AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan elmi konfrans keçirilib.

 

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov görkəmli rus alimi Dmitri Mendeleyev tərəfindən kimyəvi elementlərin dövrü qanunun 150 il bundan öncə kəşf edildiyini deyərək, BMT Baş Assambleyası tərəfindən cari ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli ili” elan olunduğunu bildirib. Alim təbiətdə mövcud olan və süni yolla alınan 10 milyonlarla maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə edildiyini, həmçinin bütün Yer kürəsi və onun atmosferinin kimyəvi elementlərin bəsit və mürəkkəb birləşmələrindən təşkil olunduğunu diqqətə çatdırıb.

 

Daha sonra institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Dmitri Mendeleyevin qabaqcadan xəbər verdiyi elementlər və dövri qanun haqqında məşhur alimlərin söylədikləri”, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Dövri qanun və kimyəvi elementlərin dövri sistemi” və Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev “Radioaktivlik və elementlərin dövri sistemi” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfransın sonunda məruzəçilər tədbir iştirakçılarının mövzu ilə bağlı  suallarını cavablandırıblar.