Bakı Xoreoqrafiya Akademiyasının incəsənət fakültəsi tərəfindən bu təhsil ocağının 90 illik yubileyi çərçivəsində konsert proqramı təqdim edilib. Konsert Beynəlxalq Rəqs Gününə həsr olunub.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında təşkil edilən konsert “Azərbaycan süitası” ilə başlanıb. Rəqsin quruluşçu xoreoqrafı Xalq artisti Yusif Qasımov, solistləri Fatimə Alimova, Surac Qurbanovdur.

 

Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi Ruslan Hacıyevin quruluşunda Cahangir Cahangirovun “Süzən qızlar” rəqsi təqdim edilib. Rəqsi Nigar Hüseynova, Əməkdar artistlər Nigar Ramazanova və Nigar Şahmuradova ifa ediblər. Onların müəllimi Xalq artisti Təranə Muradovadır.

 

“Özünü tap” rəqsinin isə həm quruluşçu xoreoqrafı, həm də solisti III kurs tələbəsi Nərminə Vəkilova olub. Onun müəllimi Əməkdar artist Leyla Ağayevadır. Sübhan Abışov, Nurlan Rəsulov və Murad Kərimov “İgidlər” rəqsini təqdim ediblər. Onların rəhbəri Əməkdar müəllim Pellumb Aqalliyaydır.

 

Konsertdə sonra “Çin rəqsi”, “Tənha insan”, “Ölümlə tanqo”, “Oyanma”, “Qavalla rəqs” və digər nömrələr təqdim olunub.

 

Samirə KƏRİMOVA