NİZAMİ layihəsi universitetlərimizə nə verdi?


Qloballaşan dünyada hər bir ölkənin iqtisadi qüdrətinin gücləndirilməsində mühüm vəzifələrdən başlıcası geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli  mütəxəssislərin yetişdirilməsidir. Bu vəzifə Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin oktyabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində də öz əksini tapıb. Strategiyanın mühüm müddəalarından biri də ölkəmizdə elmi kadr hazırlığını  təmin edən doktorantura təhsilinin təkmilləşdirilməsidir.

 

Ötən müddət ərzində Təhsil Nazirliyi tərəfindən bu sahədə məqsədyönlü işlər aparılıb. Belə ki, 2015-ci ildən Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması”  NİZAMİ layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə doktorantura təhsili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, bu səviyyədə keyfiyyətin təminatı və beynəlmiləlləşmənin genişləndirilməsi istiqamətində tədbirlərin icrası təmin olunub. Bütün bunlar həm də ölkəmizdə elmi potensialın gəncləşməsinə mühüm töhfə verib.

 

Layihənin icra müddəti 14 aprel 2019-cu il tarixində başa çatıb. Ötən 3 il ərzində ali məktəblərimiz üçün NİZAMİ layihəsinin hansı müsbət nəticələrini qeyd etmək  olar?

 

Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov hesab edir ki, NİZAMİ layihəsinin Azərbaycanın akademik təhsil sisteminə müsbət təsirindən danışanda ilk növbədə Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına uyğunlaşdırılması məqsədi ilə son illərdə ölkəmizdə bir çox mütərəqqi layihələrin  həyata keçirildiyi qeyd olunmalıdır. 2001-ci ildən etibarən Azərbaycanın Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirib.  Bu  prosesin tərkib hissəsi kimi Azərbaycan Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya bəyənnaməsini imzalayıb və bununla da universitetlərimizin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atılıb. Bu sistemin əsas məqsədi Avropa ali təhsil məkanı yaratmaq, eləcə də o sistemi dünya miqyasında fəallaşdırmaqdır.  Bolonya prosesi kompleks əlaqəli məsələləri əhatə edir,  bu məsələlər Avropa ölkələrində biliyin keyfiyyətinin qiymətləndirilməsinin üsullarına və təhsil sisteminin yaxşılaşmasına yönəlib.  Bolonya prosesində ali təhsilin üç pilləsi həyata keçirilir: 1.Bakalavr dərəcəsi, 2.Magistr dərəcəsi,  3.Doktorantura dərəcəsi. Azərbaycanın  2005-ci ildə  Bolonya prosesinə qoşulmasından sonrakı dövrdə ali təhsilin ilk iki pilləsi demək olar ki,  Bolonya prosesinə tam uyğunlaşdırılmış  və tələbə mübadilələri hər il daha da artmışdır. Ali təhsilin sonuncu pilləsində isə hələ ki, uyğunlaşmada müəyyən problemlər qalmaqdadır. 2018-ci ilin dekabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması və elmi ad və dərəcələrin verilməsi işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət hesabına xaricdə təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikası vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycan Respublikasının ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.

 

Eyni zamanda, 2018-ci il 16 noyabr tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda da doktorantura sisteminin təkmilləşdirilməsi əsas istiqamət olaraq müəyyənləşdirilib. Proqram müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Doktorantura səviyyəsi üzrə kadr hazırlığının aparılacağı xarici ali təhsil müəssisələrinin dar ixtisaslaşmalar üzrə dünya reytinqlərinin nəzərə alınması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artırmalıdır.

 

  

Hədəf: Keyfiyyətli doktorant  hazırlığı

 

 

E.Süleymanov  ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə nail olmaq məqsədilə 2015-ci ilin dekabrından Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami” layihəsinin fəaliyyətə başladığını bildirib. NİZAMİ layihəsi icra olunduğu müddətdə 5 Avropa və Azərbaycandan 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iştirakı ilə cəmi 15 layihə tərəfdaşı arasında təcrübə mübadiləsi ilə üç il yarım davam edib. Layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil standartlarının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi,  ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasının təşkili  istiqamətində tərəfdaş qurumlarla  birgə iş aparılıb.  Monpelye Universitetinin əlaqələndiricisi olduğu layihədə Azərbaycan tərəfdən Təhsil Nazirliyi, AMEA, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Naxçıvan Dövlət, Bakı Mühəndislik və Xəzər universitetləri, avropalı tərəfdaşlardan isə Fransanın Monpelye, İsveçin Uppsala, Almaniyanın Heydelberq, Çexiyanın Mazarıkova və İspaniyanın Barselona universitetləri iştirak ediblər. NİZAMİ layihəsinin icrasına 15 oktyabr 2015-ci il tarixində başlanılıb və layihənin icra müddəti 14 aprel 2019-cu il tarixində başa çatıb.   NİZAMİ layihəsinin məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmiləlləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi, doktorantların təhsili müddətində və təhsillərini bitirdikdən sonra iş yerləri ilə təmin olunması mexanizminin Avropa təcrübəsi əsasında işlənməsi, ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən Milli İdarəetmə Portalının (NMP) təşkilindən ibarət olmasıdır.

