Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq!” adlı könüllülər proqramının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Nazirliyin məsul şəxsləri, universitetin struktur bölmələrinin müdirləri, müəllim və tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan rektor, professor Cəfər Cəfərov bildirib ki, ADPU-nun tələbələri ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatında fəal iştirak edirlər. Bu , onların təcrübə qazanmalarına, vətəndaş kimi formalaşmalarına müsbət təsir edir. Rektor belə aktual mövzuda tədbirin keçirilməsinə görə ETSN-nin rəhbərliyinə təşəkkür edib.

 

Çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. ADPU-nun məzunu olmasından qürur duyduğunu bildirən F. Əliyev vurğulayıb ki, müəllim peşəsi şərəfli, müqəddəs və məsuliyyətli peşədir .Qeyd olunub ki, sağlam ruhun yaranmasında ətraf mühitin böyük rolu var. ETSN dövlətin vahid ekologiya siyasətini həyata keçirir. Bu təqdimatı keçirməkdə əsas məqsədimiz ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin miqyasının daha da genişləndirilməsidir.

 

ETSN-nin  Aparat rəhbəri Vüqar Kərimov çıxış edərək Nazirliyin strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.İctimaiyyətlə əlaqələr və  ekoloji təbligat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında tələbələri proqramın məqsədi, iştirak qaydaları, imkanları və gənclərin belə layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlandırıb. Tədbirdə proqramla bağlı tələbələrin  sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

 

Sonda rektor Cəfər Cəfərov tələbə-gənclərə “Təbiəti könüllü qoruyaq!” könüllülər proqramında fəal iştirak etməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.