Zemfira Həsənova: “Həmişə birincilik iddiasında oluram”


Müxtəlif sahənin istedad sahibləri ilə  tez-tez təmasda olduğum, onların  haqqında məqalələr hazırladığım üçün gəldiyim qənaət əsas verir deyəm ki, əksər hallarda  bu cür sayılıb-seçilən  uşaq və yeniyetmələrin əxlaqi keyfiyyətləri  də  ürəkaçan olur. Əxlaq ruhun dildə və əməldə təzahürü  olan mənəvi  sərvətdir. Bu  ilahi hisslər   fitri istedad sahibləri olan uşaq və yeniyetmələrin  mənəviyyatlarına   hakim kəsiləndə  onlar  yaradıcılıq sahəsində  seçim məqamlarında  da  zərrəcə yanılmırlar, yəni zövqlə  istedad   həmrəy olur və bir-birini tamamlayır. Belə olan halda  rəqsə həvəsi böyük olanlar rəqslə, musiqi alətlərində ifa etməyi, rəssam  olmağı, yaxud ifaçılıq sənətinin sirlərinə yiyələnməyi qarşılarına məqsəd qoyanlarsa  bu sahələrlə məşğul olur və nailiyyətlər də  qazanırlar. Dünya miqyasında  məşhur olan  bütün korifey sənətkarların  tərcümeyi hallarına nəzər yetirsək söylədiklərimizin əyani şahidi olarıq. Elə bu gün müasir dövrün, müasir gəncliyin  parlaq bir nümunəsi  haqqında  hədsiz sevinclə  söhbət açmaq istədiyim yeniyetmə qız da  yüksək əxlaqi keyfiyyətləri ilə bərabər   fitri istedadı ilə də  seçilən  bir istedad sahibidir. Utancaq bir qız olduğu ilk baxışdan  hiss  olunurdu. Uğurları, müsbət göstəriciləri  barədə qəzetimiz üçün  dil açıb danışmağını  istədiyimi biləndə  əvvəlcə çox tutuldu,  sonra isə  yavaş-yavaş  qırışığı açılmağa başladı. Çoxlu  yaradıcı  yeniyetmələrlə  həmsöhbət olduğum üçün  təcrübəmdən ustalıqla bəhrələnə bildim  və deyəsən uğurlu da alındı. Bayaqdan  dilindən sözü güclə çıxara bildiyim həmsöhbətim  ürəyini istədiyi qədər boşaltdı. O, danışdıqca  sanki ürəyim  sərinlənir, əhvali-ruhiyyəm pərvazlanırdı.  Bəli, yeniyetmə bir qızla, kim bilir, bəlkə də gələcəyin tanınmış rəssamı ola biləcək  bir istedad sahibi  Zemfira Həsənova ilə  də beləcə  həmsöhbət olmağa başladıq və  sizlərə də həmin söhbəti təqdim etməyi məqbul saydıq.

 

 

Heç bir uğur asanlıqla qazanılmır

 

 

2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Üçüncü sinfə  qədər 82 nömrəli tam orta məktəbdə oxumuşam, hazırda isə  165  nömrəli tam orta məktəbin  7-ci  “a” sinfində  təhsil alıram. Bugünədək  qazandığım bütün  uğurlar gərgin əməyimin, çəkdiyim  əziyyətlərin  bəhrəsi olub.

 

Tam əmin olmuşam  ki,  həyatda asanlıqla heç nəyə nail olmaq mümkün deyil.  Və çəkdiyin əziyyətlər cavab  olaraq  sənə  saysız qələbələr bəxş edəndə insan özünü dünyanın ən xoşbəxti  sayır. 

 

Mən sevdiyim bir işlə məşğul oluram  deyə  zərrəcə yorulmuram, əksinə, daha çox çalışmaq  əzmində oluram. Gərək insan bəxt ulduzunun nə vaxtsa yanacağı anı  əllərini yanına salaraq oturub gözləməsin, o, öz  ulduzunu  özü öz  əlləri ilə yandırsın. Göydən üç  almanın düşəcəyini  gözləyən  kəs  heç vaxt o almaların birinə də sahib  çıxa bilməz.

