Naxçıvan Dövlət Universitetində  (NDU) “23 aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar "Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətdir" adlı yazı müsabiqəsinin yekun tədbiri keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib.

 

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova gənclərin diqqətini mütaliəyə cəlb etməyin yollarından, eyni zamanda, “Oxumağı Sevdirmək” layihəsi haqqında geniş məlumat verib.

 

Müsabiqə komissiyasının sədri, Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva qeyd edib ki, müsabiqəyə 20-yə yaxın yazı təqdim edilib. Müsabiqədə bakalavr, magistr və dissertantlar da daxil olmaqla, universitetdə təhsil alan, yaradıcılıq qabiliyyəti olan gənclər iştirak edib. Təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları mövzunun əhatə olunması, araşdırma və əsaslandırma, ifadə vasitələrinin zənginliyi ilə seçilib və daha çox tələbələrin yaradıcılıq istiqamətində axtarışları dəyərləndirilib.

 

Sonda qalib tələbələr mükafatlandırılıb. Qaliblər NDU-nun diplom və pul mükafatları ilə təltif ediliblər.