Bu günlərdə “Peşə təhsili və insan kapitalı” jurnalının ikinci nömrəsi işıq üzü görüb.


Qeyd edək ki, jurnalda həm Azərbaycan, həm də rus dillərində materiallar dərc olunub. Elmi-praktiki, metodiki jurnalın ilk səhifələrində Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il müvafiq nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərarı öz əksini tapıb. Jurnalda təhsil nazirinin müavini İdris İsayevin “Peşə təhsili strateji hədəflərdən biri kimi” başlığı altında məqaləsi də dərc olunub. Nazir müavini İdris İsayev məqaləsində “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu, peşə təhsili müəssisələrinin rasionallaşdırılması, Koreya təhsil standartları əsasında yeni Peşə Təhsil Mərkəzinin yaradılması, “Asan Peşə” layihəsi, mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi, beynəlxalq qurumlarla birgə iş və digər məsələlərə toxunub. Nazir müavini həmçinin peşə təhsili ilə bağlı yeni təhsil proqramları və modul dərsliklər,  informal və qeyri-informal üsullarla əldə edilmiş səriştələrin tanınması, peşə təhsili müəssisələrində yaşlıların təhsili kimi mühüm məsələlərdən də söhbət açıb, geniş təhlillər aparıb.

 

Nəfis tərtibatda çap olunan 104 səhifədən ibarət jurnalda həmçinin tanınmış pedaqoqların, müəllimlərin də məqalələrinə yer ayrılıb.

 

 

Niyazi RƏHİMOV