 

 

İdmanı da çox sevirəm

 

 

Zərbəçiyəm. Ən çox sevdiyim fənlər. Riyaziyyat, fizika, kimya, coğrafiya, ingilis dili və rəsmdir. Hobbim isə  idmanın  basketbol növüdür. Uşaqlıqdan rəsm həvəskarı olmuşam. Atam mənə çoxlu rəngli  karandaşlar, albomlar, şəkilli kitablar alardı. Hələ uşaq bağçasında  olanda belə  rəngli   karandaşlar əlimdən düşmürdü.  Hazırda 3 nömrəli Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində rəsm dərnəyinin üzvüyəm.  Sevimli müəllimim  Nərmin Abdullayevadan  rəsm çəkməyin incəliklərini öyrənirəm.

 

 

300-ə yaxın rəsm əsərlərim var 

 

 

Rəsm çəkərkən qırmızı, çəhrayı, mavi, ağ, bənövşəyi və qara rənglərdən  daha çox istifadə edirəm. Ağ-qara rəsmlərsə mənim  hobbimdir. Bu rəsmlər daha  təbii, daha təsirli olurlar, heç bir bər-bəzəyi qəbul etmirlər. Ağ-qara rəsmlər mövzu əhatəsinə görə də fərqli olurlar, onlar həyatın  boyanmamış  üzüdür, dağ-dərə, çöl-çəmən, çay, meşə necə varsa elə də görünür və güclü də təsir gücünə malik olur.

 

Portret, naturmort , peyzaj janrlarında  indiyədək 300-ə yaxın rəsmlər çəkmişəm. Evdə gözəl bir emalatxanam var.  Ora  sözün həm məcazi, həm də elə tam mənasında  bir nağıllar  aləmini xatırladır. Rəsmlərimdən ibarət səliqəli bir guşə hazırlamışam. Nədənsə özümü  böyüyəndə dizayner kimi  də  görürəm. Bilmirəm, bəlkə də bu, bir xəyaldır, arzudur, nə isə... Bir az da mərkəzimiz barədə  danışmaq istəyirəm. Olduqca istedadlı dostlarım var  bizim yaradıcılıq mərkəzimizdə. Biz bir-birimizin bəhsinə  gecə-gündüz çalışırıq. Hamımızın birinci olmaq arzusu ilə  çalışmasının nəyi pisdir?! Bir-birimizin bəhsinə çalışmağımızın ən böyük xeyiri  bəlkə də o olur ki, biz kollektiv və fərdi surətdə istər respublikadaxili, istərsə də beynəlxalq yarışlarda, rəsm müsabiqələrində daim birincilər sırasında addımlayırıq. Buna görə həm də sevimli müəllimimiz, dərnək rəhbərimiz  Nərmin Abdullayevaya  təşəkkür edirik. 

 

 

İlk uğurum

 

 

Mənim rəsmlərim demək olar ki, həmişə birincilik qazanıb, sərgilərdə isə hamının diqqətini  cəlb edib. Bilirsinizmi niyə? Çünki mən onları əlimlə yox, ürəyimlə çəkirəm, bütün arzu və istəklərimi hopdururam  rəsmlərimin canına. Onlar az qala dil açıb danışacaqlar seyr edənlərlə. Bəlkə də danışırlar öz dillərində, bilmirəm. Mən tez-tez respublikada və beynəlxalq rəsm yarışmalarına  qatılıram və birinci  yerə layiq görülürəm. İlk uğuruma 2016-cı ildə imza atmışam. “Dostluğun sehri”  adlı  I beynəlxalq uşaq rəsm müsabiqəsində  qalib olaraq diploma  və medala layiq görüldüm. 2017-ci ildə də  “Dostluğun sehri” adlı II beynəlxalq uşaq rəsm müsabiqəsində iştirak etdim  və  rəsmlərim  münsiflər heyəti tərəfindən qaliblər cərgəsində təqdim olundu.

 

 

“Bayrağımız qürurumuzdur”

 

 

2017-ci ildə  Dövlət Bayraq Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” adlı sərgidə də iştirak etdim və  diplomla mükafatlandırıldım. Həmin il  məktəbimizdə  də “Bacarıqlı əllər” sərgi müsabiqə keçirilirdi. İnanın ki,  rəsmlərimə heyranlıqla baxırdılar. Hamı mənı alqışladı,  rənglərdən məharətlə istifadə etdiyimi  yüksək dəyərləndirdilər və ürəkdən bəyəndilər. Bu müsabiqədə də diplom qazandım. Diplomlarımın sayı artdıqca məsuliyyətim də artır. Həmin il  “Mənim Azərbaycanım” rəsm müsabiqəsində, 2018-ci ildə isə  akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş  “Ana-müqəddəslik zirvəsi” adlı sərgidə fəal iştirak etdiyimə görə fəxri fərmanlara layiq görüldüm.

