Lənkəran Dövlət Universitetinin (LDU)  kollektivi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının qonağı olub.

 

Teatrın direktoru Tofiq Heydərov yaradıcı kollektivlə sıx ünsiyyətə, əməkdaşlığa  görə universitet rəhbərliyinə minnətdarlıq edib. Son tamaşalardan, qastrol səfərlərindən söz açan direktor, həmçinin, respublikanın xalq artisti, Prezident mükafatçısı Qabil Quliyevin anadan olmasının 70 illiyinin bölgədə geniş qeyd ediləcəyini deyib.

 

LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov qarşılıqlı əməkdaşlığın, yaradıcılıq əlaqələrinin dinamik inkişafının hər iki tərəf üçün səmərəli olduğunu nəzərə çatdırıb. Rektor universitetdə “Tələbə teatrı” yaratmaq ideyasının reallaşması ilə əlaqədar peşəkar aktyorların dəstəyinin vacib olduğunu vurğulayıb.  N.İbrahimov 70 illik yubileyi münasibəti ilə respublikanın xalq artisti Qabil Quliyevi universitet kollektivi adından  təbrik edib, yubilyara təşəkkürnamə  və çiçək dəstələri təqdim olunub.

 

Rəsmi hissədən sonra qırğız yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” tragikomediyasına baxış keçirilib. Milli-mənəvi dəyərlərin aşınmasından bəhs edən tamaşa teatrsevərlər tərəfindən  alqışlarla qarşılanıb.