Gəncə Dövlət Universitetində (GDU) “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib.

 

Tədbirdən öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalayıb. Sonrakı dönəmdə bu Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərə toxunan G.Fətəliyeva bildirib ki, Azərbaycan həmçinin, bu sahədə müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sənədlər, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, ölkəmizdə bu bəlaya qarşı görülən işlərin əyani göstəricisidir.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova vurğulayıb ki, Azərbaycanda narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı həyata keçirilən dövlət siyasətidir. Onun sözlərinə görə, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. 

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində Regional Şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Əhmədov isə qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. R.Əhmədov bildirib ki, narkotik vasitələrin insan orqanizmi üçün törətdiyi fəsadlar və təhdidlərlə bağlı əhali, o cümlədən azyaşlı və yeniyetmələrlə maarifləndirmə işini təşkil etmək daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin əsasını təşkil edir.

 

Tədbirdə Gəncə Şəhər 6 saylı Poliklinikanın Terapiya şöbəsinin müdiri Tükəzban Məmmədova, Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova, “Ümumi tarix” kafedrasının baş müəllimi Nərgiz Rəsulova və Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Çinarə Hümbətova çıxış ediblər.