Lənkəran Dövlət Universitetində (LDU) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə elmi seminar keçirilib.

 

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamını yüksək dəyərləndirib. O bildirib ki, Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir və onun zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Professor ustad şairin zəngin ədəbi irsinin öyrənilməsində elmi müzakirələrin, seminarların əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb.

 

Sonra elmi seminarda LDU-nun professor-müəllim heyətinin “Nəsiminin təxəllüsü onun təriqət şeyxi olmasının sübutu kimi”, “Humanist şair”, “Nəsimi rus ədəbiyyatında”, “Hürifizm və Nəsimi hürufizminin simvollar sistemi”, “Nəsimi yaradıcılığında kamil insan və onun formalaşması ideyaları”, “Nəsimi poeziyasında şəxs adları”, “Nəsiminin dilində işlənmiş bəzi arxaik əvəzliklər haqqında”, “Nəsiminin dilində prosodik vasitələr”, “Xalq rəvayətlərinin zənginləşməsində Nəsimi şəxsiyyətinin rolu”, “Nəsimi Qərb dünyasında”, “Nəsimi yaradıcılığında kopeziya vasitələrinin linqvistik təhlili” və “Lənkəran ədəbi mühitində Nəsimi fəlsəfəsi” mövzularında  çıxışları dinlənilib.

 

Diskussiya və polemika şəraitində keçən seminarda Nəsiminin həyat və fəaliyyəti, bədii yaradıcılığı, dini-fəlsəfi görüşləri geniş müzakirə edilib.