“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir


“Məktəblinin dostu” layihəsi növbəti hesabatını verib. İki ildən artıq dövrü əhatə edən hesabat tədbiri 20 nömrəli məktəb-liseydə baş tutub. Məktəblinin dostları, psixoloqlar, millət vəkilləri, valideynlərin iştirakı ilə layihənin fəaliyyəti və onun nəticələri geniş müzakirə olunub. Layihənin rəhbəri Rüstəm Ağayev fəaliyyətləri dövründə gördükləri işlərdən danışıb.

 

Məlumat üçün qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər məktəblinin dostu fəaliyyət göstərir. Əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

 

Layihə genişlənir

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev “Məktəblinin dostu”  layihəsinin artmaqda olan nüfuzunu xüsusi qeyd edib. Onun sözlərinə görə, “Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 

Məktəblinin dostları deputatların nəzərində

 

Layihənin məktəblərdə fəaliyyəti və məktəb rəhbərliyi ilə münasibətləri tədbir iştirakçılarının marağına və geniş müzakirəsinə səbəb olub. Məktəblinin dostlarının məktəb rəhbərliyindən asılı olub-olmamasıyla maraqlanan deputat Çingiz Qənizadənin sualına cavab olaraq, layihə rəhbəri Rüstəm Ağayev onların məktəb rəhbərliyindən asılı olmadığını, hadisələr, problemlərlə bağlı birbaşa layihə rəhbərliyinə hesabat verdiklərini deyib.

 

BŞTİ müdiri Rəşad Tağıyev məktəblinin dostlarının məktəblərdə ilk vaxtlar böyük müqavimətlə qarşılandığını vurğulayıb: “Direktorlar qorxur, layihəni məktəbə buraxmaq istəmirdilər. Uzun müddət hər hansı problem qeydə alınmayan məktəblərdəki məktəblinin dostlarını layihənin olmadığı təhsil müəssisələrinə aparmaq istədik. Hazırda layihənin olduğu məktəblərin direktorları etiraz edərək məktəblinin dostlarının məktəbdən getməsinə razı olmurlar”.

 

BŞTİ rəhbəri hazırda mövcud olan tələbatı nəzərə alaraq “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndiriləcəyini deyib.

 

Millət vəkili Fazil Mustafa məktəbi şəffaf, açıq mühitə çevirmək baxımından təqdirəlayiq olduğunu desə də, layihənin genişləndirilməsinin mümkün olacağına inanmadığını qeyd edib: “Layihə məktəbə, məktəb direktorlarına nəzarət baxımından çox yaxşı layihədir. Belə bir layihənin məktəblərdə fəaliyyət göstərməsinə direktorlar mane olacaqlar. İnanmıram ki, onlar məktəbdə bu layihənin fəaliyyətinə dəstək versinlər”.

 

Millət vəkili Aydın Mirzəzadə isə layihəni yüksək qiymətləndirərək başqa məktəblərdə də genişləndirilməsinə dəstək verəcəyini söyləyib: “May ayında Milli Məclisdə keçiriləcək büdcə müzakirələrində “Məktəblinin dostu” layihəsinin bütün məktəblərdə tətbiqi ilə bağlı təklif irəli sürəcəyəm”.

 

 

Məktəblinin dostları valideynlərin gözündə

 

 

20 nömrəli məktəbdə I sinif şagirdi İnci Əsədi-Kuhanın valideyni Sima Əsədi-Kuhan məktəblinin dostlarının uşaqlara qayğısından danışıb. Uşaqlara qarşı çox diqqətli olduqlarını vurğulayan valideyn məhz onların sayəsində uşaqlarından nigaran qalmadıqlarını deyib. Məktəblinin dostları sayəsində uşağının məktəbə sürətlə adaptasiya olunduğunu, məktəbə həvəslə getdiyini söyləyib.

 

Tədbirdə iştirak edən 20 nömrəli məktəb-liseyin şagirdləri Gülnur və Leyla Ağakişiyevaların atası Əhməd Ağakişiyev məktəblinin dostlarının onun qızları ilə qurduğu dostluq münasibətindən danışıb: “Kiçik qızım Leyla su çiçəyi çıxarıb. Bu günlərdə dərslərdə iştirak etmir. Məktəblinin dostları hər gün ona zəng edir, halını soruşurlar. Qızımla çox səmimi münasibət qurublar. Məktəblinin dostları - Mətanət, Püstə, Kənanın adı evimizdə hər zaman hallanır”.

 

Gözü adlarını çəkdiyi məktəblinin dostlarını axtaran valideynə layihə rəhbəri R.Ağayev məlumat verib ki,  məktəblinin dostları bir məktəbdə daim qalmır. Adını çəkdiyi gənclər də artıq başqa məktəblərdə fəaliyyət göstərirlər: “Məktəblinin dostları kimi fəaliyyət göstərən gəncləri tez-tez dəyişdirib, başqa məktəblərə göndəririk. Düzdür, bu, müəyyən problemlər də yaradır. Uşaqlar sonradan dostlarını axtarırlar”.

 

Bu məqam da müzakirələrə səbəb olub. Əvvəlcə məktəblinin dostlarının məktəbi dəyişməsinin dostlaşdıqları şagirdlərə necə təsir etməsinin psixoloji tərəfləri ilə maraqlanan tədbir iştirakçıları sonradan layihə rəhbərliyini bu məsələ üzərində düşünməyə dəvət edib, məktəblinin dostlarının yerini tez-tez dəyişmələrinə ehtiyac olmadığını vurğulayıblar.

 

 

“Məktəblinin dostu”nun hədəfi böyüməlidir

 

 

Məktəblinin dostları məktəbdə təhlükəsiz mühit yaratsa da, bu, əsas məqsəd, hədəf olmamalıdır. Millət vəkili Fazil Mustafanın fikrincə,  məktəblinin dostları, sadəcə, təhlükəsizliyə xidmət etməməli, məktəblilərə bir sıra keyfiyyətlərin aşılanmasında fəal rol oynamalıdırlar: “İnsanlar məktəbi bitirəndən sonra yaddaşında onun məktəbdə təhlükəsizliyi ilə bağlı görülən tədbirlər qalmır. Ona görə də hədəfləri böyütmək lazımdır”.

 

F.Mustafanın fikrincə, “Məktəblinin dostu” layihəsinin maliyyə mənbəyi barədə də düşünməyin vaxtıdır: “Layihəni genişləndirmək, bütün məktəblərdə tətbiqinə başlamaq lazım gələrsə, büdcədən ayrılan vəsait çatmayacaq. Odur ki, özünümaliyyələşdirmənin yolunu tapmaq lazımdır. Büdcədən maliyyələşmək həmişə mümkün olmur”.

 

 

Ruhiyyə DAŞSALAHLI



Bölmənin digər xəbərləri