahədə Türkiyə təcrübəsinin öyrənilib tətbiq edilməsi, GDU-nun təhsildə fərqlənən tələbələrinin Türkiyədə pedaqoji təcrübə keçmələri və digər məsələlər müzakirə olunub.

 

Müzakirələr zamanı GDU-nun qeyri-pedaqoji ixtisaslarda, xüsusən Maliyyə ixtisası üzrə Tədris proqramının Türkiyənin Celal Bayar Universitetindəki müvafiq ixtisasla eyniləşdirilməsi, Türkiyə universitetlərindəki akademik heyətin GDU-da tədris prosesinə dəvət edilməsi,  mübadilə prosesinə qoşulacaq azərbaycandilli tələbələrin türk dilində elmi akademik dil bacarıqlarının təkmilləşdirilməsinin həlli yolları nəzərdən keçirilib.

 

Təhsil müşaviri N.Nəsibova GDU-da təhsil alan türkiyəli tələbələrə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, GDU-nun Türkiyə universitetləri ilə əlaqələrinin daha da genişləndirilməsinə dəstək verməyə hazır olduğunu ifadə edib.

 

Daha sonra qonaq universitetin 5-ci tədris binası, o cümlədən Nuru Paşa adına kitabxanası ilə ilə tanış olub.