Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birlikdə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi başa çatıb.

 

Azərbaycanda ilk dəfə keçirilən  müsabiqədə hər iki universitetin Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak edib.

 

Qeyd edək ki, açılışı 19 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutan müsabiqənin püşkatma məraismi aprel ayının 20-də, I turu 22-25 aprel, II turu isə 29-30 aprel tarixlərində ADMİU-nun əsas tədris korpusunda yerləşən “Vernisaj” zalında keçirilib. 81 namizəd arasından ən layiqliləri seçilərək növbəti mərhələyə buraxılıb. ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın layihəsi əsasında keçirilən müsabiqənin təşkilat komitəsi və münsiflər heyəti ADMİU və ADPU-da çalışan peşəkar mütəxəssislərdən ibarət olub. Münsiflər “solo” (alətlər üzrə), “duet və ya ansambl” (instrumental, vokal) və “müəllim-tələbə dueti” olmaqla üç nominasiya üzrə qalibləri müəyyən ediblər.

 

Mükafatlandırma və bağlanış mərasimi ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına sertifikatlarlar təqdim edib.

 

Sonra müsabiqənin qalibləri elan olunub. Müsabiqənin birinci mükafatını sahiblərinə təqdim etmək üçün ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov səhnəyə dəvət olunub. Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

 

Müsabiqə laureatlarının iştirakı ilə qala konsert də təqdim olunub. Konsertdə Q.Qarayevin “İnsan məskən salır”, “Prelüd № 7”, “Gənclik mahnısı”, Montinin “Çardaş”, E.Sabitoğlunun “Uzaq yaşıl ada”, Q.Sviridov “Vals”, E.Kurtisanın “Non Ti Seordar Di Me”, P.Bülbüloğlunun “Döyüşçülərin rəqsi”, S.Raxmaninovun “Prelüd № 5”, U.Hyustonun “Mən həmişə səni sevəcəyəm”, A.Piazollanın “Libertango” əsərləri, həmçinin “Heyratı” zərb muğamı səslənib.