 

 

NİZAMİ layihəsinin mühüm nəticələri 

 

 

Müsahibimiz qeyd etdi ki,  NİZAMİ layihəsinin hədəflərinə həmçinin elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, doktorantura təhsilində mübadilə proqramlarının genişləndirilməsi, bu səviyyə üzrə diplomların qarşılıqlı tanınması və ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi də daxildir. “Bu layihənin bir sıra mühüm nüanslarını qeyd etmək istəyirəm:

 

Bu layihə tərəfdaşlarının Avropanın qədim tarixə malik universitetləri ilə Azərbaycanın paytaxtda və regionlarda (Naxçıvan, Gəncə) fəaliyyət göstərən universitetlərlə yaxşı bir əməkdaşlıq imkanı verdi, eyni zamanda ali təhsil müəssisələri ilə AMEA arasında məhsuldar əməkdaşlıq mühiti formalaşdı”.

 

Layihənin bir başqa müsbət cəhəti ondadır ki, onun maliyyə dəstəyi ilə tərəfdaş universitetlərin əksəriyyəti öz müəssisələrində doktorantura resurs mərkəzi qurub.  Bu mərkəzlər kompüter və digər müasir avadanlıqlarla təchiz olunub.  Eyni zamanda tərəfdaş universitetlər tərəfindən doktorantlar üçün kitabçalar hazırlanıb.   Elmi rəhbər və doktorant arasında müqavilə bağlanması təmin edilib. Eyni zamanda Azərbaycanın 100-ə yaxın elm adamı Avropanın qabaqcıl ali məktəblərindən sayılan tərəfdaş universitetlərdəki toplantılarda iştirak edib və faydalı əməkdaşlıq təcrübəsi qazanıb.   Əməkdaşlıqdan istifadə edərək AMEA Fransanın Monpelye Universitetinə beş il müddətində hər il dəqiq elmlərdən iki doktorantını ikili diplom çərçivəsində göndərmə fürsəti qazanıb.  Eyni zamanda UNEC ilə Monpelye Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.     E.Süleymanov hesab edir ki, layihənin ən əhəmiyyətli nəticələrindən biri də şübhəsiz ki,  Fransanın Monpelye Universitetində tətbiq olunan sistem əsasında layihənin maliyyə dəstəyi ilə AMEA tərəfindən “Milli İdarəetmə Portalı”nın yaradılmasıdır.  Portal vasitəsi ilə Azərbaycanda doktorantların qəbuldan müdafiə və hətta iş tapma mərhələsinə qədər bütün mərhələlərdə informativ dəstək verən və sistemləşdirilmiş vahid bir resurs bazası yaradılır. Bunun nəticəsi olaraq vahid bazadan elmi işlərin istiqamətləri və nəticələri daha sistemli şəkildə dəyərləndiriləcək.

 

E.Süleymanov hesab edir ki, Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə həyata keçirilən, milli dəyərlərimizin “Erasmus” sisteminə ilk dəfə layihə olaraq daxil edildiyi və dahi şairimiz Nizaminin adını daşıyan bu unikal layihə  Azərbaycanın dəyərlərinin tanıdılması baxımından da əhəmiyyətlidir. “Eyni zamanda bu layihənin ərsəyə gəlməsində çox zəhməti olan və keçən il dünyasını dəyişən Təhsil Nazirliyinin  Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun xatirəsini də minnətdarlıqla yad edirəm”.

 

Sonda qeyd edək ki, NİZAMİ makrosəviyyədə işləyən və milli idarəçiliyə, siyasətə və Azərbaycanın ali təhsilinin prioritetlərinə tuşlanmış  struktur layihədir. Layihə  Avropa təhsil məkanının tələblərinə uyğun olaraq Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsini birbaşa dəstəkləyir. Layihə Azərbaycanın ali təhsil sistemində xüsusilə də doktorantura təhsilinə yönəlik islahatların dəstəklənməsi; Avropa ali təhsil məkanı standartları əsasında doktorantura təhsilinə cəlb edilmiş Azərbaycan ali məktəblərində idarə etmənin müasirləşdirilməsi; Ali təhsil sistemləri və Azərbaycanda daha geniş ictimai-iqtisadi mühit arasında əlaqələrin möhkəmləndirilməsi kimi istiqamətləri əhatə edir. 

 

Oruc MUSTAFAYEV



Bölmənin digər xəbərləri