Bakı Mühəndislik Universitetində (BMU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Yubiley tədbirində universitetin tələbə-müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu və institutun əməkdaşları iştirak edib.

 

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgini ziyarət ediblər.

 

BMU-nun Akt zalında davam edən tədbir şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

 

Universitetin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor gənclərin xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, sovet dövründə Nəsiminin 600-illik yubleyinin keçirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

 

Daha sonra çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu hər bir xalqın dünyada tarixi şəxsiyyətləri ilə tanındığını, xalqımızı dünyada tanıdanlardan birinin də Nəsimi olduğunu qeyd edib. O, Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verib.

 

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.