12 aprel – Ümumdünya Aviasiya və  Kosmonavtika Gününə həsr olunmuş ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib.

 

Bakı şəhər məktəbliləri arasında keçirilən müsabiqə çərçivəsində şagirdlər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqədə 24 ümumi təhsil məktəbi üzrə 63 iştirakçının hazırladığı  54 maket nümayiş etdirilib.

 

Müsabiqənin seçim mərhələsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium, Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” və Milli Aviasiya Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər.

 

Proqram çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin mühəndisi” adlı astrofestival keçirilib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, universitetin idarə heyəti, həmçinin Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutunun (İZMİRAN) nümayəndələri 100 məktəbli tərəfindən hazırlanan maket və kosmik kostyumlarla tanış olublar.

 

Mükafatlandırma mərasimində 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında 103 nömrəli tam orta məktəbin şagirdi I, 167 nömrəli tam orta məktəbin şagirdi II, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi IIl yerlərə layiq görülüb.

 

2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında 91 nömrəli  tam orta məktəbin şagirdləri I, 329 nömrəli tam orta məktəbin şagirdi II, 7 nömrəli tam orta məktəbin şagirdi isə  III yerlərə layiq görülüb.

 

Müsabiqənin qalibləri pul mükafatı, diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilərə isə sertifikat və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos”, Bakı Dövlət Universitetinin dəstəyi ilə məktəblilər üçün təşkil olunan proqram ötən ilin 15 noyabr tarixindən başlayaraq cari il aprelin 12-dək davam edib.

 

Layihənin əsas məqsədi məktəblilərin astronomiya və astrofizika biliklərinin genişləndirilməsi, astronomik maarifləndirilmə sahəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, kosmik sənayeyə marağının artırılması, şagirdlərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi, kosmik mühəndisliyin təbliği, astronomiya və astrofizika  sahəsinə ictimai diqqətin cəlb olunmasından ibarətdir.