 

 

Fərqli mövzular üzərində işləyəcəyəm

 

 

“Mənim arzularım”  rəsm sərgisində də münsiflər heyətinin alqışlarını, təbriklərini, xoş sözlərini qazandım. Hamı mənim rənglərdən ustalıqla istifadə etdiyimi vurğuladı  və yüksək dəyərləndirdi. Təvazökarlıqdan kənar olsa da bütün rəsmlərimdə təsvir etdiyim tabloda rənglərin köməyi ilə rəsmlərin xarakterini aça bilirəm, bunu  isə hər həvəskar rəssam bacarmır. Çünki burada yaradıcılıqla bərabər  təbiət elmlərini mükəmməl bilmək də tələb olunur. Savadsız rəssam  tamaşaçını  heç vaxt düşündürə bilməz, çünki rəsmin fəlsəfəsi dayaz olur. 

 

Məktəbimizdə  “Azərbaycan Demokratik Respublikasının 100 illiyi” münasibətilə təşkil olunan ilk rəsm müsabiqəsi keçirildi. Mən həmin müsabiqəyə öz  əsərlərimlə qatıldım və qalib adını qazandım. Sevincimdən sanki uçurdum. Zəhmətim göz önündə idi. Həmin gün  müəllimlərimə söz verdim ki, daha da  dərin, düşündürən , fərqli mövzular üzərində  işləyəcəyəm.

 

 

Müəllimlərimizə borcluyuq

 

 

2019-cu il  Bakı Kitab Mərkəzinin təşkil etdiyi “Novruzum” adlı müsabiqəyə    çoxlu sayda rəsm əsərimi  təqdim etdim. Həmin  rəsmlərin üzərində işləyərkən  fantaziyamdan kifayət qədər bəhrələnmişdim. Tamaşaçılara  rəsmlərim xüsusi zövq bəxş edirdi, onlar  rəsmlərimdən ayrıla bilmirdilər. İnanın ki, başqa  rəsmlərin qarşısında dayandıqları anlarda da uzaqdan da olsa rəsmlərimi yenə seyr edirdilər. Mənim ən böyük qələbəm də elə  bu idi. Bundan böyük sevinc hissləri yaşada bilən  hansı amil ola bilər mənim kimi yeniyetmə rəssam üçün? Bunun ardınca məktəbimizdə də keçirilən “Zəfər günləri” rəsm müsabiqəsinə də qatıldım və təbii olaraq qalib oldum.

 

Azərbaycanın  füsunkar gözəlliyindən doya bilmirəm. Vərəqdə, kətan üzərində təsvir etdiyimiz bütün rənglərin  ən gözəl, necə deyərlər, ən ətirlisi elə təbiətin özündədir, dağlarında, yamaclarında, ormanlarındadır. Mən də internetdə    rayonlarımızın  izlədiyim  gözəlliklərini  rəsmlərimdə təsvir etməyə çalışıram. Bundan böyük müəllim ola bilməz. Əgər mənim ilk müəllimim Nərmin Abdullayevadırsa, ikinci ustadımsa  ana təbiətim və onun rəng çalarları içində bərq vuran öz ahəngi, öz nəfəsi, öz  xarakteri olan  payızı, yayı, yazı, qışıdır. Qazandığım uğurların nəticəsidir ki, bu gün  Yaponiyada, Çexiyada, Rusiyada, Rumıniyada  keçirilən  beynəlxalq sərgilərdə  iştirak  edən qaliblərin sırasında mənim də adım çəkilir, oxuduğum məktəbin də, məşğul olduğum dərnəyin də. 

 

Zemfira danışır, mənsə coşqunluq hissi ilə onu dinləyirdim. Hələ çox  yarışmalar barədə  xatırlatmadığını söylədi, çoxunu artıq unutmuşam, dedi. Və sonda, hamısını sadalasam qəzetinizdə yer çatmaz, gülə-gülə deməyi də unutmadı ilk görünüşdə utancaq qız təəssüratı yaradan  bu yeniyetmə həmsöhbətim.

 

 

Sifai SƏFƏROVA