Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə “Cambridge University Press” nəşriyyatının mənbələrinə dair vebinar keçirilib.

 

Tədbirdə MEK-in əməkdaşları ilə yanaşı, AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabxana mütəxəssisləri iştirak ediblər.

 

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkə üzrə milli əlaqələndiricisi və MEK-in innovativ layihələr şöbəsinin rəhbəri Cəmilə Yusifova “EBSCO” məlumat bazasının yeni xidmətlərindən danışıb.

 

Sonra “EBSCO” informasiya xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz “Cambridge University Press” nəşriyyatı haqqında məlumat verib. Bildirib ki, nəşriyyat humanitar və sosial elmlər, texnologiya və tibb sahələri üzrə elmi resursların elektron variantlarını beynəlxalq dillərdə istifadəçilərə təqdim edir. O, nəşriyyata daxil olan yüksək indeksli jurnalların seçilməsi və qiymətləndirilməsi, bu sahədə əməkdaşlığın davamlı aparılması ilə bağlı məlumatları iştirakçılarla paylaşıb. Nəşriyyatın elmi bazasının Azərbaycan alimlərinin fəaliyyəti və onların elmi tədqiqatları üçün mühüm informasiya mənbəyi kimi zəruri olduğunu deyib.

 

Vebinarda “Cambridge University Press” nəşriyyatının təklif etdiyi xidmətlər və arxiv materiallarına onlayn çıxış imkanları müzakirə olunub, mövzu ətrafında suallar cavablandırılıb.