Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Şagirdlərin təşkil və idarə etdiyi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri, paytaxtın bütün rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri iştirak ediblər.

 

Əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 

Əsas məqsədi orta məktəb şagirdləri arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müvafiq nəticə çıxarmaq bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.

 

Paytaxt rayonları üzrə qalib olan şagirdlərdən-Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubatov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıqları referatları təqdim etdilər.

 

Konfrans çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şəbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında əvəzolunmaz rolu var.